MƏDƏNİYYƏT
Macarıstanın Buqaç bölgəsində “Əcdadlar günü” keçirilib
Budapeşt, 18 avqust, AZƏRTAC
Macarıstanın Buqaç bölgəsində yerləşən Kişkunçaq milli parkında Macarıstan-Turan Cəmiyyətinin təşkilatçılığı ilə “Əcdadlar günü” keçirilib. Builki “Əcdadlar günü" gələn il təşkil olunacaq VI Hun-Türk qurultayına hazırlıq xarakteri daşıyır və məqsəd macarları qədim əcdadları olan hunlar və əski türklərlə daha yaxından tanış etməkdir.
Tarixi-bədii şounun açılış mərasimində Macarıstan parlamentinin vitse-spikeri, tanınmış tarixçi və dramaturq Şandor Layoş, Macarıstan-Turan Cəmiyyətinin prezidenti Andraş Biro, Türkiyə, Qazaxıstan və Azərbaycanın Macarıstandakı səfirləri Şakir Fakılı, Nurbax Rüstəmov və Vilayət Quliyev, TİKA təmsilçiləri, dünyanın müxtəlif ölkələrindən gəlmiş türk icmalarının nümayəndələri iştirak ediblər.
Azərbaycan və Macarıstan arasındakı qarşılıqlı mədəni əlaqələrin inkişafındakı xidmətlərinə görə azərbaycanlı jurnalist, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu Turan Cəmiyyətinin diplomu ilə təltif olunub. Hazırda Almaniyada yaşayan tanınmış azərbaycanlı rəssam Əşrəf Heybətov hun tayfalarının əfsanəvi başçısı, məşhur sərkərdə Atillanın portretini Turan Cəmiyyətinə hədiyyə edib.
Daha sonra qədim türklərin hərbi məharətini əks etdirən döyüş səhnələri göstərilib, cıdır yarışı, çovkan oyunu, oxatma müsabiqəsi keçirilib. Turan Cəmiyyətinin təşəbbüsü ilə yaradılan və Macarıstanın türk köklərini göstərən səyyar muzey böyük maraqla qarşılanıb. Axşam isə tonqal işığında qədim türk melodiyalarından və şaman musiqisindən ibarət konsert proqramı nümayiş olunub.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt