İQTİSADİYYAT
“Azəriqaz” bayram günlərində gücləndirilmiş iş rejimində işləyəcək
Bakı, 28 dekabr, AZƏRTAC
SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları ilə əlaqədar dekabrın 29-dan gələn il yanvarın 3-dək gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Birlikdən AZƏRTAC-a bildirilib ki, bayram günlərində istehlakçıların təbii qazla fasiləsiz və keyfiyyətli təmin edilməsi, eləcə də “Qaz təsərrüfatında təhlükəsizlik Qaydaları”nın tələblərinə uyğun olaraq qaz təchizatı sisteminə nəzarəti gücləndirmək məqsədilə “Azəriqaz” tərəfindən zəruri tədbirlər həyata keçiriləcək. Belə ki, birliyin müvafiq şöbələrində, Bakı Regional Qaz İstismarı Departamentində, Sumqayıt Qaz İstismar Sahəsində və Regional Qaz İstismar İdarələrində, həmçinin xidmət sahələrində məsul şəxslərdən ibarət sutkalıq növbətçilik təşkil olunacaq.
“Azəriqaz”ın 185 və 104 Çağrı Mərkəzlərinə daxil olacaq vətəndaş müraciətlərinin icrasının təmin edilməsi ilə əlaqədar sutkada 24 saat fəaliyyət göstərən Çağrı Mərkəzinin fəaliyyəti gücləndiriləcək, abonentlərin fasiləsiz olaraq təbii qazla təmin edilməsi məqsədilə qaz sayğaclarında mümkün ola biləcək istənilən texniki nasazlıqlar nəticəsində onların yeni smart tipli sayğaclarla əvəz olunmasından sonra, yeni smart kartların verilməsi, müqavilələrin bağlanması və abonentlərə “ASAN Kommunal” standartlarına uyğun xidmətlərin göstərilməsi dekabr ayının 30-dan 2019-cu il yanvarın 3-dək həyata keçiriləcək (xidmətlərin göstəriləcəyi ünvanlar - “Azəriqaz”ın idarəetmə aparatı, ünvan: Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi 35, Bakı Regional Qazın Satışı Departamenti, ünvan: Babək prospekti 22/24).
Birlik bütün təbii qaz istehlakçılarını bayram münasibətilə təbrik edir və istehlakçılardan bayram günlərində təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmağı, texniki təhlükəsizlik qaydalarına ciddi riayət etmələrini xahiş edir.