İQTİSADİYYAT
Azərbaycanın statistika sistemi beynəlxalq standartlara tam cavab verir
Tbilisi, 30 sentyabr, AZƏRTAC
Azərbaycanın statistika sistemi BMT-nin və Avropa İttifaqının təqdim etdiyi formatlara uyğundur və bütün beynəlxalq standartlara cavab verir.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Avropa İttifaqının statistika, iqtisadiyyat və ticarət qurumlarının Tbilisidə birgə təşkil etdikləri beynəlxalq konfransda səslənib.
Tədbirdə ölkəmizi Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin birinci müavini Vahab Məmmədov təmsil edib.
V.Məmmədov müsahibəsində deyib: “Şərqi Avropa, Orta və Mərkəzi Asiya ölkələrindən nümayəndələrin iştirak etdiyi bu tədbirdə dünyada qloballaşma formatında həyata keçirilən transformasiyalar haqqında müzakirələr aparılıb. İlk növbədə informasiya qloballaşması və bu aspektdə statistika sisteminin inkişafı ilə bağlı məruzələr dinlənilib”.
Onun sözlərinə görə, konfransda Azərbaycanda uğurla həyata keçirilən islahatlara dair geniş məlumatlar təqdim olunub. Bildirilib ki, Azərbaycanın statistika sistemi Avropa İttifaqı və BMT tərəfindən təqdim olunan formata uyğun olaraq, beynəlxalq standartlara tam cavab verir.
Eyni zamanda, konfrans iştirakçılarına Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi və bunun da statistik məlumatlara müsbət təsiri diqqətə çatdırılıb. Qeyd olunub ki, indi Azərbaycanda statistik məlumatlar bütün ərazilərimizi əhatə edəcək. Bu cür geniş informasiya məkanında daha çox məlumatlar paylaşılacaq.
V.Məmmədov onu da bildirib ki, gələcəkdə bu cür tədbirlərin Azərbaycanda da keçirilməsi barədə təkliflər səslənib. Yaxın gələcəkdə Azərbaycan da Avropa İttifaqının statistika qurumunun tədbirlərinə ev sahibliyi edəcək.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi