MƏDƏNİYYƏT


Azərbaycanlı alimlər Makedoniyada beynəlxalq konfransda iştirak ediblər

Bakı, 20 yanvar, AZƏRTAC

Yanvarın 17-19-da Makedoniyanın Ohrid şəhərində “Terrorizm, miqrasiyalar, köçkünlər - mədəni irs və dəyərlər, iqtisadiyyat, turizm və media ilə bağlı müasir çağırışlar” adlı IV Beynəlxalq konfrans keçirilib.

Beynəlxalq tədbirdə ölkəmizi Milli Azərbaycan Tarixi Muzeyinin direktor müavini Həbibə Əliyeva, MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi İdarə Heyətinin sədri Fariz Xəlilli, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun elmi işçisi Könül Hacıyeva, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işçisi Tahirə Əliyeva, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimləri Günel Seyidəhmədli və Mehparə Abbasova təmsil ediblər.

Konfransın təşkilatçılarından olan MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyindən AZƏRTAC-a bildiriblər ki, beynəlxalq tədbirdə terrorizmin müasir cəmiyyətin ən böyük problemi olduğu qeyd edilib. Vurğulanıb ki, terrorizm müasir dünyanın qlobal cəmiyyət kimi inkişafı yolunda əsas maneədir. Terrorizm, miqrasiya və köçkünlər həyatımızın bütün mərhələlərində müasir təhlükə riskidir. Elm adamları və ekspertlərin mədəni müxtəliflik, mədəni irs, iqtisadi inkişaf, turizm, media ilə bağlı apardığı araşdırma, təhlil və mübadilələrə konfransda xüsusi yer verilib.

Azərbaycan alimləri konfransda ölkəmizin üzləşdiyi işğalçılıq siyasəti və qaçqınlar probleminə diqqət çəkiblər. MİRAS İctimai Birliyinin sədri Fariz Xəlilli “Tarixi Qarabağ bölgəsi irsinin sənədləşdirilməsi layihəsi”ndən bəhs edən çıxışında bölgənin və mədəni irsin mövcud durumundan danışıb. Qeyd edib ki, hazırda torpaqlarımızın 20 faizi Ermənistanın işğalı altındadır və azərbaycanlılar doğma yurdlarında məcburi köçkün vəziyyətinə düşüblər. İşğal altında olan Qarabağ ərazisi nəzarətsiz bölgəyə çevrilib, narkotik istehsalı, daşınması və satışı, bölgəyə məxsus mədəni irs nümunələrinin digər ölkələrdə satışı və qaçaqmalçılıq geniş yayılıb. Beynəlxalq təşkilatlar, o cümlədən BMT Təhlükəsizlik Şurası tərəfindən qətnamələr və digər hüquqi sənədlər qəbul olunub, işğal altındakı torpaqların qaytarılması ilə bağlı çağırışlar edilib.

Sonra Qarabağın mədəni irs abidələrinə işğalçıların münasibətini göstərən “Xocalı vaxtı” filmi nümayiş olunub.

Qeyd edilib ki, 2016-cı il Azərbaycanda “Multikulturalizm ili” elan olunub. Bu gün dünyada tolerantlıq nümunəsi olan Azərbaycan Respublikası bütün Azərbaycan vətəndaşlarının, o cümlədən ermənilərin ölkədə təhlükəsiz və rahat yaşaması üçün zamindir və bu mədəni müxtəlifliyi təmin etmək üçün bütün imkanlara malikdir.

Konfrans zamanı Sosial-Antropologiya İnstitutunun direktoru, professor Rubin Zemon multikulturalizm sahəsində apardığı araşdırmalara görə “MİRAS” mükafatına layiq görülüb.

Beynəlxalq tədbirdə keçən il keçirilən konfransın materiallarından ibarət kitab da təqdim edilib. Kitabda Azərbaycandan çox sayda alimin elmi məqalələri yer alıb.

Yanvarın 19-da Azərbaycan nümayəndə heyəti türklərin sıx yaşadığı Jupa bələdiyyəsinə gedib, orada yerli sakinlərlə görüşüblər. Jupa bələdiyyəsində 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa təşkil olunub.

Bələdiyyə sədri Ariyan İbrahim 20 Yanvar faciəsindən xəbərdar olduqlarını və şəhidlərin ruhunu yad etdiklərini bildirib.

MİRAS İctimai Birliyinin sədri Fariz Xəlilli və Milli Azərbaycan Tarixi Muzeyinin direktor müavini Həbibə Əliyeva 20 Yanvar faciəsinin tariximizdə həm də qəhrəmanlıq səhifəsi olduğunu, şəhidlərin amalına - Azərbaycanın müstəqilliyinə qovuşduğunu qeyd ediblər.

Azərbaycan nümayəndə heyəti Mədəniyyət və Turizm Nazirliyi, Milli Azərbaycan Tarixi Muzeyi, Bülbülün Memorial Muzeyi, MİRAS İctimai Birliyi və ayrı-ayrı alimlərin adından Jupa bələdiyyəsinin kitabxanasına kitablar, broşürlər, jurnallar və disklər hədiyyə veriblər.

Daha sonra Azərbaycan nümayəndə heyəti Mustafa Kamal Atatürkün baba evinin yerləşdiyi Kocacık kəndindəki xatirə muzeyini ziyarət edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.