İDMAN
BƏDİİ GİMNASTİKA ÜZRƏ BAKI BİRİNCİLİYİ BAŞA ÇATMIŞDIR
Bakı Olimpiya İdman kompleksində bədi gimnastika üzrə 14-cü Bakı birinciliyi başa çatmışdır. Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, turnirdə Bakının 4 idman cəmiyyətindən 60 gimnast, habelə müsabiqədənkənar proqramda Gəncə və Sumqayıt idmançıları iştirak etmişlər. Gimnast qızlar 3 yaş dərəcəsinə bölünmüş, qaliblər və mükafatçılar şəxsi çoxnövçülükdə müəyyən edilmişlər.
1993-1995-ci illər təvəllüdlü gimnastların yarışında birinci yeri “Həmkarlar İttifaqları” cəmiyyətinin nümayəndəsi Nərgiz Əliyeva, ikinci yeri onun klub yoldaşı Kamilə Məmmədova, üçüncü yeri isə Gimnastika məktəbinin yetirməsi Nigar Əbdülsəlimova tutmuşlar.
1996-1997-ci illər təvəllüdlü gimnastlar arasında yenə də Aişə Mustafayeva fərqlənmişdir. “Həmkarlar İttifaqı” cəmiyyətinin üzvü qələbəsini doğum günündə bir növ özünə hədiyyə etmişdir. İkinci və üçüncü yerləri Respublika Kompleks İdman məktəbindən Yekaterina Prokopenko və Lalə Yusifova tutmuşlar.
1998-1999-cu illər təvəllüdlü gimnastlar arasında Respublika Kompleks İdman məktəbinin yetirməsi Elnarə Dadaşova birinci olmuşdur. Fəxri kürsüdə növbəti yerlərə müvafiq surətdə Cənnət Məmmədova (“Həmkarlar İttifaqları”) və Gülsüm Şəfizadı (Respublika İdman Kompleksi məktəbi) çıxmışlar.
Turnir zamanı ölkəmizin qrup hərəkətlərində yeniyetmələrdən ibarət komandası ilk dəfə tamaşaçılar qarşısında 5 cüt gürzlə çıxış etmişdir. Komandamız iyunun 29-dan iyulun 1-dək Bakıda keçiriləcək Avropa çempionatına hazırlaşır. Qrupun məşqçiləri Natalya Bulanova və İrina Qluşakın fikrincə, fevralın 10-11-də Estoniyada keçiriləcək birinci beynəlxalq yarış komandada qüvvəsinə inam yaradacaqdır. Qrupun əsas tərkibi Nigar Mirzəyeva, Ceyla Quliyeva, Esmira Orucova, Əzizə Səlimbəyova və Cəmilə Hüseynovadan ibarətdir.
Fərdi gimnastlara gəldikdə isə, Bakıda keçiriləcək 2007-ci ilin Avropa çempionatına hazırlıq çərçivəsində Dinara Gimatova da Estoniyada çıxış etməyi planlaşdırır. Anna Qurbanova və Aliyə Qarayeva fevralın 10-da keçiriləcək “A” seriyasından İtaliya klub çempionatının 2-ci mərhələsində yarışacaqlar. Zeynəb Cavadlı Moskva ətrafındakı Novoqorskda təlim-məşq toplantısındadır. Rusiya məşqçiləri onun proqramının təkmilləşdirilməsi ilə məşğuldurlar.