REGİONLAR
“Azərxalça”nın Xaçmaz filialında bir ildə 400 kvadratmetrə yaxın xalça toxunub VİDEO
Xaçmaz, 3 may, Elxan Yusifli, AZƏRTAC
Bir ildir fəaliyyətə başlayan “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Xaçmaz filialında 400 kvadratmetrə yaxın xalça toxunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, indiyədək istehsal emalatxanasında toxunan 165 ədəd xalçanın kəsimi aparılıb.
"Azərxalça" ASC-nin Xaçmaz filialı 2018-ci il mayın 4-də Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilib.
5 May - Xalçaçı Günü peşə bayramı və Xaçmazda xalçaçılıq müəssisəsinin fəaliyyətə başlamasının ildönümü münasibətilə keçirilən mərasimdə bildirilib ki, bu bölgə Azərbaycanın tarixi xalçaçılıq mərkəzlərindən biridir.
Xaçmaz filialında 150 toxucu və 14 inzibati-təsərrüfat işçisinin fəaliyyəti üçün müasir iş şəraiti yaradılıb. Xalça istehsalı emalatxanası zəruri xammal və ləvazimatlarla - müxtəlif rəngli yun iplərlə, həvə, qayçı, bıçaq kimi alətlərlə, çeşnilərlə təmin edilib. Hazırda burada 80-ə yaxın toxucu çalışır. Onlar “Azərxalça”nın təşkil etdiyi tədris-hazırlıq kurslarında bu sənətin sirlərinə dərindən yiyələniblər.
Filialın direktoru Sevda Xəlilova bildirib ki, istehsal emalatxanasında qədim zamanlardan bu ərazidə yaradılmış tarixi çeşnilər əsasında xalçalar toxunur. Toxucular bu işə həvəslə yanaşır, hər kəs daha yaxşı xalça toxumağa çalışır. Hər toxucu daha çox, həm də keyfiyyətli xalça toxumağa səy göstərir.
Toxuculardan Lalə Dadaşova və Yaqut Fətəliyeva AZƏRTAC-ın bölgə müxbirinə müsahibələrində bu bölgənin qədim xalçaçılıq ənənələrini yaşadacaqlarına, daha gözəl xalçalar toxuyacaqlarına əminliklərini ifadə ediblər. Xalçaçılar onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Yüksək peşəkarlığı ilə fərqlənən bir qrup toxucuya “Azərxalça” ASC-nin fəxri fərmanı təqdim olunub.