İQTİSADİYYAT
“Azərkosmos” Yer səthinin məsafədən müşahidəsi ilə bağlı müsabiqənin növbəti mərhələsinin nəticələrini elan edib
Bakı, 3 noyabr, AZƏRTAC
Cənubi Qafqazın yeganə peyk operatoru olan “Azərkosmos” ASC növbəti dəfə keçirdiyi “Azərbaycanın davamlı inkişafı naminə Yer səthinin məsafədən müşahidə xidmətlərinin təşviqi” müsabiqəsinin nəticələrini elan edib.
ASC-dən AZƏRTAC-a bildirilib ki, ikinci dəfə baş tutan müsabiqənin keçirilməsində əsas məqsəd ötənilki müsabiqədə olduğu kimi “Azersky” peykindən əldə olunan təsvirlərin ölkə daxilində istifadəsini təşviq etmək və Azərbaycanda Yer səthinin məsafədən müşahidəsi xidmətlərinin inkişafına təkan verməkdir. Müsabiqə çərçivəsində elmi-tədqiqat institutları, universitetlər və elmi tədqiqatla məşğul olan digər qurumlardan ümumilikdə 21 təklif təqdim edilib.
Müsabiqəyə təqdim edilən layihələr ölkənin davamlı inkişafı naminə elmi təyinatlı olması, təklifin icrasının mümkünlüyü və innovativlik meyarlarına əsasən qiymətləndirilib. Qaliblərin adları noyabrın 3-də “Azərkosmos” ASC-nin Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində müsabiqənin yekunlarına həsr olunmuş seminar zamanı açıqlanıb. Təqdim olunan təkliflərdən qiymətləndirmənin bütün meyarlarına cavab verən yeddi təklif qalib seçilib. İştirakçıların sorğusuna əsasən, “Azersky” peyki vasitəsilə əldə olunan təsvirlər tədbir zamanı qaliblərə təmənnasız təqdim olunub. Qalib layihələr geologiya, ətraf mühitin çirklənməsi, heyvanat aləminin tədqiqi və digər sahələri əhatə edir. Qeyd edək ki, müsabiqənin qalibləri onlara təqdim olunan təsvirləri növbəti 12 ay ərzində elmi tədqiqatlarında tətbiq edəcək və daha sonra əldə olunmuş elmi nəticələr ictimaiyyətə açıqlanacaq.
Cənubi Qafqazda ilk peyk operatoru olan “Azərkosmos” ASC telekommunikasiya və coğrafi kəşfiyyat sahələri üçün yüksəkkeyfiyyətli peyk xidmətləri təqdim edir. 2013-cü ilin fevral ayında orbitə buraxılan və “Azərkosmos” tərəfindən idarə edilən “Azerspace-1” peyki 46° şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir. Ən azı 15 il müddətində orbitdə fəaliyyət göstərəcək peykin faydalı yükü 36 transponderdən ibarətdir: C diapazonda 24, Ku diapazonda 12 transponder. 2014-cü ilin dekabr ayından etibarən “Azərkosmos” sayca ikinci, təyinatına görə yüksək ayırdetməli (1,5 m ayırdetmə) Yer səthinin məsafədən müşahidə peyki olan “Azersky”ın idarəçiliyini təhvil alıb və bununla da geoinformasiya xidmətləri də daxil olmaqla Yer səthinin məsafədən müşahidəsinin kommersiya fəaliyyətinə başlayıb. Şirkətin strateji inkişaf planlarına əhatə dairəsinin və xidmətlər spektrinin genişləndirilməsi daxildir. Bu məqsədlə “Azərkosmos” 2018-ci ildə ikinci telekommunikasiya peyki “Azerspace-2”-ni 45° şərq uzunluğu orbital mövqeyinə çıxarmağı və önümüzdəki illərdə çox yüksək ayırdetməli Yer səthinin məsafədən müşahidə peyki əldə etməyi planlaşdırır.
Daha ətraflı məlumatı “www.azercosmos.com” internet səhifəsindən almaq olar.