ELM VƏ TƏHSİL
Azərbaycanlı alimin məqaləsi İsveçrədə nəşr olunan topluya daxil edilib
Bakı, 14 noyabr, AZƏRTAC
Dünyanın bir çox ölkələrində fəaliyyət göstərən İsveçrənin məşhur “Peter Lanq” elmi nəşriyyatı dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin yaradıcılığına həsr olunmuş “Çağdaş dövrdə Nizami mədəni irsinin şərhi” adlı məqalələr toplusu çap edib. Topluda Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimlinin “Nizami və Şekspirdə şərlə mübarizə: ədəbi xarakterlərin (Məcnun, Bəhram və Hamlet) inkişaf tipologiyası” başlıqlı araşdırması dərc olunub.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, məqalədə Nizami Gəncəvinin “Leyli və Məcnun”, “Yeddi Gözəl” poemaları və Uilyam Şekspirin “Hamlet” əsərində şər qüvvəyə qarşı mübarizə aparan bədii obrazların müqayisəsi aparılıb. Müəllif ayrı-ayrı yüzilliklərdə yaşamış iki böyük şairin ədəbi qəhrəmanları arasındakı oxşarlığın Şərq və Qərb mədəni modellərinin bir-birinə sıx bağlılığından qaynaqlandığını sübut edib. T.Kərimli məqaləsində bugünkü qloballaşma prosesinin və mədəniyyətlərarası dialoqların həmin oxşarlığın təbii davamı və inkişafı kimi görülməsinin vacibliyini vurğulayıb.
Qeyd edək ki, adıçəkilən toplu dünyanın nüfuzlu alimlərinin Nizami yaradıcılığı haqqındakı araşdırmalarının yer aldığı ilk ingilisdilli elmi nəşrdir.