İQTİSADİYYAT


Azərbaycanda dünyada ilk dəfə onlayn vahid ixrac ərizəsi yaradılıb YENİLƏNİB

Bakı, 14 fevral, AZƏRTAC

Azərbaycanda dünyada ilk dəfə onlayn vahid ixrac ərizəsi yaradılıb.

AZƏRTAC xəbər verir ki, bununla bağlı fevralın 14-də İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində keçirilən təqdimat mərasimində "Azexport" portalının meneceri Zaur Qardaşov yeni sistem haqqında ətraflı məlumat verib. Bildirilib ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi yeni xidməti Rəqəmsal Ticarət Qovşağı və "Azexport" portalı vasitəsilə həyata keçirəcək. Sahibkarlar vahid ixrac ərizəsini onlayn qaydada doldurmaqla məhsullarını daha asan ixrac edə biləcəklər.

Z.Qardaşov deyib ki, yeni elektron xidmət sahibkarların ixrac etdikləri məhsulları onlayn vahid ərizə əsasında müraciət etməklə ixrac üçün tələb olunan bütün icazə sənədlərinin əldə edilməsi, o cümlədən elektron gömrük bəyannaməsinin doldurulması və ixrac təşviqi məbləğinin alınmasını özündə birləşdirir. Vahid ixrac ərizəsinin doldurulması sistemi intellektual məntiqə əsaslanaraq qurulub. Yəni istifadəçi özü haqqında minimal məlumatları daxil edir. Sahibkar bu məlumatları yalnız bir dəfə daxil etməklə (məsələn: malın adı və ixrac ölkəsi) digər zəruri məlumatlar, o cümlədən idxal ölkəsi üçün tələb olunan sənədlər sistem tərəfindən avtomatik müəyyənləşdirilir və ərizəçiyə təqdim edilir. Sonrakı mərhələdə ərizəçinin razılığı əsasında elektron vahid ixrac ərizəsi formalaşır və tələb olunan icazələrin alınması üçün sistem tərəfindən müəyyənləşdirilmiş iştirakçılara (dövlət qurumlarına) ünvanlanır.

"Yeni sistemin işə salınması ixrac prosedurlarının icrasında məmur-sahibkar təmasını minimuma endirəcək, sənədlərin icra müddətini bir neçə dəfə azaldacaq, bölgələrdəki sahibkarlar üçün icazələrin alınması proseduru daha rahat olacaq. Vahid ərizə konsepsiyası əsasında bütün ixrac icazələrinin əldə edilməsi xidməti hazırda dünyanın heç bir ölkəsində təqdim edilmir", - deyə Z.Qardaşov diqqətə çatdırıb.

Vahid ixrac ərizəsi ilə tanış olmaq üçün sahibkarlar https://dth.azexport.az/ ünvanına müraciət edə bilərlər.

Qeyd edək ki, ixracda tələb olunan icazələrin, ixrac gömrük bəyannaməsinin və ixrac təşviqinin vahid elektron ərizə əsasında verilməsi Prezident İlham Əliyevin "Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Fərmanında nəzərdə tutulub.

Xatırladaq ki, Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı Prezident İlham Əliyevin "Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycanın mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Fərmanı, "Azexport.az" portalı isə "Azərbaycan Respublikasında istehsal olunan malların vahid məlumat bazasının yaradılması haqqında" Sərəncamı əsasında yaradılıb. Hər iki layihənin operatoru İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.