SİYASƏT


Azərbaycanın Rusiyadakı səfirliyi RF XİN-ə etiraz notası göndərib

Moskva, 17 oktyabr, AZƏRTAC

Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının deputatı Vitali Milonov Azərbaycanın beynəlxalq miqyasda tanınmış sərhədlərini pozmaqla, Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz səfər edib. Bununla əlaqədar Azərbaycanın Rusiyadakı səfirliyi RF Xarici İşlər Nazirliyinə etiraz notası göndərib.

Səfirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, notada qeyd edilir ki, 2020-ci il oktyabrın 16-da Vitali Milonov separatçı rejimin qondarma başçısı ilə görüş keçirib və Azərbaycanın Dağlıq Qarabağ regionunda onsuz da gərgin olan vəziyyətin daha da kəskinləşməsinə yönəlmiş bir sıra təhrikçi bəyanatlarla çıxış edib.

Notada daha sonra göstərilir ki, RF Dövlət Duması deputatının bu cür təxribatçı hərəkətləri Rusiya-Azərbaycan münasibətlərinin pisləşməsinə yönəlib və həm Azərbaycan ictimaiyyətinin, həm də Rusiyadakı çoxsaylı diasporun haqlı hiddətinə səbəb olub.

 

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.