CƏMİYYƏT
Azərbaycanda yeni tibb saytı fəaliyyətə başlayıb
Bakı, 26 noyabr, AZƏRTAC
Bu gündən onlayn mediada yeni, səhiyyəyönümlü internet portalı-“Medpress.az” saytı Azərbaycan Tibb Portalı (ATP) fəaliyyətə başlayır. “Dərdinizi deyin, dərmanını söyləyək” şüarı altında fəaliyyət göstərəcək sayt səhiyyə xəbərləri və bu sahədə yazılar dərc edəcək.
Sayt rəhbərliyindən AZƏRTAC-a verilən məlumata görə, layihənin məqsədi cəmiyyətin səhiyyə və tibb xəbərləri sahəsində ixtisaslaşmış internet-resursa olan tələbatının qarşılanmasında iştirak etmək, tibbi maarifləndirməyə yardımçı olmaq, səhiyyə sahəsində ölkədə aparılan islahatlara dəstək verməkdir.
Oxucular saytda səhiyyə ilə bağlı rəsmi xəbərlərlə yanaşı elm adamları, mütəxəssislər və həkimlərin açıqlamaları, maraqlı müsahibələri ilə tanış ola bilərlər. Bundan əlavə onlayn portalda dünyada və ölkədə tibb sahəsində baş verən ən son yeniliklər, elmi nailiyyətlər öz əksini tapacaq.
İstifadəçilərin rahatlığı üçün saytda bir neçə kataloq yaradılıb. Bu kataloqlarda dərman vasitələrinin dövlət tərəfindən müəyyən edilmiş vahid qiyməti, həkim bazası, tibb müəssisələri ilə tanış olmaqla yanaşı istifadəçiləri maraqlandıran qanunvericilik sənədini də əldə etmək mümkündür.
Eləcə də portalda fikir mübadiləsi, oxucuları narahat edən məsələlərlə bağlı müzakirələrin aparılması üçün forum, sorğular, müxtəlif sağlamlıq testləri, həyat tərzinə-davranışa, qidalanmaya, istirahətə və s. müntəzəm nəzarət etmək üçün müvafiq kalkulyatorlar var.
Saytda oxucular həkim məsləhətləri və ənənəvi tibbi müalicə üsulları ilə də tanış ola bilərlər.