İQTİSADİYYAT
“Azəriqaz”: MTK-lara verilən texniki şərtlərdə sakinlərin məişətdə istehlak etdikləri qaz sayğaclarının pulsuz quraşdırılacağı göstəriləcək
Bakı, 9 iyul, AZƏRTAC
“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev iyulun 9-da feysbuk sosial şəbəkəsi ünvanından canlı yayım edərək bəzi məsələlərə toxunub. İlkin olaraq baş direktor Mənzil Tikinti Kooperativlərinin (MTK) qazlaşdırılması zamanı quraşdırılan qaz sayğaclarının dəyəri və bundan sonra tətbiq olunacaq bəzi yeniliklər barədə məlumat verib.
Birlikdən AZƏRTAC-a bildirilib ki, MTK-nın qaz sayğaclarını iyul ayının 1-dək ödənişli əsaslarla aldığını xatırladan R.Əliyev bundan sonra məsələnin fərqli formada tənzimlənəcəyini qeyd edib.
Onun sözlərinə görə, sonradan ödənişli (mexaniki-elektron) qaz sayğacları komplektinin dəyərinin 70-90 manat olmasına baxmayaraq, vətəndaşlardan MTK rəhbərləri böyük məbləğdə ödənişlər tələb edirdi: “İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin yeni inşa olunan çoxmərtəbəli binalarda iyul ayının 1-dən qaz sayğaclarının quraşdırılmasına dair müvafiq açıqlaması var. Vətəndaşlara müraciət edərək bildirilib ki, həmin tarixdən etibarən Mənzil Tikinti Kooperativlərinə quraşdıran sayğaclara görə heç bir ödəniş etməsinlər. MTK-lara “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilən texniki şərtlərdə sakinlərin məişətdə istehlak etdikləri qaz sayğaclarının pulsuz quraşdırılacağı öz əksini tapacaq. Mənzil alan şəxsdən qaz sayğacına görə hansısa həcmdə vəsait istənilərsə, mütləq texniki şərti tələb edib, öz hüquqlarını müdafiə etsinlər”.