İQTİSADİYYAT
Azərbaycan və Ukrayna arasında elektron imzaların qarşılıqlı tanınması layihəsi müzakirə edilir
Kiyev, 11 sentyabr, AZƏRTAC
Azərbaycan və Ukrayna arasında elektron imzaların qarşılıqlı tanınması layihəsi müzakirə edilir.
Azərbaycan ilə Ukrayna arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq mövcuddur. Son müzakirə etdiyimiz layihə elektron imzaların qarşılıqlı tanınması məsələsidir. Bunu AZƏRTAC-a məxsusi açıqlamasında nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.
Nazir müavini hesab edir ki, Azərbaycan bu sahədə Ukrayna ilə əməkdaşlıq edə bilər. Onun sözlərinə görə, eyni zamanda, Ukrayna Azərbaycanın elektron hökumət təcrübəsinə maraq göstərir. Bu il ərzində Ukrayna nümayəndə heyəti elektron hökumət təcrübəsinin öyrənilməsi məqsədilə Azərbaycana səfər edib və ikitərəfli müzakirələr aparılıb.
E.Vəlizadə qeyd edib ki, Azərbaycan və Ukrayna arasında kosmik sahədə qarşılıqlı təcrübənin öyrənilməsi sahəsində də maraq mövcuddur. Bu məsələ ilə bağlı hazırda müzakirələr aparılır.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev