CƏMİYYƏT
Azərbaycanda qadın sahibkarlığının inkişafı məsələləri müzakirə olunub
Bakı, 15 iyun, AZƏRTAC
Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının üzvləri ilə görüş keçirib.
Ombudsman Aparatından AZƏRTAC-a bildiriblər ki, görüş zamanı sahibkar qadınları maraqlandıran məsələlər barədə müzakirə aparılıb. Sosial layihələrdə iştirak, sahibkarlıqla məşğul olan qadınların üzləşdiyi çətinliklər, onların həlli yolları, qadın sahibkarlığının inkişafı istiqamətində meydana çıxan məsələlər əsas müzakirə mövzuları olub.
Səbinə Əliyeva Assosiasiya üzvlərini narahat edən əsas məsələlərlə tanış olub, ombudsmanın səlahiyyətləri çərçivəsində qadın sahibkarlığının inkişafı, sahibkarların hüquqlarının müdafiəsi sahəsində fəaliyyəti, habelə Ombudsman təsisatı nəzdində fəaliyyət göstərən biznes və insan hüquqları üzrə işçi qrup haqqında məlumat verib.
Sonda qeyd edilən sahədə mövcud problemlərin vaxtında aradan qaldırılması məqsədilə sahibkarlıq fəaliyyəti ilə məşğul olan qadınlarla davamlı məsləhətləşmələrin aparılmasının vacibliyi vurğulanıb.