Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycanın pravoslav xristian icmasına

Hörmətli həmvətənlər!

Sizi və Azərbaycanın bütün xristian icmasını Milad bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə səadət və firavanlıq arzulayıram.

Tarixən dostluq və qardaşlıq mühitinin, yüksək birgəyaşayış mədəniyyətinin hökm sürdüyü Azərbaycanda ayrı-ayrı xalqların və dini etiqadların nümayəndələri əsrlərlə sülh və əmin-amanlıq şəraitində yaşamışlar. Bu gün dünyada multikulturalizmin ünvanlarından biri kimi tanınan və sivilizasiyalararası münasibətlərin inkişafına əhəmiyyətli töhfələr verən ölkəmizdə dilindən, dinindən, milli mənsubiyyətindən asılı olmayaraq, hər kəs bərabər hüquq və azadlıqlara malikdir. Cəmiyyətimizdə yüz illər boyu təşəkkül tapmış mədəni müxtəlifliyin, yüksək humanizm prinsiplərinin, zəngin tolerantlıq ənənələrinin qorunub saxlanılması və təşviqi həyata keçirdiyimiz dövlət siyasətinin prioritet istiqamətlərindəndir.

Məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, Azərbaycanın digər etnik-dini qrupları kimi xristian həmvətənlərimiz də öz adət-ənənələrini, dil və mədəniyyətini yaşadaraq ictimai-siyasi həyatımızın bütün sahələrində yaxından iştirak edir, respublikamızda gedən böyük inkişaf və quruculuq prosesində vətəndaşlıq borcunu layiqincə yerinə yetirirlər.

Əziz dostlar!

Milad bayramı yeniliyin, paklığın, mərhəmət və xeyirxahlıq duyğularının rəmzidir. Bu müqəddəs gün münasibətilə bir daha hamınıza bayram təbriklərimi yetirir, ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi-bərəkət arzulayıram.

Bayramınız mübarək olsun!

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 4 yanvar 2023-cü il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin