İQTİSADİYYAT


“Azəriqaz” bayram günlərində də abonentlərin xidmətində olacaq

Bakı, 8 may, AZƏRTAC

“Azəriqaz” İstehsalat Birliyi bayram günlərində də fəaliyyətini əvvəlki kimi davam etdirəcək.

Birlikdən AZƏRTAC-a bildirilib ki, əsasən qəza xidmətinin əməkdaşları baş verə biləcək hər hansı bir qəza halının (qaz sızması, qaz xətlərinin müxtəlif səbəblərdən zədələnməsi, sayğaclarda nasazlıq və sair) dərhal aradan qaldırılması üçün növbəlilik tətbiq etməklə iş başında olacaqlar. Bakı Regional Qazın Satışı Departamentinin Müştəri xidməti şöbəsinin əməkdaşları da mayın 9-15-də xidmətlərini icra edəcəklər.

Abonentlərin qazsız qalmaması üçün ən mühüm xidmətlər, o cümlədən koda düşmüş kartların, qüsurlu ödənişlərin, itirilmiş və yaxud zədələnmiş smart kartların bərpası kimi xidmətlər göstəriləcək. Bundan başqa, əvvəlcədən ödənişli “Zenner” sayğaclarının kartlarının bazaya işlənilməsi və aktiv olunması, əvəzlənmiş əvvəlcədən ödənişli sayğacların kartlarının verilməsi ilə bağlı müraciətlər təmin ediləcək. Qırx nəfərdən ibarət mühəndis heyəti Bakı Regional Qazın Satışı Departamentinin inzibati binası, Abşeron, Mərdəkan və Sabunçu xidmət sahələrində həftə içi saat 10:00-dan 15:00-dək iş başında olacaqlar. Müştəri xidmətlərində yalnız iki gün – mayın 9-u və 15-də xidmət göstərilməyəcək.

Abonentlərdən xahiş olunur ki, qaz təsərrüfatına dair onları narahat edən hər hansı məqam olarsa, 104/185 saylı Çağrı mərkəzinə, 077 3 104 104 saylı “WhatsApp” nömrəsinə, eləcə də sosial şəbəkə üzərindən yazmaqla məlumat versinlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.