CƏMİYYƏT
Azərbaycan xalqının rifahı sosial paketlərlə nəzərdə tutulmuş qanunların qəbulu ilə bağlıdır
Bakı, 15 yanvar, AZƏRTAC
Məlum məsələdir ki, 2020-ci il məhz müharibə və qalibiyyət ili kimi tarixə düşdü. Ötən il, yəni postmüharibə dövrü isə əsasən sosial məsələlərin inkişaf etdirilməsi və həmin istiqamətdə atılan addımlarla yadda qaldı. Mühüm məsələlərdən biri odur ki, ölkə başçısının daxili və xarici siyasətində əsas prioritet ərazi bütövlüyümüzün təmini, suverenliyin tam bərpası, eyni zamanda, hər bir Azərbaycan vətəndaşının rifahıdır. Azərbaycan xalqının rifahı da sosial paketlərlə nəzərdə tutulmuş qanunların qəbulu ilə bağlıdır. Həm qazilər, həm də şəhid ailələri ilə bağlı məsələlər, bundan başqa, onların məşğulluğu, mənzillə təmin edilməsi dövlətin diqqət mərkəzindədir.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Arzu Nağıyev deyib.
Deputatın sözlərinə görə, digər mühüm məsələ həssas təbəqənin tam şəkildə özünün həyat tərzinin bərpası üçün qəbul ediləcək qanunlardır: “Təbii ki, paralel olaraq həm təqaüdçülərin, həm hərbçilərin, həm də digər kontingentin məvaciblərinin artırılması, təqaüdlərinin artırılması mühüm addım kimi dəyərləndirilməlidir. Ötən ilin sonlarında sosial islahatların yeni mərhələsinə qədəm qoyduq. Belə ki, 2021-ci ilin dekabr ayında Prezident İlham Əliyevin imzaladığı yeni fərman və sərəncamlar sosial islahatların 2,1 milyon insanın rifahına dəstək olan və illik əlavə 1,5 milyard manat vəsait ayrılmasını nəzərdə tutan növbəti mərhələsi oldu. Belə ki, minimum aylıq əməkhaqqı artırılaraq 250 manatdan 300 manata çatdırıldı. Bu artım dövlət sektoru üzrə 400 min, özəl sektor üzrə də 400 min nəfər olmaqla, 800 min işçini əhatə edir. Ümumilikdə son üç ildə minimum aylıq əməkhaqqı 2,3 dəfə artırılaraq 130 manatdan 300 manata çatdırılıb. O cümlədən bir sıra sahələrdə əməkhaqqı orta hesabla 20-40 faiz artırıldı. Həmçinin 732 min şəxsi əhatə edən müavinət və təqaüdlərdə növbəti artımlar edildi. Yeni artımlara istinadən qeyd etmək olar ki, 2018-2022-ci illərdə müavinət və təqaüdlərdə orta hesabla 2,5-3 dəfə artım baş verib. 2022-ci il də belə olacaq və təkcə həssas təbəqə deyil, eyni zamanda, əmək qabiliyyətini itirmiş şəxslər də sosial islahatların bir parçası olacaqlar. Buna görə də çox mühüm qanunlar qəbul olunub. Məşğulluq məsələsinin tənzimlənməsi məqsədilə yeni iş yerlərinin açılması ən mühüm, ən ümdə məsələlərdən biridir. Çünki hər bir insan ixtisasına, peşəsinə uyğun olaraq məşğulluqla təmin olunmalıdır. Paralel olaraq iş yerlərinin açılması, həm də hər bir vətəndaşın rifahı deməkdir. Yəni bu istiqamətlər yenə prioritet istiqamət olaraq qalır. Biz bunun təzahürlərini də görürük”.