İQTİSADİYYAT
BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI
Birjanın informasiya-analitik şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, səhər keçirilmiş səsli hərracların yekunlarına görə bağlanmış əqdlərin həcmi 771 min dollar təşkil etmişdir. Hərrac sessiyasının açılış məzənnəsi 1 ABŞ dolları üçün 4934 manat olmuşdur. Təklif 771 min dollar və tələb 700 min dollar səviyyəsində olmuş, manatin məzənnəsi isə 1 bənd qalxaraq, 1 dollar üçün 4933 manat təşkil etmişdir.
Elektron hərraclarının birja sistemində (BEST) bank sifarişlərində ABŞ valyutasının göstərilən qiyməti 1 USD üçün 4934 manat həddində idi.
BEST-də USD/AZM T+0 aləti üzrə 1 milyon 542 min dollara bərabər həcm qeydə alınmışdır ki, bu da manat ekvivalentində 7,608 milyarddır. Bir əqdə, orta hesabla, 220 286 dollar düşmüşdür.
Tələb olmadığından dilerlər USD/AZM T+1 və T+2 alətləri üzrə əqdlər bağlamamışlar.
Banklar BEST-də AVR/AZM, RUR/AZM alətləri üzrə sifariş verməmişlər.
BEST sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında banklar, ümumən, 9,073 milyard manat məbləğində kredit cəlb etmək və yerləşdirmək üçün sifarişlər vermişlər.
Yanvarın 28-də birjada banklar arasında kredit alətləri üzrə əqdlər bağlanmamışdır.