Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“BAKI ŞƏHƏRİNİN QƏSƏBƏLƏRİNİN SOSİAL-İQTİSADİ İNKİŞAFININ SÜRƏTLƏNDİRİLMƏSİNƏ DAİR TƏDBİRLƏR PROQRAMI”NIN TƏSDİQ EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 11 fevral tarixli 24 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının sosial–iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)” ölkənin bütün regionlarında məqsədyönlü şəkildə ardıcıl həyata keçirilir. Bu proqram çərçivəsində qısa müddətdə regionların sosial-iqtisadi həyatında köklü dəyişikliklər baş vermiş, rayonların infrastrukturları yenidən qurulmuş, qəsəbə və kəndlərdə təhsil, mədəniyyət, səhiyyə, idman və digər sosialyönümlü obyektlərin inşası və əsaslı təmiri həyata keçirilmiş, əhalinin məşğulluğu təmin edilmişdir. Bütün bunlar regionlarda davamlı və dinamik inkişafı təmin etməklə bərabər, həm də əhalinin həyat səviyyəsinin keyfiyyətcə yüksəlməsinə səbəb olmuşdur.

Bu müddətdə ayrıca qəbul olunmuş müxtəlif proqramlar çərçivəsində Bakı şəhəri sürətlə inkişaf etmiş, onun infrastrukturları yeniləşdirilir, əhalinin qaz, elektrik, su və istilik təminatı yaxşılaşdırılmış, yeni yollar salınmış və ya təmir edilmiş, şəhər abadlaşdırılmış, tikinti-quruculuq işləri vüsət almış, yüz minlərlə iş yerləri açılmışdır. Lakin şəhər ətrafında yerləşən qəsəbələr Bakının sürətli və dinamik inkişafından müəyyən qədər kənarda qalmışdır. Həmin qəsəbələrin kompleks inkişafının təmin edilməsi və problemlərinin aradan qaldırılması (kommunal xidmətlər, məktəblərin və səhiyyə ocaqlarının tikintisi, qəsəbəətrafı və qəsəbədaxili yolların salınması, iş yerlərinin açılması və s.) öz konkret həllini gözləyir.

Bakı şəhərinin qəsəbələrinin sosial-iqtisadi inkişafının təmin edilməsi, əhalinin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması, mövcud problemlərin aradan qaldırılması məqsədi ilə qərara alıram:

1. “Bakı şəhərinin qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair tədbirlər Proqramı” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin. Proqramın icrasının gedişi barədə mütəmadi olaraq Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 27 fevral 2006-cı il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin