CƏMİYYƏT
Azərbaycanda şəhid ailələrinin, müharibə əlillərinin problemləri daim diqqət mərkəzindədir
Bakı, 25 iyul, AZƏRTAC
Azərbaycan dövləti ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan, yaralanan, zərərçəkən insanların sosial müdafiəsi istiqamətində bütün resurslarından istifadə edir. Bu sahədə işlər hər il artan xətt üzrə inkişaf edir. Ötən illərdə olduğu kimi bu ildə biz bu sahədə çox böyük işlərin şahidi oluruq. Koronavirus pandemiyası bütövlükdə dünya iqtisadiyyatına, o cümlədən Azərbaycan iqtisadiyyatına da mənfi təsirlər göstərmişdir. Lakin buna baxmayaraq, Prezident İlham Əliyev bu il də ölkəmizdə heç bir sosial layihənin dayandırılmayacağını elan etdi. Bu bir daha dövlətimizin başçısının Azərbaycan insanına verdiyi dəyərin göstəricisidir.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Şahin İsmayılov deyib.
Deputat bildirib ki, dövlətimizin başçısının bir başa diqqəti ilə son illər ərzində 8 mindən çox şəhid ailəsi, müharibə əlili mənzillərlə təmin edilib və 7 minə yaxın avtomobil verilibdir. Bu il ərzində də 1500 şəhid ailəsinin mənzillərlə təmin edilməsi nəzərdə tutulub. Xüsusi qeyd etmək lazımdır ki, bu mənzillər, həmçinin yüksək səviyyədə təmir olunaraq vətəndaşlarımızın ixtiyarına verilir. Bundan başqa həm də bu il 400 avtomobilin verilməsi də nəzərdə tutulub ki, düşünürəm bu da öz-özlüyündə kifayət qədər böyük rəqəmdir. Sosial xərclərin sırasında şəhid ailələrini, müharibə əlillərini, müharibə veteranlarını, məcburi köçkünləri əhatə edən çox böyük proqramlar icra olunmaqdadır.
“2020-ci ildə 7 mindən çox məcburi köçkün ailəsi mənzillərlə təmin ediləcəkdir. Sevindirici hal ondan ibarətdir ki, dövlətin bu sahədə gördüyü işlərə özəl şirkətlər də dəstək verməkdədir. Yerli şirkətlərimizdən olan “Kapital Bank” bu il 68 mənzili öz vəsaiti hesabına inşa edərək bu qrupdan olan insanlara təqdim edib. “Paşa Holdinq” isə Qobu qəsəbəsində məcburi köçkünlər üçün 3 şəhərcik inşa edib və orada artıq 4 minə yaxın köçkün ailəsi məskunlaşıb. Bu, həm də çox gözəl bir həmrəylik nümunəsidir. Ötən il biz, həmçinin müavinətlərin artırılmasının da şahidi olduq. Belə ki, şəhid ailələrinin müavinəti 20 faiz, köçkünlər üçün müavinətlər 50 faiz, bəzi müavinətlər isə 100 faiz artırılıb. Bu il isə pensiyalar orta hesabla 27 faiz, orta əməkhaqqı 25 faiz artıb. Bu il 90 min insanın ödənişli ictimai iş yerləri ilə təmin edilməsi nəzərdə tutulub. Qlobal pandemiya dövründə də Azərbaycan dövləti öz daxili imkanları hesabına əhalinin sosial həssas qruplarına, həmçinin sahibkarlara kifayət qədər böyük dəstək göstərib. Eyni zamanda, yeni modul tipli xəstəxanalar tikilib, xəstələr dərmanlarla təchiz edilib, bir neçə xarici ölkədən mütəxəssislər, həkimlər ölkəmizə dəvət edilib. Azərbaycan dövləti öz vətəndaşlarının qayğısına hər zaman qalır və bu istiqamətdə işlərin miqyası hər il genişlənir. Bu da təsadüfi deyil. Çünki Azərbaycanda ölkə siyasətinin mərkəzində Azərbaycan vətəndaşına qayğı durur. Hər bir ölkə vətəndaşı bu və ya digər formada Azərbaycan vətəndaşının qayğısını hiss edir. Bunun üçün isə güclü iqtisadiyyat, siyasi iradə və vətənə sevgi gərəkdir. Biz bütün bu xüsusiyyətləri Prezidenti İlham Əliyevin timsalında görürük”, - deyə deputat vurğulayıb.