Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

BAKI ŞƏHƏRİNDƏ YERLƏŞƏN DÖVLƏT BAYRAĞI MEYDANINDA TİKİNTİ İŞLƏRİNİN SÜRƏTLƏNDİRİLMƏSİ İLƏ ƏLAQƏDAR ƏLAVƏ TƏDBİRLƏR HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

“Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Dövlət bayrağı meydanının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 17 noyabr tarixli 2504 nömrəli Sərəncamının icrası ilə bağlı aparılan tikinti-quraşdırma və abadlaşdırma işlərinin davam etdirilməsini təmin etmək məqsədilə qərara alıram:

1.  Bakı şəhərində yerləşən Dövlət bayrağı meydanında tikinti-quraşdırma və abadlaşdırma işlərinin sürətləndirilməsi üçün Azərbaycan Respublikasının 2009-cu ilin dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Bakı şəhər İcra Hakimiyyətinə 10,0 (on) milyon manat məbləğində vəsait  ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci bəndində nəzərdə tutulmuş vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada həyata keçirsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 26 oktyabr 2009-cu il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin