SİYASƏT


Azərbaycanın Əfqanıstandakı əməliyyatlara dəstəyi ABŞ tərəfindən yüksək qiymətləndirilib

Bakı, 20 iyun, AZƏRTAC

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Vaşinqtonda ABŞ Dövlət katibinin siyasi məsələlər üzrə müavini Devid Heyl ilə görüşüb.

XİN-dən AZƏRTAC-a bildiriblər ki, görüşdə ikitərəfli əməkdaşlığın siyasi gündəliyinə daxil olan bir sıra məsələlər müzakirə edilib. Azərbaycan-ABŞ münasibətlərinin əsas cəhətləri, əməkdaşlığın inkişaf etdirilməsi üzrə prioritet istiqamətlər və son zamanlar əməkdaşlıqda artan dinamika barədə geniş fikir mübadiləsi aparılıb.

Bölgədə mövcud vəziyyət barədə danışan iki dövlətin rəsmiləri həlli uzadılmış Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üzrə aparılan danışıqlar prosesinin hazırkı vəziyyəti və prosesin irəli aparılması üçün atılmalı olan zəruri addımları müzakirə ediblər. Tərəflər ATƏT-in Minsk qrupu çərçivəsində hazırda aparılan danışıqlar prosesinə dəstəyi ifadə ediblər.

Azərbaycanın Əfqanıstandakı əməliyyatlar kontekstində göstərdiyi dəstək ABŞ tərəfindən yüksək qiymətləndirilib və bu xüsusda ölkəmizin strateji önəmi Dövlət katibinin müavini tərəfindən vurğulanıb.

Tərəflər, habelə bölgədə Azərbaycanın təşəbbüsü və iştirakı ilə reallaşan enerji və nəqliyyat layihələri, eləcə də qarşılıqlı maraq doğuran digər regional məsələlər barədə fikir mübadiləsi aparıblar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.