CƏMİYYƏT
Azərbaycanda COVID-19-un “omikron” ştamının müəyyən edilməsi ilə bağlı tədqiqatlar aparılır
Bakı, 6 yanvar, AZƏRTAC
Azərbaycanda SARS-CoV-2 virusunun genetik xüsusiyyətlərinin müəyyən edilməsi məqsədilə Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Tibbi Genetika bölməsində sekvenləşdirmə çalışması aparılır. Çalışma nəticələrinə əsasən, ölkədə indiyədək yeni növ koronavirus (COVID-19) infeksiyasının “omikron” ştamı aşkar edilməyib.
AZƏRTAC xəbər verir ki, bu barədə Milli Hematologiya və Transfuziologiya Mərkəzindən məlumat verilib.
Qeyd olunub ki, həmin çalışmada sanitar-epidemioloji xidmətin araşdırmasına əsasən, xaricdə yoluxduğu müəyyən edilmiş, COVID-19 PCR müayinə nəticəsi pozitiv çıxmış şəxslərin test nümunələri üstünlük təşkil edir. Həmçinin “omikron” ştamının aşkar edilməsi məqsədilə xəstəliyə təkrar yoluxmuş vətəndaşlar, eləcə də təsadüfi seçim əsasında COVID-19 PCR test nəticəsi pozitiv olanların nümunələri də tədqiq edilir. Tədqiqat nəticəsində “omikron” variantı ilə eynilik təşkil edən nəticələr aşkar edilməyib.