REGİONLAR
“Azəriqaz”ın baş direktoru Naftalanda qurumun əməkdaşları ilə görüşüb
Bakı, 6 iyul, AZƏRTAC
“Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyev Naftalan şəhərində Şərqi Zəngəzurun qaz kəmərlərinin inventarlaşdırılma prosesində əməyi olan Birlik əməkdaşları ilə görüş keçirib.
“Azəriqaz”dan AZƏRTAC-a bildirilib ki, baş direktor gərgin, məsuliyyətli və şərəfli işlərində İstehsalat Birliyinin işçi heyətinə uğurlar arzu edib və onları mükafatlandırıb. Qurum rəhbəri bildirib ki, Birliyin fəaliyyəti işğaldan azad edilən ərazilərdə aparılan yüksək səviyyəli quruculuq işlərinə adekvat olmalıdır. Mükafatlandırılanlar arasında Naftalan şəhəri xidmət sahəsinin əməkdaşları da olub. Belə ki, baş direktor Birliyin Naftalan şəhəri üzrə qaz xidmət sahəsinin əməkdaşı Samir Hüseynov ilə xidməti işini yerinə yetirərkən görüşərək, işindəki nəticələrə və nümunəvi fəaliyyətinə görə Birlik əməkdaşına təşəkkür edib və onun əməyini xüsusi hədiyyə ilə qiymətləndirib. Baş direktor bir daha tövsiyə edib ki, Birliyin bütün fəaliyyət sferasında əsas amil abonent məmnunluğu olmalıdır.