CƏMİYYƏT
BAMF BMT-nin məşvərətçi statusunu almaq istəyən QHT-lərə müraciət edib
Bakı, 25 aprel, AZƏRTAC
Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatı (QHT) olan Beynəlxalq Avrasiya Mətbuat Fonduna (BAMF) BMT İqtisadi və Sosial Təşkilatından (ECOSOC) qurumun məşvərətçi statusunu almaq üçün müraciət edən QHT-lərə yardım etməsi ilə bağlı məktub daxil olub. Bu barədə AZƏRTAC-a BAMF-dan məlumat veriblər.
BAMF BMT-nin BMT İP, BMT QAK, UNİCEF, UNEP və s. kimi müxtəlif qurumları ilə əməkdaşlıq sahəsində uzunmüddətli və geniş təcrübəyə malikdir. BAMF 2007-ci ildən ECOSOC ilə əməkdaşlıq etməyə başlayıb və 2013-cü ilin sonunda əsas məşvərətçi statusu kimi təsnif edilən xüsusi məşvərətçi statusu alıb. Hazırda BAMF 2014-ci ildən indiyədək Azərbaycanda BMT-nin İqtisadi və Sosial Şurası yanında əsas məşvərətçi statusa malik yeganə QHT-dir.
Qeyd edək ki, əsas məşvərətçi statusu bir sıra sahələrin inkişafına əhəmiyyətli və davamlı töhfə verən və geniş anlamda bir çox ölkələrdə cəmiyyətin əsas təbəqələrini təmsil edən Şuranın fəaliyyətinin böyük hissəsini təşkil edən QHT-lərə verilə bilən ən yüksək statusdur.
BAMF Azərbaycanda və keçmiş SSRİ-nin digər ölkələrində BMT-nin İqtisadi və Sosial Şurasının məqsəd və prioritetlərini təşviq edir. Təşkilat çox sayda QHT-nin iştirakı ilə ECOSOC-a üzvlük məsələsi və onun üstünlükləri barədə bütün zəruri məlumatların verildiyi tədbirləri müntəzəm olaraq təşkil edir.
BAMF-ın prezidenti Umud Mirzəyev Azərbaycanda müxtəlif QHT-ləri bu fürsətdən istifadə edərək BMT ECOSOC-un məşvərətçi statusunu almaq üçün müraciət etməyə çağırır.
Qeyri-Hökumət Təşkilatları Komitəsinin 2019-cu ildə qeyri-hökumət təşkilatlarının ECOSOC-un məşvərətçi statusunu almaq üçün müraciətlərinə baxması üçün may ayı son tarixdir. Maraqlananlar 2018-ci il iyunun 1-dək ərizə və lazımi sənədləri təqdim etməlidirlər.
Aşağıdakı linkdə əsas məlumat, məşvərətçi statusun üstünlükləri və istifadə qaydaları ilə tanış olmaq mümkündür:
Hər hansı bir sual yarandığı təqdirdə BAMF müraciət etməyə hazır olan QHT-lərlə məsləhətləşmələr aparmağa hazırdır. Bundan əlavə, BAMF Azərbaycanda BMT-nin bir sıra nümayəndələrinin iştirakı ilə QHT-lər üçün növbəti sessiya təşkil etməyi planlaşdırır. Tədbir yerli QHT-lərin BMT qurumları ilə əlaqələrinin gücləndirilməsi, ECOSOC-a üzvlük məsələsi, BAMF-nın dəstəyi ilə BMT-nin Davamlı İnkişaf Məqsədlərinin dəstəklənməsi və təşviq edilməsi imkanlarının müzakirəsinə yönəlib.