QAN YADDAŞI
Azərbaycan xalqının iradəsi onun milli azadlıq uğrunda mübarizəsini boğmağa imkan vermədi
Bakı, 18 yanvar, AZƏRTAC
Bakı Şəhər Baş Polis İdarəsində 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi anılıb.
İdarədən AZƏRTAC-a bildiriblər ki, anım mərasimi Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canlarından keçmiş qəhrəmanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə çıxış edən Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Elxan Həsənov bildirib ki, 20 Yanvar faciəsi Azərbaycan xalqının milli azadlıq uğrunda mübarizəsini boğmaq, ona mənəvi zərbə vurmaq məqsədi daşıyırdı, ancaq xalqın iradəsi buna imkan vermədi.
Sonra Baş İdarə rəisinin şəxsi heyətlə iş üzrə böyük köməkçisi, polis polkovniki Əli Vəliyev Azərbaycan xalqına qarşı xüsusi amansızlıqla törədilmiş faciənin tarixi səbəbləri və onun doğurduğu nəticələr barədə məruzə ilə çıxış edib. Qeyd edilib ki, iyirmi doqquz il əvvəl yanvarın 19-dan 20-nə keçən gecə döyüş meydanını xatırladan Bakıda ölçüyəgəlməz dağıntılar törədilib, televiziyanın enerji bloku partladılıb, inzibati və yaşayış binalarına, nəqliyyat vasitələrinə ciddi ziyan vurulub. İnsanlıq simasını itirmiş hərbi canilər yaralıları çıxaran təcili tibbi yardım maşınlarını belə atəşə tutublar. Nəticədə Bakıda və respublikanın rayonlarında 147 nəfər öldürülüb, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz olaraq həbs edilib.
Diqqətə çatdırılıb ki, insanlığa qarşı ən böyük cinayətlərdən biri olan 20 Yanvar qırğınını nə qədər böyük ağrı hissi ilə xatırlasaq da, xalqımızın azadlıq uğrunda mübarizə əzminin yenilməzliyindən böyük qürur hissi də keçiririk. Çünki 20 Yanvar hadisələri ayrı-ayrı insanların deyil, bütöv bir xalqın taleyidir. Azərbaycanın müstəqilliyini bərpa etməsi şəhidlərin qanının yerdə qalmadığını göstərdi. Ümidsiz qaldığımız o ağır günlərdə imperiyanın paytaxtından eşidilən bir səs qəlblərdə azadlıq eşqini coşdurdu, işıqlı sabahımıza ümidlərimizi artırdı. Bu, ulu öndər Heydər Əliyevin səsi idi. Səhhətindəki problemlərə, ona qarşı təhlükələrə baxmayaraq, ümummilli lider Heydər Əliyev bir daha xalqının imdadına yetişdi, səsinə səs verdi. Faciənin səhəri günü - yanvarın 21-də ümummilli lider Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedib öz etiraz səsini ucaltdı, hadisəyə siyasi-hüquqi qiymət verilməsi də məhz Ulu Öndərin yenidən hakimiyyətə qayıdışı dövründə mümkün oldu.
Sonda polis general-mayoru Elxan Həsənov Yanvar qırğınının şahidi kimi ölkədə yaşanan ağır günləri xatırladıb, o günlərin хаlqımızın tarixində həm faciə, həm də qəhrəmanlıq səhifəsi kimi yаşаyacağını bildirib.