HEYDƏR ƏLİYEV - 100


Azərbaycançılıq ideologiyası Vətən müharibəsi dövründə milli birliyimizin təmin olunmasında əsaslı rol oynadı

Beyləqan, 29 mart, Tahir Ağaməmmədov, AZƏRTAC

Beyləqan rayonu ərazisindəki Xocavənd qəsəbəsində “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi” mövzusunda konfrans keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransda çıxış edən Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, Yeni Azərbaycan Partiyası Xocavənd rayon təşkilatının sədri Vüsal Hüseynov, Salakətin kənd tam orta məktəbinin tarix müəllimi, Əməkdar müəllim Telli Alıyeva, Qaradağlı kənd tam orta məktəbinin müəllimi Xəyalə Əhmədzadə və başqaları Ulu Öndər Heydər Əliyevin fədakarlığı, cəsarəti və uzaqgörənliyi sayəsində dövlətçiliyimizin və müstəqilliyimizin böyük fəlakətdən xilas olmasından, dahi rəhbərin hər zaman milli ideologiyanı və azərbaycançılıq məfkurəsini hər şeydən üstün tutmasından, dünya azərbaycanlılarının vahid milli ideologiya ətrafında birləşdirilməsi istiqamətindəki əvəzsiz xidmətlərindən danışıblar.

Bildirilib ki, Ümummilli Lider Heydər Əliyev azərbaycançılıq məfkurəsinin, azərbaycançılıq ideyasının banisidir. Dahi rəhbərin müəllifi olduğu, sistemləşdirdiyi azərbaycançılıq ideologiyası təkcə bu ölkənin ərazisində yaşayan insanları yox, eyni zamanda, bütün dünyada məskunlaşan azərbaycanlıları əhatə edir. Ümummilli Liderimizin ideya və prinsiplərinə sadiq qalan Prezident İlham Əliyevin Ulu Öndərin siyasətini uğurla davam etdirməsi nəticəsində həmvətənlərimizin birlik və həmrəyliyi daha da möhkəmlənib. Azərbaycançılıq ideologiyası Vətən müharibəsi dövründə də milli birliyimizin təmin olunmasında əsaslı rol oynadı. Xalqımız Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yumruq kimi birləşərək, 30 il işğal altında olan torpaqlarımızı azad etdi.

Tədbirdə sovet hakimiyyəti dövründə respublikanın təhlükəsizlik orqanlarına (Dövlət Təhlükəsizlik Komitəsi) rəhbərlik edən Ulu Öndərin bilavasitə səyi nəticəsində xalqımıza qarşı erməni təxribatının qarşısının alınması və cinayətkarların cəzalandırılması ilə bağlı hadisələri özündə əks etdirən “Qalxan və Qılınc” filmi nümayiş olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.