İQTİSADİYYAT
Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri şirkətləri arasında əlaqələrin genişləndirilməsi müzakirə olunub
Bakı, 28 noyabr, AZƏRTAC
Azərbaycanın ixrac missiyası Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərindədir. Missiyaya ölkəmizdə meyvə şirələri, təbii mineral sular, meyvə-tərəvəz məhsulları, ət və ət məhsulları, bal, süd və süd məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən 20 şirkətin nümayəndəsi daxildir.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, səfərin ilk günü Azərbaycan şirkətlərinin təmsilçiləri Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və “Dubay Exports”un təşkilatçılığı ilə ikitərəfli görüşlər keçiriblər. İyirmiyə yaxın Birləşmiş Ərəb Əmirlikləri şirkətinin nümayəndəsinin iştirak etdiyi görüşlərdə Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri şirkətləri arasında əlaqələrin genişləndirilməsi, Birləşmiş Ərəb Əmirliklərinə ixrac imkanlarına dair müzakirələr aparılıb. Şirkətlərimiz istehsal etdikləri keyfiyyətli və rəqabətqabiliyyətli məhsullar barədə məlumat veriblər.
Noyabrın 29-da isə Azərbaycan iş adamları Dubayın “Carrefour”, “Spinneys”, “Union Co-op” kimi iri marketlər şəbəkələrində olacaqlar.
Qeyd edək ki, “Made in Azerbaijan” brendinin təşviqi məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən təşkil olunmuş sayca ikinci ixrac missiyasının Dubaya səfəri noyabrın 30-dək davam edəcək.