MƏDƏNİYYƏT
“Azərbaycanım” IV respublika uşaq rəsm festivalı çərçivəsində növbəti plener
Bakı, 22 iyun, AZƏRTAC
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Naxçıvan Rəssamlar Birliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə iyunun 22-də “Azərbaycanım” IV respublika uşaq rəsm festivalı çərçivəsində uşaqlar üçün növbəti plener keçirilib.
AZƏRTAC xəbər verir ki, Xətai Sənət Mərkəzinin qarşısında təşkil olunan budəfəki plenerə Xətai Uşaq Rəsm Yaradıcılıq Studiyasının dərnək üzvlərinin bir qrupu dəvət olunub.
Xatırladaq ki, festival çərçivəsində keçirilən plenerlər “Nizami Gəncəvi İli”nə həsr edilib. Məqsəd rəssamlıq istedadına malik olan uşaqlar, yeniyetmə və gənclərin bədii zövqünü inkişaf etdirmək, onların yaradıcılığını stimullaşdırmaq, uşaqlarda əhatə olunduqları mədəni mühitə münasibəti formalaşdırmaq, həmçinin şəhər sakinləri və şəhərimizin qonaqlarının təsviri sənətə olan marağının artmasına xidmət etməkdir.
Festival çərçivəsində plenerlərin mütəmadi olaraq keçirilməsi nəzərdə tutulur.