CƏMİYYƏT
“Azərbaycanda məişət zorakılığı qurbanlarına dəstəyin gücləndirilməsi" layihəsi çərçivəsində təlimlərə start verilib
Bakı, 19 oktyabr, AZƏRTAC
Oktyabrın 19-da “Azərbaycanda məişət zorakılığı qurbanlarına dəstəyin gücləndirilməsi” Tvininq layihəsi çərçivəsində beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə jurnalistlər üçün təlimlərə start verilib.
AZƏRTAC xəbər verir ki, Avropa İttifaqının maliyyə dəstəyi ilə təşkil edilən təlimlər Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK), Medianın İnkişaf Agentliyi və Bakı Dövlət Universitetinin birgə əməkdaşlığı çərçivədində keçirilir.
Tədbirdə çıxış edən Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov zorakılıq hallarının cəmiyyətə çatdırılmasının çox vacib olduğunu bildirib. Qeyd edib ki, zorakılıq hallarının cəmiyyətə təqdim edilməsi üzrə maarifləndirmə yüksək səviyyədə həyata keçirilməlidir. “Düşünürük ki, tvinninq layihələrinin uğuru çox olacaq. Eyni zamanda, dünyada medianın problemə yanaşması təcrübəsini görəcək və bundan gələcəkdə də istifadə edəcəyik. MEDIA Agentliyi gələcəkdə də bu tədbirlərdə dəstəyini verməyə hazırdır. Çünki kommunikasiyanın yaranması üçün media əsas amildir”, - deyə icraçı direktor bildirib.
Təlimlərin təşkilində məqsəd məişət zorakılığı ilə bağlı qabaqlayıcı tədbirlərin görülməsi istiqamətində jurnalistlər, müxbirlər və jurnalistika fakültəsinin tələbələri üçün bununla bağlı məlumatların, xəbərlərin düzgün işıqlandırılması, ictimaiyyətə dəstək mexanizmlərinə dair lazımi məlumatların çatdırılması, eləcə də gender bərabərliyi və gender əsaslı zorakılıq barədə biliklərin artırılmasıdır.
Layihə çərçivəsində təlimləri Litva və Avstriyadan olan ekspertlər aparacaqlar.
Təlimlər oktyabrın 22-dək davam edəcək və sonda iştirakçılara sertifikatlar veriləcək.