CƏMİYYƏT


Azərbaycanda vərəmlə mübarizədə son 10 il ərzində böyük uğurlar əldə olunub

Bakı, 31 mart, AZƏRTAC

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Ölkə Əlaqələndirmə Komissiyasının (CCM), Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun və Azərbaycan Vərəm əleyhinə QHT Koalisiyasının birgə təşkilatçılığı ilə Ümumdünya Vərəmlə Mübarizə Gününə həsr olunmuş konfrans keçirilib.

AZƏRTAC Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla bildirir ki, tədbirdə əvvəlcə “Stop TB Partnership” təşkilatının icraçı direktoru xanım Luçika Ditiunun konfrans iştirakçılarına ünvanladığı videomüraciət dinlənilib. Müraciətdə vərəmin hazırda dünyada ən çox ölümə səbəb olan yoluxucu xəstəlik olduğu qeyd olunub: “Hələ də hər gün 4 min-4 min 500 nəfər insan vərəmdən dünyasını dəyişir, onlardan 700-ü uşaqlardır. Vərəm hava yolu ilə ötürülən xəstəlikdir. Biz bütün səylərimizi birləşdirərək 2030-cu ilədək vərəmi tamamilə ləğv edə bilməsək də, ona son qoya bilərik, yoluxmanı dayandıra bilərik. Əminəm ki, Azərbaycan 2030-cu ilədək öz insan və maliyyə resurslarını səfərbər edərək vərəmə son qoymağı bacaracaq”.

Səhiyyə sahəsində ölkəmizin uğurlarını qeyd edən səhiyyə nazirinin müavini Nadir Zeynalov vurğulayıb ki, bir neçə gün öncə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Azərbaycanı “malyariyadan azad” ölkə kimi sertifikatlaşdırıb. N.Zeynalov, həmçinin ölkəmizin vərəmlə mübarizə sahəsində də vacib addımlar atıldığını və beynəlxalq platformalarda bir çox ölkələrə nümunə olduğunu qeyd edib.

Milli Məclisin Səhiyyə komitəsinin üzvü, Heydər Əliyev Fondunun Beynəlxalq əlaqələr departamentinin rəhbəri Soltan Məmmədov bildirib ki, ölkəmizdə həm dövlət, həm qeyri-dövlət təşkilatlarının birgə səyi nəticəsində vərəmlə mübarizədə son 10 il ərzində böyük uğurlar əldə olunub və Azərbaycan beynəlxalq əməkdaşlıq platformalarından uğurla istifadə edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.