QAN YADDAŞI
Azərbaycanın şimal rayonlarında Xocalı faciəsi qurbanlarının xatirəsi böyük ehtiramla anılıb
Xaçmaz, 26 fevral, Elxan Yusifli, AZƏRTAC
Azərbaycanın şimal rayonlarında Xocalı faciəsi qurbanlarının xatirəsi böyük ehtiramla anılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qusar Rayon İcra Hakimiyyətində keçirilən anım tədbirində ötən əsrdə dünyada baş verən soyqırımı və etnik təmizləmə cinayətləri içərisində Xocalı faciəsinin ən dəhşətlisi olduğu bildirilib.
Çıxış edənlər ermənilərin Azərbaycan xalqına qarşı ərazi iddialarının ötən əsrin əvvəllərindən başlandığını, işğalçı ölkənin aktiv hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin işğal edilməsi ilə yanaşı, minlərlə insanın həlak olduğunu, ağır xəsarətlər aldığını, işgəncələrə məruz qaldığını, 1 milyondan çox vətəndaşımızın məcburi köçkünə çevrildiyini xatırladıblar.
Şəhər Mədəniyyət Evində Qusar Dövlət Ləzgi Dram Teatrı tamaşaçılara Xocalı faciəsinin 27-ci ildönümü ilə əlaqədar yeni səhnə əsərini təqdim edib. “Xarı bülbül” tamaşasında ermənilərin soydaşlarımızın başına gətirdiyi müsibətlər əks olunub.
Qusar rəsm qalereyasında isə Xocalı faciəsinə həsr olunmuş məktəblilərin əl işlərindən ibarət sərgi açılıb.
X X X
Xaçmaz rayon ictimaiyyəti də Xocalı faciəsinin 27-ci ildönümünü silsilə anım mərasimləri ilə qeyd edib.
Xaçmaz Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə çıxış edənlər 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələrinin keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərində törətdikləri qırğından bəhs ediblər. Qətliam nəticəsində 613 nəfər, o cümlədən 63 uşaq və 106 qadının öldürüldüyü, 8 ailənin tamamilə məhv edildiyi, 25 uşağın hər iki valideynini itirdiyi, 487 nəfərin şikəst olduğu, 1275 insanın əsir götürüldüyü, 150 nəfərin taleyindən indiyədək heç bir xəbər olmadığı bildirib.
Tədbirdə ədəbi-bədii kompozisiya, eləcə də Xocalı faciəsindən bəhs edən film nümayiş olunub.
X X X
Bəşir Səfəroğlu adına Quba Mədəniyyət Evində keçirilən anım mərasimində Xocalı faciəsi haqqında ədəbi-bədii kompozisiya və film nümayiş etdirilib.
Tədbirdə çıxış edənlər xalqımızın ümummilli lideri Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra Milli Məclis tərəfindən Xocalı hadisələrinə hüquqi-siyasi qiymət verildiyini bildiriblər. Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyasının önəmi xüsusi qeyd olunub.
Natiqlər Xocalı soyqırımını insanlığa qarşı törədilmiş ən ağır cinayət adlandırıblar.
X X X
Xocalı faciəsində şəhid olanların xatirəsi Şabran, Siyəzən və Xızı rayonlarında da silsilə tədbirlərlə anılıb. Rayon rəhbərliyinin, ictimaiyyət nümayəndələrinin, ziyalıların iştirakı ilə keçirilən tədbirlərdə Azərbaycanın bir qarış torpağını belə güzəştə getməyəcəyi, Xocalı şəhidlərinin qanının yerdə qalmayacağı vurğulanıb.
Tədbirlərdə ədəbi-bədii kompozisiya və Xocalı faciəsini əks etdirən filmlər nümayiş olunub.