CƏMİYYƏT
Azərbaycan və Türkiyə arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq üzrə Birgə Daimi Komissiyanın işçi heyətinin toplantısı keçirilib
Bakı, 1 fevral, AZƏRTAC
Xəbər verildiyi kimi, Türkiyə Respublikasının əmək və sosial müdafiə naziri xanım Jülide Sarıeroğlunun başçılıq etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, səfər proqramına uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Türkiyə Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyi arasında Əmək və sosial müdafiə sahəsində əməkdaşlıq üzrə Birgə Daimi Komissiyanın işçi heyətinin toplantısı keçirilib.
Tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev iki nazirlik arasında əlaqələrin inkişafından bəhs edərək əmək və sosial müdafiə sahəsində əməkdaşlıq üzrə Birgə Daimi Komissiyanın fəaliyyətinin bu sahədə mühüm rolu olduğunu söyləyib və hər iki nazirliyin fəaliyyət sahələrində aparılan işlərlə, xüsusən həyata keçirilən islahatlar və tətbiq olunan innovativ yeniliklərlə əlaqədar ikitərəfli təcrübə mübadilələrinin getdikcə genişlənməsinin əhəmiyyətini qeyd edib. Son illərdə Azərbaycanın əmək və sosial müdafiə sahələrində aparılan sistem xarakterli islahatlar, həyata keçirilən aktiv əmək bazarı proqramları barədə məlumat verən nazir müavini işçi heyətləri səviyyəsində keçirilən görüşün gələcək əməkdaşlıq istiqamətlərinin müəyyən olunması baxımından xüsusi əhəmiyyət kəsb etdiyini bildirib.
Türkiyə Respublikasının əmək və sosial müdafiə nazirinin müavini Əhməd Ərdem ötən dövrdə iki nazirlik arasında formalaşan uğurlu əməkdaşlıq əlaqələrinin qarşıdakı dövrdə davam etdirilməsi və daha da genişləndirilməsinin məqsədəuyğun olduğunu vurğulayıb. O, ölkəmizdə qurulan elektron sistemlərin müvafiq sahələrdə müasir, səmərəli, şəffaf idarəetmə və iş mexanizmlərinin qurulması baxımından xüsusi əhəmiyyətini diqqətə çatdırıb.
Toplantıda ötən dövrdə əməkdaşlıq sahəsində görülmüş işlərə toxunulub, əlaqələrin inkişafı baxımından qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub və gələcək əməkdaşlıq istiqamətlərinin müəyyən edilməsi üzrə təkliflər nəzərdən keçirilib.
Tədbir çərçivəsində ölkəmizdə əmək və sosial müdafiə, sığorta-pensiya, əlilliyin qiymətləndirilməsi sahələrində yaradılan və mötəbər beynəlxalq qurumlar tərəfindən mütərəqqi təcrübə nümunələri kimi qəbul edilərək təbliğ olunan elektron sistemlər (Əmək müqaviləsi bildirişi üzrə Elektron İnformasiya Sistemi, Pensiyaların avtomatlaşdırılmış təyinatı sistemi, Fərdi uçot sistemi, Ünvanlı dövlət sosial yardımı üzrə Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi, Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sistemi) barədə Türkiyə nümayəndə heyətinin üzvləri üçün təqdimatlar edilib.