ELM VƏ TƏHSİL
Azərbaycan və Türkiyə universitetlərinin əməkdaşlıq imkanları müzakirə edilib
Bakı, 3 dekabr, AZƏRTAC
Azərbaycan Universitetində Türkiyənin İstanbul Kültür Universitetinin nümayəndələri ilə görüş keçirilib.
Azərbaycan Universitetindən AZƏRTAC-a bildiriblər ki, görüşdə bu ali məktəbin rektorunun müşaviri, magistratura və doktorantura şöbəsinin müdiri Nüşabə Quliyeva, beynəlxalq əlaqələr şöbəsinin müdiri Bəxtiyar Bədəlov və xarici dillər kafedrasının müdiri Samirə Məmmədova, İstanbul Kültür Universitetinin beynəlxalq əlaqələr şöbəsinin əlaqələndiricisi Seçkin Taygun Altıntaş və şöbənin mütəxəssisi Kübra Mertel iştirak ediblər.
Görüşdə tərəflər təmsil etdikləri ali təhsil müəssisəsinin tarixi, fəaliyyəti, maddi-texniki bazası, tədris olunan ixtisaslar, tələbələrə yaradılan imkanlar haqqında məlumat verib, “Erasmus+” proqramı çərçivəsində əməkdaşlıq imkanları, beynəlxalq kredit mobilliyi və qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Əməkdaşlıq imkanlarının müzakirə olunduğu görüşdə müasir dövrdə beynəlxalq əlaqələrin gücləndirilməsinin, ali təhsil müəssisələrinin beynəlxalq rəqabət qabiliyyətinin artırılmasının əhəmiyyəti vurğulanıb.
Qonaqlara Azərbaycan təhsilinin prioritetləri haqqında da məlumat verilib.