İDMAN
BAKIDA OTÜSTÜ XOKKEY ÜZRƏ BEYNƏLXALQ TURNİR KEÇİRİLƏCƏK
AZƏRTAC xəbər verir ki, Azərbaycan Otüstü Xokkey Federasiyası Novruz bayramı ilə əlaqədar martın 25-30-da Bakıda qadın xokkeyçilər arasında beynəlxalq turnir keçirəcəkdir.
Respublika Otüstü Xokkey Kompleksində keçiriləcək yarışda dünya çempionatının seçmə qrup mərhələsinin iştirakçıları İtaliya, Azərbaycan və Ukraynanın milli yığmaları dairəvi sistemlə iki dövrədə mübarizə aparacaqlar.
Xatırladaq ki, yığma komandamızın bu turnirdə iştirakından əsas məqsəd aprelin 25-dən mayın 5-dək Romada keçiriləcək dünya çempionatının seçmə qrup mərhələsinin oyunlarına hazırlaşmaqdır. 12 komandanın iki yarımqrupda mübarizə aparacağı bu mötəbər yarışda Azərbaycan yığması “B” qrupunda Yeni Zelandiya, ABŞ, İtaliya, İrlandiya və Cənubi Koreya xokkeyçiləri ilə qarşılaşacaqdır. “A” qrupunda isə Ukrayna, Çin, İngiltərə, Fransa, Yaponiya və Şotlandiya komandaları çıxış edəcəklər.