İQTİSADİYYAT
“Azərpoçt” “Bakutel-2018” sərgisində bir sıra yeniliklər təqdim edib
Bakı, 7 dekabr, AZƏRTAC
“Azərpoçt” ASC “Bakutel-2018” XXIV Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgisində bir sıra yeniliklər təqdim edib.
AZƏRTAC xəbər verir ki, bu barədə “Azərpoçt” ASC-nin ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Günel Gözəlova bildirib.
Onun sözlərinə görə, təqdim edilən yeniliklərin arasında elektron ölçmə, özünəxidmət terminalı və sair xidmətlər təklif olunan tam avtomatlaşdırılmış poçt şöbələri yer alır. “Həmçinin stendimizdə kommunal və digər ödənişlər üçün populyar “SmartPay” terminalları təqdim edilir. Daha bir yenilik sutkaboyu əmanətlərin yerləşdirilməsi, bank hesablarının tamamlanması və digər əməliyyatlar üçün nəzərdə tutulmuş “SafeDeposit” avtomatlaşdırılmış qurğusudur. Operatorun iştirakı olmadan valyuta mübadiləsi üçün nəzərdə tutulmuş “Exchange” aparatı çox maraqlıdır. Bütün bu yenilikləri tezliklə paytaxtın küçələrində görmək mümkündür”, - deyə departament rəhbəri bildirib.
G.Gözəlova qeyd edib ki, bu yaxınlarda “Azərpoçt” ASC sarı və mavi rəngləri seçməklə, rebrendinq həyata keçirib. Rebrendinq çərçivəsində bütün müasir tələblərə cavab verəcək “Azərpoçt” ASC-nin müasir veb-saytının hazırlıq işləri aparılır.
Qurum rəsmisi Azərbaycanda ilk poçt kontorunun yaradılmasının 200 illik və Poçt və Teleqraf Nazirliyinin 100 illik yubileyləri münasibətilə “Bakı Ekspo Mərkəzi”nin foyesində “Azərpoçt” ASC-nin ekspozisiyasını xüsusi qeyd edib.