ELM VƏ TƏHSİL
BALAKƏNİN TƏHSİL İŞÇİLƏRİ YENİ DƏRS İLİNİ YÜKSƏK ƏHVAL-RUHİYYƏ İLƏ QARŞILAYIRLAR
Bu fikirlər Balakəndə keçirilən təhsil işçilərinin sentyabr konfransındakı çıxışlarda xüsusi vurğulanmışdır.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin abidəsi önünə gül-çiçək düzmüşlər.
Rayon mədəniyyət evinin foyesində təşkil edilmiş məktəblilərin əl işlərindən ibarət sərgi konfrans iştirakçılarında böyük maraq doğurmuşdur.
Rayon təhsil şöbəsinin müdiri Seyfullah Kərimovun 2006-2007-ci tədris ilinin yekunlarına həsr olunmuş məruzəsində görülmüş işlər geniş təhlil edilmiş, qazanılmış uğurlardan, qarşıda duran vəzifələrdən bəhs olunmuşdur. Məruzəçi bildirmişdir ki, rayonun 48 ümumtəhsil, 25 məktəbəqədər və 5 məktəbdənkənar təhsil müəssisəsində ümumilikdə 15 min 442 şagird və 1330 məktəbəqədər yaşlı uşaq təhsil və tərbiyə alır. Onların təlim-tərbiyəsi ilə 1700-ə yaxın müəllim və tərbiyəçi məşğul olur. Bu il ali məktəblərə qəbul imtahanlarında 520 nəfər balakənli məzun öz qüvvəsini sinamış və onlardan 149 nəfəri tələbə adını qazanmışdır. Məzunlardan 4 nəfəri qəbul imtahanlarında 600-dən çox bal toplamışdır.
Müəssisələrin inventar və avadanlıqlarla, habelə dərsliklərlə təminatı məsələlərinə toxunan məruzəçi bu il büdcə vəsaiti hesabına məktəblərə 236 ədəd parta, 333 ədəd stul, 53 ədəd şkaf, 18 ədəd yazı lövhəsinin alındığını bildirmiş, eyni zamanda növbəti dərs ilində bu məqsədlə büdcədən 350 min manat vəsaitin ayrılacağını nəzərə çatdırmışdır. Hazırda 11 məktəbdə kompyuter kabinetlərinin fəaliyyət göstərdiyini, bu otaqlarda 183 ədəd kompyuterin quraşdırıldığını xatırladan şöbə müdiri, cari dərs ilində daha 11 kompyuter kabinetinin yaradılacağını və 150 kompyuterin quraşdırılacağını bildirmişdir.
Təhsil işçilərini yeni dərs ilinin başlanması münasibətilə təbrik edən Balakən Rayon İcra Hakimiyyətinin başçısı Asif Məmmədov son vaxtlar digər sahələr kimi, təhsildə də qazanılan uğurların məhz Prezident İlham Əliyevin bu sahənin inkişafına göstərdiyi yüksək diqqət və qayğısı sayəsində əldə edildiyini xüsusi vurğulamış, dövlət başçısının “Ən yaxşı ümumtəhsil məktəbi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında” Sərəncamının müəllimlərin fədakar əməyinə verilən yüksək qiymətin daha bir nümunəsi olduğunu nəzərə çatdırmışdır.
Məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində görülən işlərə toxunan icra hakimiyyətinin başçısı hazırda rayonda Heydər Əliyev Fondunun təşəbbüsü ilə, habelə Dövlət Neft Şirkətinin və büdcə vəsaiti hesabına 6 məktəb binasının inşa edildiyini, bir məktəb binasında isə əsaslı təmir işlərinin aparıldığını nəzərə çatdırmış, bu istiqamətdə tədbirlərin gələcəkdə də ardıcıl davam etdiriləcəyini bildirmişdir.
Konfransın sonunda Təhsil Nazirliyinin məsul nümayəndəsi Aydın Əhmədov məktəb rəhbərlərinin, müəllimlərin çoxsaylı suallarını cavablandırmış, onlara tapşırıq və tövsiyələrini çatdırmışdır.