İQTİSADİYYAT


Azərbaycanın Türkiyəyə təbii qaz ixracı artıb

Beş ayda Türkiyə Azərbaycandan 2,6 milyard kubmetrdən çox qaz idxal edib

Bakı, 25 iyul, Nihad Budaqov, AZƏRTAC

Cari ilin may ayında Türkiyə Azərbaycandan 601 milyon kubmetr təbii qaz idxal edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Təşkilatı (EPDK) məlumat yayıb. Mayda Azərbaycan Türkiyənin ən çox təbii qaz idxal etdiyi ölkələr sırasında Rusiyadan sonra ikinci olub.

Bu ilin yanvarında Türkiyə Azərbaycandan 594,15 milyon kubmetr, fevral ayında 536,61 milyon kubmetr, martda 591 milyon kubmetr, aprel ayında 292,04 milyon kubmetr təbii qaz idxal edib. Beləliklə ilin ilk 5 ayında Azərbaycandan Türkiyəyə 2 milyard 614 milyon kubmetr qaz göndərilib.

Qeyd edək ki, Türkiyə Azərbaycandan təbii qazı Cənubi Qafqaz Boru Kəməri (CQBK) (Bakı-Tbilisi-Ərzurum) ilə idxal edir. 2006-cı ilin sonlarında istismara verilən bu boru kəməri hazırda Azərbaycan, Gürcüstan və Türkiyəyə “Şahdəniz” qazını çatdırır. Bu ilin yanvar-mart aylarında CQBK-nin gündəlik orta ötürücülük gücü təqribən 23,1 milyon kubmetr qaz olub. Kəmərin iki operatoru var – BP şirkəti CQBK obyektlərinin tikintisi və istismarı üzrə məsul texniki operatoru, SOCAR isə CQBK-nın biznes icrası üzrə məsul kommersiya operatorudur. İndiyədək “Şahdəniz-1” layihəsi üzrə Cənubi Qafqaz Boru Kəməri ilə Türkiyəyə 53 milyard kubmetrdən çox qaz verilib.

Cənubi Qafqaz Boru Kəməri şirkətinin sərmayədarları belədir: BP (operator – 28,8 faiz), “AzŞD” (10 faiz), “Cənub Qaz Dəhlizi Midstrim” (6,7 faiz), “Petronas” (15,5 faiz), “LUKoil” (10 faiz), “NICO” (10 faiz), və “TPAO” (19 faiz).

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.