CƏMİYYƏT
Azərbaycanda gənclərin məşğulluğunun artırılması ilə bağlı ilk elektron portalın təqdimatı olmuşdur VİDEO
Bakı, 28 fevral (AZƏRTAC, Aidə Quluzadə). Fevralın 28-də 1 saylı “ASAN xidmət” mərkəzində Azərbaycanda gənclərin məşğulluğunun artırılması ilə bağlı ilk və vahid MyCV.az elektron portalının təqdimatı olmuşdur.
AZƏRTAC xəbər verir ki, təqdimat mərasimində “ASAN Könüllüləri Gənclər Təşkilatı” İctimai Birliyinin sədri Fərid Sadıxlı çıxış edərək bildirmişdir ki, yeni portalın yaradılmasında məqsəd gənclər, dövlət qurumları və özəl təşkilatlar arasında innovativ imkanlardan istifadə edərək texnoloji körpünün qurulması və vahid şəbəkə ilə gənclərin işə qəbul olunmalarının təmin edilməsidir. Bildirilmişdir ki, MyCV.az portalı “ASAN Könüllüləri Gənclər Təşkilatı” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə hazırlanmışdır.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin insan resursları və təlim şöbəsinin müdiri Elvin Paşayev gənclərin məşğulluğunun artırılmasında dövlət siyasəti və “ASAN xidmət”in rolundan danışmışdır.
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev ölkəmizdə həyata keçirilən uğurlu gənclər siyasəti, Fondun layihələri haqqında məlumat vermişdir.
Bildirilmişdir ki, yeni portal video tövsiyələr, test imtahanı, CV bölmələrindən ibarətdir.
Portalın əsas məqsədi tələbələrin və yeni məzun olmuş gənclərin karyerasını planlaşdırmalarına dəstək olmaq, innovativ üsullardan istifadə etməklə onları işə qəbul prosesinə hazırlamaq, dövlət qurumlarına qəbul qaydalarının populyarlaşdırılması və onlara əməl olunmasının təminində vətəndaşlara və müvafiq dövlət qurumlarına kömək göstərmək, eləcə də iş axtaran gənclərin bilik və bacarıqlarının inkişafında onlara yardım etməkdir.