CƏMİYYƏT
Azərbaycanlı tələbələr Tbilisidə dinc aksiya keçiriblər
Tbilisi, 27 oktyabr, AZƏRTAC
Gürcüstanın müxtəlif universitetlərində təhsil alan azərbaycanlı tələbələr Tbilisidə BMT-nin 75 illiyinə həsr olunmuş beynəlxalq konfrans zamanı dinc aksiya keçiriblər.
AZƏRTAC xəbər verir ki, aksiya iştirakçıları əllərində Azərbaycan bayrağı və “BMT-nin qətnamələri kağız üzərində qalmaq üçün qəbul edilib?!”, “Erməni terroruna son!” kimi şüarlar yazılan plakatlar tutublar.
Tələbələrdən biri Namiq Əhmədov Azərbaycanın işğaldan yenicə azad olunmuş Cəbrayıl rayonundandır.
Digər tələbə Namiq Əsgərov AZƏRTAC-a müsahibəsində deyib: “Bizim məqsədimiz Azərbaycan ərazilərinin işğala məruz qaldığını, BMT-nin münaqişə ilə bağlı qətnamələrinin hələ də yerinə yetirilmədiyini, ermənilərin terror aktları nəticəsində dinc insanların qətlə yetirildiyini bir daha beynəlxalq təşkilatların və diplomatik korpusun nümayəndələrinin diqqətinə çatdırmaqdır”.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi