Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

BANKLAR HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASININQANUNU

Bu qanun Azərbaycanda bank sisteminin hüquqi bazasının beynəlxalq standartlara tam uyğunlaşdırılması, iqtisadiyyatda bank xidmətlərinin rolunun artırılması, bank əmanətçilərinin və kreditorlarının müdafiəsinin gücləndirilməsi və bütövlükdə bank sisteminin stabil və təhlükəsiz fəaliyyətinin təmin edilməsi məqsədilə bankların təşkili, daxili idarəedilməsi, fəaliyyətinin tənzimlənməsi və ləğv edilməsi prinsiplərini, qaydalarını və normalarını müəyyən edir.

I FƏSİL

ÜMUMİ MÜDDƏALAR

Maddə 1. Əsas anlayışlar

Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:

Bank - fiziki və hüquqi şəxslərdən depozitlərin və ya digər qaytarılan vəsaitlərin cəlb edilməsi, öz adından və öz hesabına kreditlərin verilməsini, habelə müştərilərin tapşırığı ilə köçürmə və hesablaşma-kassa əməliyyatlarını məcmu halda həyata keçirən hüquqi şəxsdir.

Bank holdinq şirkəti – bank lisenziyasına malik bir və ya bir neçə törəmə bankı olan, fəaliyyəti baş ofisinin yerləşdiyi ölkənin bank tənzimləməsi orqanları tərəfindən tənzimlənən və nəzarət olunan şirkətdir.

Törəmə bank – nizamnamə kapitalında səsvermə hüququ verən səhmlərin əllidən çox faizi təsisçi banka və ya bank holdinq şirkətinə məxsus olan bankdır, yaxud elə bankdır ki, onunla təsisçi bank və ya bank holdinq şirkəti arasında bağlanmış müqaviləyə əsasən təsisçi banka və ya bank holdinq şirkətinə onun qərarlarının qəbul edilməsinə mühüm təsir göstərmək imkanı verilir.

Bankın filialı – hüquqi şəxs olmayan, bankın olduğu yerdən kənarda yerləşən, öhdəlikləri üçün bankın özünün məsuliyyət daşıdığı, banka icazə verilmiş bank fəaliyyətinin hamısını və ya bir hissəsini həyata keçirə bilən bankın ayrıca bölməsidir.

Bankın şöbəsi - hüquqi şəxs olmayan, bankın olduğu yerdən kənarda yerləşən, öhdəlikləri üçün bankın özünün məsuliyyət daşıdığı, onun respublika ərazisində depozitlər cəlb edən və/və ya köçürmə, hesablaşma-kassa əməliyyatları aparan ayrıca bölməsidir.

Bankın nümayəndəliyi – hüquqi şəxs olmayan, bankın olduğu yerdən kənarda yerləşən, bank fəaliyyəti ilə məşğul olmağa hüququ olmayan, yalnız onun mənafelərini təmsil və müdafiə edən bankın ayrıca bölməsidir.

Bank olmayan kredit təşkilatı –öz vəsaiti və/və ya cəlb edilmiş vəsait hesabına (depozitlər istisna olmaqla) yalnız pul formasında kreditlər verməklə məşğul olan hüquqi şəxsdir.

Bank lisenziyası –bu Qanunla müəyyən edilmiş qaydada verilən, fiziki və hüquqi şəxslərdən depozitlər və ya digər qaytarılan vəsaitlər cəlb etmək, öz adından və öz hesabına kreditlər vermək ilə bağlı fəaliyyəti, habelə müştərilərin tapşırığı ilə köçürmə və hesablaşma-kassa əməliyyatlarını məcmu halda həyata keçirməyə müstəsna hüquq verən xüsusi razılıqdır.

Bank krediti (bundan sonra kredit) - bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə (müddətin uzadılması hüququ ilə) və faizlər (komisyon haqqlar) ödənilmək şərti ilə, təminatla və ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaitidir. Həmin şərtlərlə pul vəsaitinin verilməsi haqqında götürülmüş hər hansı öhdəlik, qarantiya, zəmanət, borc qiymətli kağızlarının diskontla və ya faizlər alınmaqla satın alınması və müqaviləyə əsasən hər hansı formada verilmiş vəsaitin qaytarılmasını tələb etməklə bağlı digər hüquq da kredit anlayışına aiddir.

Depozit - müvafiq müqavilə şərtləri ilə faizlər və ya komisyon haqqlar ödənilməklə və ya ödənilmədən müştərilərin (əmanətçilərin) tələbi ilə qaytarılmasını və ya başqa hesaba köçürülməsini nəzərdə tutan bankın balansında aparılan cari, əmanət (depozit) və ya digər hesaba qoyulmuş və ya köçürülmüş pul vəsaitidir.

Mühüm iştirak payı – səhmdar kapitalının və ya səsvermə hüququnun 10 və ya daha çox faizini təşkil edən, yaxud müqavilə əsasında iştirakçısı olduğu hüquqi şəxsin qərarlarının qəbul edilməsinə mühüm təsir göstərməyə imkan verən paya birbaşa və ya dolayı yolla sahiblikdir.

İnzibatçı – bankın Müşahidə Şurasının, Audit Komitəsinin və Idarə Heyətinin üzvləri, habelə bankın baş mühasibi (mühasibat xidmətinin rəhbəri), daxili audit bölməsinin əməkdaşları, bank filialının, şöbəsinin və nümayəndəliyinin rəhbərləri və baş mühasibləri.

Banka aidiyyatı olan şəxslər - bankın inzibatçıları, struktur bölmələrinin rəhbərləri, qərarların qəbul edilməsində iştirak edən digər əməkdaşları və onlarla yaxın qohumluq münasibətlərində olan şəxslər (əri/arvadı, valideyni, o cümlədən ərinin/ arvadının valideyni, babası, nənəsi, övladı, o cümlədən övladlığa götürülən, qardaşı və bacısı); bankda mühüm iştirak payı olan hər hansı şəxs və ya bankın mühüm iştirak payı olan hüquqi şəxs və həmin hüquqi şəxsdə mühüm iştirak payı olan hər hansı şəxs, habelə bu cür mühüm iştirak payına malik olan hüquqi şəxslərin icra orqanlarının rəhbərləri.

Banka aidiyyatı olan şəxs adından hərəkət edən şəxslər - aralarında bağladıqları müqavilə əsasında banka aidiyyatı olan şəxs adından hərəkət etməyə hüququ olan şəxs; banka aidiyyatı olan şəxsin mühüm təsir göstərə bildiyi hüquqi şəxs; banka aidiyyatı olan şəxsin nümayəndəsi.

Klirinq - hesablaşmalar sisteminin bir və ya bir neçə iştirakçısının həmin sistemin bir və ya bir neçə digər iştirakçısına verdiyi və ya onlardan aldığı ödəniş məbləğləri üzrə yaranan tələblərin və öhdəliklərin, onların fərqi olan bir xalis tələb və ya bir xalis öhdəliyə çevrilməsi prosesidir.

“Yerli” sözü banka, filiala və ya nümayəndəliyə aid edildikdə əsas fəaliyyət yeri Azərbaycan Respublikasında olan bank, filial və ya nümayəndəlik başa düşülür.

“Xarici” sözü banka, filiala və ya nümayəndəliyə aid edildikdə əsas fəaliyyət yeri Azərbaycan Respublikasından kənarda olan bank, filial və ya nümayəndəlik başa düşülür.

"Kredit təşkilatı" - bank, xarici bankın yerli filialı və ya bank olmayan kredit təşkilatdır.

"Məqbul və lazımi keyfiyyətlərə malik şəxs" - vətəndaş qüsursuzluğuna malik olan, habelə, ictimai mövqeyinə görə vicdanlı və etimada layiq sayılan və peşəkar keyfiyyətləri, təcrübəsi, işgüzar mənafeləri ona bankın mühüm iştirak payının sahibi, inzibatçısı, müvəqqəti inzibatçısı və ləğvedicisi olmaq imkanı verən fiziki şəxsdir;

“Vətəndaş qüsursuzluğu” dedikdə, mühüm iştirak payının sahibləri, o hüquqi şəxs olduqda onun icra orqanının rəhbərləri, habelə bankın törəmə strukturlarının rəhbərləri üçün qəsdən törədilmiş cinayətə görə məhkumluğun olmaması; inzibatçı, müvəqqəti inzibatçı və ləğvedici üçün məhkumluğunun olmaması, keçmişdə mülkiyyət əleyhinə və iqtisadi fəaliyyət sahəsində ağır və xüsusilə ağır cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilməsi faktının olmaması, müvafiq vəzifəni tutması və ya peşə fəaliyyəti ilə məşğul olması üzərində məhkəmə qərarı ilə qoyulmuş qadağanın olmaması, məhkəmə qaydasında müflis elan edilməsi faktının olmaması başa düşülür.

“Prudensial”- bankın təhlükəsiz fəaliyyətinin təmin edilməsinə istiqamətlənmiş normativlərə, qaydalara, tələblərə və göstərişlərə əsaslanmış düşünülmüş davranış, idarəetmə və nəzarət üsuludur.

Bankın məcmu kapitalı (öz vəsaiti) – prudensial hesabatlıq məqsədləri üçün istifadə olunan kapital olmaqla, Milli Bankın normativ xarakterli aktları ilə müəyyən etdiyi I dərəcəli (əsas) və II dərəcəli (əlavə) kapitala daxil olan komponentlərin (elementlərin) cəmi və onlardan tutulmaların fərqidir.

Maddə 2. Bank sistemi və onun hüquqi əsasları

2.1.Azərbaycan Respublikasının bank sistemi Azərbaycan Respublikasının Milli Bankından (bundan sonra mətndə - Milli Bank) və kredit təşkilatlarından ibarətdir.

2.2. Milli Bank dövlətin mərkəzi bankıdır və onun fəaliyyəti Azərbaycan Respublikasının Konstitusiyası, “Azərbaycan Respublikasının Milli Bankı haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, bu Qanun və bunlara müvafiq olaraq qəbul edilmiş digər normativ hüquqi aktlar, habelə Azərbaycan Respublikasının tərəfdar cıxdıgı beynəlxalq müqavilələrlə tənzimlənir.

2.3. Azərbaycan Respublikasında kredit təşkilatlarının fəaliyyəti Azərbaycan Respublikasının Konstitusiyası, bu Qanun, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, “Azərbaycan Respublikasının Milli Bankı haqqında” və “Kredit İttifaqları haqqında” Azərbaycan Respublikası qanunları, Milli Bankın bunlara müvafiq olaraq qəbul edilmiş normativ aktları, Azərbaycan Respublikasının digər normativ hüquqi aktları,habelə Azərbaycan Respublikasının tərəfdar cıxdıgı beynəlxalq müqavilələrlə tənzimlənir.

2.4. Cari bank fəaliyyəti ilə bağlı qərarları qəbul edərkən kredit təşkilatları dövlət hakimiyyəti və bələdiyyə orqanlarından asılı deyildir və onlar kredit təşkilatlarının fəaliyyətinə qarışa bilməz. Kredit təşkilatları qanunla onların fəaliyyət növlərinə aid edilməyən fəaliyyəti həyata kecirməyə məcbur edilə bilməz.

2.5. Kredit təşkilatlarının və dövlətin müvafiq öhdəlik götürdüyü hallardan başqa bütün digər hallarda kredit təşkilatları dövlətin, dövlət isə kredit təşkilatlarının öhdəlikləri üçün məsuliyyət daşımır.

Maddə 3. Bank fəaliyyətinin həyata kecirilməsinə dair ümumi qaydalar

3.1. Azərbaycan Respublikasının ərazisində banklar və bank olmayan kredit təşkilatları bank fəaliyyətinı Milli Bankın verdiyi xüsusi razılıq (lisenziya) əsasında həyata keçirilə bilər.

3.2. Depozit əməliyyatları yalnız banklar tərəfindən həyata keçirilə bilər.

3.3. Bu Qanunun 3.4-cü maddəsi istisna olmaqla digər müddəaları ”Kredit İttifaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və dıgər qanunvericiliyə müvafiq olaraq lisenziyalaşdırılan və tənzimlənən kredit ittifaqlarına və başqa bank olmayan kredit təşkilatlarına şamil olunmur.

3.4. Bu Qanunun 3.3-cü maddəsində göstətilən bank olmayan kredit təşkilatlarının bank fəaliyyətinin lisenziyalaşdırılması və tənzimlənməsi qüvvədə olan qanunvericilik və Milli Bankın normativ xarakterli aktları ilə həyata keçirilir. Bank olmayan kredit təşkilatlarına rəhbərlik edən işçilərin peşə ixtisasına və təcrübəsinə dair tələblər Milli Bank tərəfindən müəyyən edilir.

3.5. Milli Bank hər hansı şəxsin lisenziyası olmadan bu Qanunun 3.1-ci maddəsində göstərilən fəaliyyətlə məşğul olduğunu müəyyən etdikdə, həmin şəxsə bu fəaliyyətinə xitam verilməsi haqqında tələb göndərir və müvafiq dövlət orqanlarına bu barədə məlumat verir.

Maddə 4. Bankın adı

4.1. Bankın onun nizamnaməsi ilə müəyyən edilmiş firma adında mütləq qaydada “bank” sözü olmalıdır. Heç bir bank istənilən sənəddə, elanlarda və ya reklamda özünün nizamnaməsində göstərilən addan fərqli adla adlandırıla bilməz.

4.2. "Bank" sözünün işlədildiyi mətndən bu sözün bank fəaliyyətinə aid edilmədiyi tam aydın olduğu hallardan başqa bank fəaliyyəti ilə məşğul olmayan hüquqi şəxsin adında “bank” sözünün (“bank” sözü olan söz birləşməsinin) istifadəsi qadağandır.

4.3. Bankın törəmə banklarının adında əsas bankın adı göstərilməlidir. Bankların filiallarının, söbələrinin və ya nümayəndəlıklərinin adında bank sözü hüquqi bağlılıq və mənsubiyyət mənasında göstərilməlıdır.

4.4. Bank lisenziyası ləğv olunmuş bankların adına "ləğv prosesində olan" sözləri əlavə edilir.

4.5. Bankın adında "Azərbaycan Respublikası", "dövlət", "milli" sözlərindən istifadə edilməsinə yalnız qanunvericilikdə nəzərdə tutulduğu hallarda yol verilir.

4.6. Banklar eyni addan istifadə edə bilməz.

Maddə 5. Azərbaycan Respublikasının bank sistemində

xarici-kapitalın iştirakı

5.1. Azərbaycan Respublikasının bank sistemində xarici bank kapitalının iştirak limiti Milli Bank tərəfindən müəyyən edilir.

5.2. Xarici bank və ya xarici bank holdinq şirkəti istisna olmaqla, əcnəbilərin və xarici hüquqi şəxslərin yerli banklarda iştirakına Milli Bank tərəfindən limit müəyyən edilir.

5.3. Milli Bank xarici bankların və xarici bank holdinq şirkətlərinin yerli törəmə banklarının, filiallarının və nümayəndəliklərinin, habelə yerli bankların xarici filiallarının və nümayəndəliklərinin fəaliyyətinin tənzimlənməsini və onlara nəzarəti həyata keçirdikdə müvafiq xarici bank tənzimləməsi və nəzarəti orqanları ilə qarşılıqlılıq əsasında və Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayaraq (o cümlədən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə müvafiq olaraq) öz nəzarət funksiyalarının yerinə yetirilməsi üçün zəruri olan məlumatı ala bilər. Milli Bank xarici bank tənzimlənməsi və nəzarəti orqanları ilə məlumat mübadiləsini bu məlumatın məxfiliyini təmin etməklə həyata keçirə bilər. Bu məqsədlə Milli Bank xarici bank tənzimləməsi və nəzarəti orqanları ilə əməkdaşlıq haqqında sazişlər bağlaya bilər.

5.4. Xarici banklar və xarici bank holdinq şirkətləri də daxil olmaqla, siyahısı Milli Bank tərəfindən müəyyənləşdirilən offşor zonalarda qeydə alınmış əcnəbilər və xarici hüquqi şəxslər yerli bankların təsisçiləri və ya səhmdarları ola bilməz, habelə yerli törəmə banklar təsis edə bilməz, yerli filiallar və ya nümayəndəliklər aça bilməzlər.

II FƏSİL

BANK FƏALİYYƏTİNİN HƏYATA KEÇİRİLMƏSİ ÜÇÜN

LİSENZİYA VƏ İCAZƏLƏRİN VERİLMƏSİ

Maddə 6. Bank lisenziyaları və icazələr

6.1. Milli Bank bank lisenziyalarının verilməsində və ləğv edilməsində, habelə filiallar, şöbələr və nümayəndəliklər açmaq üçün banklara icazə verilməsində və verilmiş icazələrin ləğv edilməsində müstəsna hüquqlara malikdir.

6.2. Bank lisenziyaları və icazələr yazılı formada müddətsiz olaraq verilir. Bank lisenziyaları və icazələr yalnız onları almış şəxslər tərəfindən istifadə edilə bilər və üçüncü şəxslərə verilə bilməz. Bank lisenziyaları və icazələr Milli Bank tərəfindən verildiyi gündən qüvvəyə minir.

6.3. Milli Bank verdiyi bank lisenziyasında və icazədə bu Qanunun 32-ci maddəsi ilə banklara icazə verilən fəaliyyət növlərinə məhdudiyyətlər qoya bilər.

Bank lisenziyasında və ya icazəsində elə fəaliyyət növləri məhdudlaşdırıla bilər ki, onların həyata keçirilməsi üçün ərizəçi kifayət qədər təşkilati-texniki hazırlığa və ya ixtisasa malik deyildir.

Maddə 7. Bank lisenziyalarının və icazələrin alınması üçün müraciət

7.1. Bank lisenziyası və icazə alınması üçün bankın təsisçiləri və ya qanunvericiliyə müvafiq qaydada vəkil edilmiş şəxslər Milli Banka yazılı şəkildə müraciət edirlər. Müraciətin forması və məzmunu, ona əlavə edilən sənədlər Milli Bankın normativ xarakterli aktları ilə müəyyən edilmiş tələblərə cavab verməlidir.

7.2. Bank lisenziyası və icazə alınması üçün müraciətə baxarkən Milli Bank bankın kapitalında mühüm iştirak paylarının sahiblərinin (hüquqi şəxs olduqda onların icra orqanlarının rəhbərlərinin) və inzibatçıların maliyyə vəziyyəti, peşəkar fəaliyyəti və keçmişdə cinayət məsuliyyətinə cəlb olunub-olunmadıqları haqqında maliyyə, vergi və hüquq mühafizə orqanlarından məlumat ala bilər. Bu tələb sonradan bankda mühüm iştirak payını əldə etmək istəyən şəxslərə (hüquqi şəxs olduqda onların icra orqanlarının rəhbərlərinə), yeni təyin olunan inzibatçılara və bankın törəmə strukturuna çevrilən hüquqi şəxsin icra orqanlarının rəhbərlərinə də şamil edilir. Bu məqsədlə maliyyə, vergi və hüquq mühafizə orqanları Milli Banka onun tələb edə biləcəyi məlumatı verir.

7.3. İlkin müraciətə baxılması və bank lisenziyasının verilməsi üçün “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş miqdarda və qaydada dövlət rüsumu ödənilir.

Maddə 8. Bank lisenziyasının alınması üçün müraciətlərə baxılması

qaydaları

8.1. Bank lisenziyasının alınması üçün müraciətlərə baxılması iki mərhələdən ibarətdir:

8.1.1. bankın təsisçiləri və уа qanunvericiliyə müvafiq qaydada vəkil edilmiş şəxs (şəxslər) tərəfindən bank lisenziyası almaq üçün ilkin müraciətin edilməsi və ona baxılması (birinci mərhələ) və

8.1.2. bank dövlət qeydiyyatına alındıqdan sonra bank lisenziyası almaq üçün yekun müraciətin edilməsi və ona baxılması (ikinci mərhələ).

8.2. İlkin müraciətə aşağıdakı sənədlər əlavə olunur:

8.2.1. Bankın səsvermə hüququ olan səhmlərini əldə edəcək hər bir sahibi üçün:

8.2.1.1. həmin sahib hüquqi şəxs olduqda - onun adını, ünvanını, kommersiya fəaliyyətinin növünü, azı son üç maliyyə ilini (hüquqi şəxs üç ildən az müddətdə yaradıldıqda isə son maliyyə illəri və ya ili) əhatə edən və auditor yoxlamasından keçmiş maliyyə hesabatlarını və auditor rəyini göstərən məlumat və sənədlər, habelə həmin şəxsin nəzərdə tutulan iştirak payının əldə edilməsi barədə səlahiyyətli idarəetmə orqanının qərarının surəti;

8.2.1.2. həmin sahib xarici hüquqi şəxs olduqda – bu Qanunun 8.2.1.1-ci maddəsində sadalanan sənədlərdən başqa qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış, onların yerləşdiyi ölkədə qeydiyyatdan keçdiyini təsdiq edən sənəd, nizamnamə (əsasnamə), ən azı son üç maliyyə ili üçün auditor yoxlamasından keçmiş maliyyə hesabatı və auditor rəyi;

8.2.1.3. həmin sahib fiziki şəxs olduqda - onun soyadını, adını, atasının adını və vətəndaşlığını, şəxsiyyət vəsiqəsinin və ya şəxsiyyətini təsdiq edən digər sənədin məlumatlarını, daimi yaşayış yerini, məşğuliyyət növünü göstərən məlumat və sənədlər;

8.2.1.4. həmin sahib əcnəbi olduqda – bu Qanunun 8.2.1.3-cü maddəsində sadalanan sənədlərdən başqa rezidenti olduğu ölkənin bir və ya bir neçə maliyyə təşkilatlarının müsbət tövsiyyələri və/və ya bank hesablarından çıxarışlar;

8.2.2. Bankın təklif edilən nizamnamə kapitalının miqdarı, bankın nizamnamə kapitalında təklif edilən hər bir sahibin (səhmdarın) payı, onların digər təşkilatlarda mühüm iştirak payları, habelə hər bir hüquqi şəxs üçün bu hüqüqi şəxsin kapitalında digər şəxslərin mühüm iştirak payları haqqında məlumatlar;

8.2.3. Bankda mühüm iştirak payının təklif edilən sahibi hüquqi şəxs olduqda onun icra orqanlarının rəhbərlərinin siyahısı. Hər bir rəhbər tərəfindən imzalanmış və imzası notariat qaydasında təsdiqlənmiş vətəndaş qüsursuzluğuna dair ərizə;

Rəhbər əcnəbi olduqda, rezidenti olduğu ölkənin müvafiq hakimiyyət orqanları tərəfindən onun cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş və qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış arayış;

8.2.4. Əgər mühüm iştirak payının sahibi olan hüquqi şəxs şirkətlər qrupuna daxildirsə bu qrup haqqında məlumatlar, o cümlədən qrupa daxil olan digər təşkilatlarda mühüm iştirak payına malik şəxslər, bu şəxslərin inzibatçıları haqda məlumatlar;

8.2.5. Bankda mühüm iştirak payının təklif edilən sahibi fiziki şəxs olduqda onun tərəfindən imzalanmış və imzası notariat qaydasında təsdiqlənmiş vətəndaş qüsursuzluğuna dair ərizə;

Mühüm iştirak payının sahibi əcnəbi olduqda, rezidenti olduğu ölkənin müvafiq hakimiyyət orqanları tərəfindən onun cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş və qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış arayış;

8.2.6. Bankın yaradılması, onun nizamnaməsinin qəbul edilməsi və idarəetmə orqanlarının formalaşdırılması haqqında protokol da daxil olmaqla bankın təsis sənədlərinin surəti və bankın nizamnaməsi;

8.2.7. Bankın kommersiya strategiyasını, nəzərdə tutduğu fəaliyyət növlərini, təşkilati strukturunu, o cümlədən daxili nəzarət sistemini və ilk üç il üçün maliyyə proqnozlarını (balans, mənfəət və zərər haqqında hesabatı) müəyyənləşdirən biznes-planı;

8.2.8. Bankın təklif edilən inzibatçılarının siyahısı, habelə onların hər biri üçün peşə ixtisası və təcrübəsi haqqında məlumatın göstərildiyi sənədlərin (təhsil və əmək fəaliyyəti haqqında) notariat qaydasında təsdiqlənmiş surətləri, həmin şəxslər tərəfindən doldurulmuş anket, bankda və digər hüquqi şəxslərdə onların mühüm iştirak paylarının miqdarı və siyahısı, tərəflərindən imzalanmış və imzası notariat qaydasında təsdiqlənmiş vətəndaş qüsursuzluğuna dair ərizə;

Inzibatçı əcnəbi olduqda, rezidenti olduğu ölkənin müvafiq hakimiyyət orqanları tərəfindən onun cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş və qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış arayış;

8.2.9. Xarici bankın və ya xarici bank holdinq şirkətinin yerli törəmə bankı üçün bu Qanunun 13.2-ci maddəsində göstərilmiş sənədlər;

8.2.10. İlkin müraciətə baxılması üçün dövlət rüsumunun ödənildiyini təsdiq edən bank sənədi.

8.3. Milli Bank baxılmaq üçün ona təqdim edilmiş ilkin müraciətdə və ya müraciətə əlavə edilmiş sənədlərdə səhvlər və ya çatışmazlıqlar müəyyən etdikdə, bu barədə müraciət edənlərə 15 təqvim günü müddətində bildiriş göndərir və onlara bu səhvləri və ya çatışmazlıqları aradan qaldırmağı təklif edir. Həmin müddətdə Milli Bank müraciət edənlərə yazılı bildiriş göndərməzsə sənədlər baxılmaq üçün qəbul edilmiş hesab edilir.

8.4. Milli Bank ilkin müraciəti bu Qanunun 8.3-cü maddəsində göstərilən bildirişin göndərildiyi gündən ən geci 90 təqvim günü müddətində, xarici təsisçilərin iştirakı olduğu halda isə ən geci 180 təqvim günü müddətində baxır və müvafiq qərar qəbul edir. Hər bir halda Milli Bank qəbul etdiyi qərarı müraciət edənlərə göndərir.

8.5. Milli Bankın ilkin müracıətə müsbət baxılması haqqında qərarında aşağıdakılar göstərilir:

8.5.1. bankın biznes-planı və təqdim edilmiş sənədlərdə göstərilən bank fəaliyyəti növlərini nəzərə almaqla ödənilməli olan ilkin nizamnamə kapitalının minimum miqdarı.

8.5.2. bank lisenziyasına daxil edilən bütün məhdudiyyətlər və bunun əsaslandırılması;

8.5.3. ərizəçilərin bank lisenziyası verilənədək yerinə yetirməli olduqları şərtlər və onlara dair tədbirlər;

8.6. Milli Bank bank lisenziyası almaq üçün ilkin müraciəti rədd etdikdə, öz qərarında bunun səbəblərini göstərməlidir.

8.7. İlkin müraciət rədd edildikdə bank lisenziyasının alınması üçün müraciət Milli Banka təkrarən təqdim edildikdə, ona yeni müraciət kimi baxılır.

8.8. Milli Bank bank lisenziyası alınması üçün ilkin müraciətə müsbət baxdıqda, ilkin nizamnamə kapitalının minimum miqdarının köçürülməsi üçün öz balansında həmin bankın müraciəti ilə onun adına hesab açır.

8.9. Təsis edilən bank ilkin müraciətinin müsbət baxılması haqqında qərarın qəbul olunduğu gündən 180 təqvim günü müddətində ilkin nizamnamə kapitalının minimum miqdarını ödəməli və Azərbaycan Respublikasının Mülki Məcəlləsi və ona müvafiq olaraq qəbul edilmiş digər qanunvericilik aktlarına uyğun dövlət qeydiyyatından keçməlidir. Bu müddət ərzində təsis edilən bank korporativ idarəetmə sistemlərini təşkil etməli (bu Qanunun tələblərinə uyğun idarəetmə orqanlarını yaratmalı, təşkilati strukturu formalaşdırmalı, informasiya texnologiya sistemini tətbiq etməyə hazır olmalı, mühasibat uçotu və hesabatı siyasətini müəyyən etməli, reqlament hazırlamalı, müvafiq rəhbər və minimum işçi heyəti müəyyən etməli), texniki-təchizat və təhlükəsizlik tədbirlərini tamamlamalıdır.

8.10. Bank lisenziyası almaq üçün yekun müraciətə aşağıdakı sənədlər əlavə edilir:

8.10.1. dövlət qeydiyyatı haqqında sənədin və nizamnamənin surəti, habelə bankın reqlamenti;

8.10.2. bankın yaradılması və inzibatçıların təyin edilməsi haqqında səhmdarların ümumi yığıncağının qərarının surəti;

8.10.3. bank lisenziyasının alınması üçün ilkin müraciətə müsbət baxılması haqqında Milli Bankın qərarı ilə müəyyən edilmiş şərtlər qoyulduqda, həmin şərtlərin yerinə yetirildiyini təsdiqləyən sənəd (sənədlər);

8.10.4. ilkin müraciətlə təqdim edilmiş məlumatlarda əhəmiyyətli dəyişikliklər olduqda həmin dəyişikliklərin müfəssəl şərh edildiyi yazılı məlumat;

8.10.5. bankın korporativ idarəetmə sistemlərinin, o cümlədən idarəetmə orqanlarının formalaşdırılması, texniki-təchizat və təhlükəsizlik tədbirlərinin həyata keçirilməsini təsdiqləyən sənədlər;

8.10.6. bank lisenziyasının verilməsi üçün dövlət rüsumunun ödənildiyini təsdiqləyən bank sənədi.

8.11. Bankın yekun müraciətinə və ona əlavə edilmiş sənədlərə ən geci 30 təqvim günü müddətində baxılır. Yekun müraciətdə və/və ya ona əlavə edilmiş sənədlərdə səhvlər və ya çatışmazlıqlar müəyyən edildikdə, onların aradan qaldırılması üçün Milli Bank müraciət edən banka müvafiq bildiriş göndərir. Yenidən təqdim olunmuş sənədlərə Milli Bank ən geci 15 təqvim günü müddətində baxmalıdır. Milli Bank sənədlərin bu Qanunun 8.10-cu maddəsinin tələblərinə cavab verdiyini, ilkin nizamnamə kapitalının minimum miqdarı üzrə ödənişlərin Milli Banka daxil olduğunu müəyyən etdikdə bank lisenziyasının verilməsi haqqında qərar qəbul edir və bu barədə müraciət edənlərə 5 təqvim günü müddətində yazılı bildiriş göndərir.

Maddə 9. Xarici bankların yerli filiallarının lisenziyalaşdırılması

9.1. Milli Bankın verdiyi bank lisenziyası olmadan heç bir xarici bank Azərbaycan Respublikasında filiallar aça bilməz.

9.2. Xarici bankın yerli filialının açılmasına bank lisenziyasının alınması üçün müraciətlərə baxılması iki mərhələdən ibarətdir:

9.2.1. bank lisenziyası almaq üçün ilkin müraciətin edilməsi və ona baxılması (birinci mərhələ) və

9.2.2. dövlət qeydiyyatına alındıqdan sonra bank lisenziyası almaq üçün yekun müraciətin edilməsi və ona baxılması (ikinci mərhələ).

9.3. Xarici bank tərəfindən Azərbaycan Respublikasında filial açılmasına dair ilkin müraciətə qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış aşağıdakı sənədlər əlavə edilir:

9.3.1. bankın nizamnaməsi və filialın yaradılması barədə səlahiyyətli idarəetmə orqanının qərarının surəti;

9.3.2. bankın mühüm iştirak paylarına malik olan sahiblərinin payı göstərilməklə siyahısı;

9.3.3. əgər bank şirkətlər qrupuna daxildirsə, həmin qrup haqqında məlumat, o cümlədən qrupa daxil olan digər təşkilatlarda mühüm iştirak payına malik şəxslər, bu şəxslərin inzibatçıları haqda məlumatlar;

9.3.4. təsisçi bank tərəfindən filiala ayrılmış, kapitala bərabər tutulmuş vəsaitin miqdarı haqqında məlumat;

9.3.5. bankın ən azı son üç maliyyə ili üçün auditor yoxlamasından keçmiş maliyyə hesabatı və auditor rəyi;

9.3.6. filialın əsasnaməsi. Əsasnamədə filialın fəaliyyəti ilə bağlı digər məlumatlarla yanaşı bank fəaliyyəti növləri, bank tərəfindən filial üzərində nəzarətin həyata keçirilməsi və ləğv edilməsi qaydası göstərilməlidir;

9.3.7. filialın kommersiya strategiyasını, nəzərdə tutduğu fəaliyyət növlərini, təşkilati strukturunu, o cümlədən daxili nəzarət sistemini, habelə filialın işinin ilk üç ili üçün maliyyə proqnozlarını (balans, mənfəət və zərər haqqında hesabat) müəyyənləşdirən biznes-planı;

9.3.8. bu Qanunun 13.2.1-ci maddəsində göstərilmiş sənədlər;

9.3.9. filialın öhdəlikləri üçün bankın məsuliyyət götürməsini təsdiq edən sənəd;

9.3.10. filiala təyin edilməsi təklif edilən inzibatçıların siyahısı, habelə onların hər biri üçün peşə ixtisası və təcrübəsi haqqında məlumatın göstərildiyi sənədlərin (təhsil və əmək fəaliyyəti haqqında) notariat qaydasında təsdiqlənmiş surətləri, həmin şəxslər tərəfindən doldurulmuş anket, bankda və digər hüquqi şəxslərdə onların mühüm iştirak paylarının miqdarı və siyahısı, tərəflərindən imzalanmış və imzası notariat qaydasında təsdiqlənmiş vətəndaş qüsursuzluğuna dair ərizə;

İnzibatçı əcnəbi olduqda, rezidenti olduğu ölkənin müvafiq hakimiyyət orqanları tərəfindən onun cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş və qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış arayış;

9.3.11. ilkin müraciətə baxılması üçün dövlət rüsumunun ödənildiyini təsdiq edən bank sənədi.

9.4. Xarici bankların yerli filiallarına bank lisenziyasının alınması üçün təqdim etdikləri ilkin və yekun müraciətlərə baxılması və bank lisenziyasının verilməsi bu Qanunun 8-ci maddəsində müəyyən edilmiş qaydada həyata keçirilir.

Maddə 10. İnzibatçılara dair tələblər

10.1. Bankların, onların filiallarının, şöbələrinin, nümayəndəliklərinin və xarici bankların yerli filiallarının və nümayəndəliklərinin inzibatçıları məqbul və lazımi keyfiyyətə malik şəxslər olmalıdır.

10.2. Aşağıdakı şəxslər bankların, onların filiallarının, şöbələrinin və xarici bankların yerli filiallarının inzibatçısı ola bilməzlər:

10.2.1. maliyyə vəziyyətinin pisləşməsi və prudensial tələbləri pozmaqla əlaqədar məcburi ləğv olunmuş, yaxud müflis elan olunmuş bankda ləğvetmə və ya iflas haqqında qərarın qəbul edildiyi tarixdən əvvəlki bir il ərzində bankın fəaliyyət strategiyasının müəyyən edilməsi və qərarların qəbul edilməsi proseslərində iştirak etmiş inzibatçısı (belə şəxslər üç il ərzində başqa bankın inzibatçısı ola bilməzlər);

10.2.2. üç ildən az olmayan müddət ərzində başqası ilə əvəz edilməsi barədə Milli Bankın tələbi ilə hər hansı bankın, filialın və ya şöbənin inzibatçısı vəzifəsindən azad edilmiş şəxs (işə bərpa olunması haqqında barəsində qanuni qüvvəyə minmiş məhkəmə qərarı olan şəxslər istisna olmaqla);

10.2.3. bankın inzibatçısı hüququndan qanunla müəyyən edilmiş qaydada məhrum edilmiş şəxslər;

10.2.4. bankın digər idarəetmə orqanının (səhmdarların ümumi yığıncağı istisna olmaqla) üzvü olan şəxslər;

10.2.5. İdarə heyətinin üzvləri istisna olmaqla bankda digər vəzifə tutan şəxslər;

10.2.6. Müşahidə Şurasının üzvü üçün - üçdən çox hüquqi şəxsin və ya digər hər hansı bir bankın idarəetmə orqanlarının üzvü olan şəxslər;

10.2.7. bankın İdarə Heyətinin üzvləri, baş mühasibi (mühasibat xidmətinin rəhbəri), daxili audit bölməsinin rəhbəri, bank filialının, şöbəsinin rəhbəri və baş mühasibi üçün - başqa banklarda, xarici bankların yerli filiallarında, digər hüquqi şəxslərdə, o cümlədən banka aidiyyatı olan hüquqi şəxslərdə vəzifə tutan şəxslər (bankın payçı olduğu digər banklarda və hüquqi şəxslərdə Müşahidə Şurasının üzvü olması halları istisna olmaqla);

10.2.8. bankın inzibatçısı ilə qohumluq münasibətlərində olan şəxs - onun əri/ arvadı, valideyni, o cümlədən ərinin/arvadının valideyni, babası, nənəsi, övladı, o cümlədən övladlığa götürülən, qardaşı və bacısı (bank şöbəsinin inzibatçıları istisna olmaqla);

10.2.9. dövlət hakimiyyəti və ya bələdiyyə orqanında qulluqda olan şəxslər (qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla).

10.3. İnzibatçı vəzifəsinə təyin edilmək üçün aşağıdakı tələblər gözlənilməlidir:

10.3.1. bankın Müşahidə Şurasının, Audit Komitəsinin sədri və üzvləri üçün – ali iqtisadi və ya hüquqi təhsilin, yaxud təhsilindən asılı olmayaraq maliyyə idarələrində fəaliyyət strategiyasının müəyyən edilməsi və qərarların qəbul edilməsi proseslərində iştirak etmək imkanı verən iş təcrübəsinin olması;

10.3.2. bankın İdarə Heyətinin sədri və üzvləri, habelə bankın daxili audit bölməsinin və filiallarının rəhbərləri üçün – ali iqtisadi və ya hüquqi təhsilin və bank sistemində azı 2 illik iş stajının olması, yaxud ali təhsilin və bank sistemində azı 4 illik iş stajının olması;

10.3.3. bankın və bank filialının baş mühasibi (mühasibat xidmətinin rəhbəri) üçün – ali iqtisadi təhsilin və bankda mühasib vəzifəsində azı 2 illik iş stajının olması və ya orta ixtisas təhsilinin və mühasib vəzifəsində azı 5 illik iş stajının, o cümlədən bank sistemində azı 2 illik iş stajının olması. Bu tələblər baş mühasibin imza hüququ olan müavininə də şamil edilir.

10.3.4. bank şöbəsinin inzibatçısı üçün – ali və ya orta ixtisas təhsilinin və bank fəaliyyəti sahəsındə 6 aylıq iş stajının olması.

10.4. Bank və ya yerli filialı olan xarici bank, bankın və ya xarici bankın yerli filialının inzibatçısı vəzifəsinə nəzərdə tutulan bütün təyinatlar və dəyişikliklər barəsində Milli Banka yazılı bildiriş göndərməlidir. Bildirişə müvafiq hallarda Qanunun 8.2.8-ci, 9.3.10-cu və 11.3.5-ci maddələrdə nəzərdə tutulan məlumatlar və sənədlər əlavə olunur. Milli Bank bildirişə dair öz münasıbətini 30 təqvim günü müddətində banka və ya xarici bankın yerli filialına bildirməli, bu maddədə nəzərdə tutulan hallarda isə inzibatçıların attestasiya vaxtını təyin etməlidir. Bu müddətdə müraciətçiyə bildiriş göndərilməzsə, inzibatçının namizədliyinə müsbət baxılmış hesab olunur.

İnzibatçı vəzifəsinə nəzərdə tutulan təyinatlar qanunla müəyyən edilmiş tələblərə cavab vermədikdə Milli Bank onların dəyişdirilməsini tələb edə bilər.

Bankın İdarə Heyətinin üzvləri, daxili audit bölməsinin rəhbəri, bankın baş mühasibi (mühasibat xidmətinin rəhbəri) və onun imza hüququ olan müavinləri, habelə yerli və xarici bankların yerli filiallarının rəhbərləri və baş mühasibləri (mühasibat xidmətinin rəhbəri) və onların imza hüququ olan müavinləri Milli Bankda attestasiyadan keçirlər. Bu təyinatlara Milli Bankın müsbət rəyi alındıqdan sonra həmin inzibatçılar öz vəzifələrinin icrasına başlaya bilərlər.

Attestasiyanın keçirilməsi qaydalarını Milli Bank müəyyən edir.

10.5. Bu maddədə nəzərdə tutulan tələblər bankların və xarici bankların yerli filiallarının bütün fəaliyyət dövrünə şamil edilir.

Maddə 11. Yerli bankların filiallarının, şöbələrinin və

nümayəndəliklərinin açılmasına icazələrin alınması

11.1. Milli Bankın icazəsi olmadan yerli bank filial, şöbə və nümayəndəlik aça bilməz.

11.2. Yerli bankların şöbələrinin və yerli nümayəndəliklərinin açılması üçün icazə alınması və icazənin ləğv edilməsi qaydaları, habelə onların fəaliyyəti ilə əlaqədar şərtlər və tələblər Milli Bankın normativ xarakterli aktları ilə müəyyən edilir.

11.3. Yerli bank yerli və ya xarici filialını və nümayəndəliyini açmağa icazə almaq üçün Milli Banka yazılı müraciət etməlidir. Müraciətə aşağıdakı sənədlər əlavə edilməlidir:

11.3.1. bankın filial və ya nümayəndəlik açmaq barəsində səlahiyyətli idarəetmə orqanı tərəfindən qəbul edilmiş qərarın təsdiqlənmiş surəti;

11.3.2. filialın və ya xarici nümayəndəliyin əsasnaməsi. Əsasnamədə digər məlumatlarla yanaşı filial və xarici nümayəndəliyin ünvanı, bank fəaliyyəti növləri (yalnız filiallar üçün), inzibatçıların səlahiyyətləri, bank tərəfindən nəzarətin həyata keçirilməsi, filial və nümayəndəliyin ləğv edilməsi qaydası göstərilməlidir;

11.3.3. filialın kommersiya strategiyasını, nəzərdə tutduğu fəaliyyət növlərini, təşkilat strukturunu, habelə filialın işinin ilk üç ili üçün maliyyə proqnozlarını müəyyənləşdirən biznes-plan;

11.3.4. filialın və ya xarici nümayəndəliyin inzibatçılarını (rəhbərlərini) təyin etmək haqqında bankın səlahiyyətli orqanının qərarının surəti;

11.3.5. filialın və ya xarici nümayəndəliyin hər inzibatçısı üçün onun bankda və digər hüquqi şəxslərdə mühüm iştirak payları göstərilməklə siyahısı, peşə ixtisası və təcrübəsi haqqında məlumatın göstərildiyi sənədlərin (təhsil və əmək fəaliyyəti haqqında) notariat qaydasında təsdiqlənmiş surətləri, həmin şəxslər tərəfindən doldurulmuş anket, onun tərəfindən imzalanmış və imzası notariat qaydasında təsdiqlənmiş vətəndaş qüsursuzluğuna dair ərizə;

11.4. Milli Bank müraciətdə və ya müraciətə əlavə edilən sənədlərdə səhvlər və ya çatışmazlıqlar müəyyən etdikdə, o, həmin səhvlər və ya çatışmazlıqlar haqqında 10 təqvim günü müddətində ərizəçiyə yazılı bildiriş göndərir və bu səhvləri və ya çatışmazlıqları aradan qaldırmağı təklif edir. Milli Bank müraciətdə və ya ona əlavə edilmiş sənədlərdə səhvlər və ya çatışmazlıqlar olmadığını müəyyən etdikdə, banka onun müraciətinin qəbul edildiyi barədə 10 təqvim günü müddətində yazılı bildiriş göndərməlidir. Həmin müddətdə Milli Bank müraciət edənlərə yazılı bildiriş göndərməzsə sənədlər baxılmaq üçün qəbul edilmiş hesab edilir.

11.5. Yerli bankın filialının və ya xarici nümayəndəliyinin açılmasına icazə alınması üçün ərizənin qəbul edildiyi barədə bildirişin göndərildiyi gündən ən geci 90 təqvim günü müddətində Milli Bank müraciətə bu Qanunda müəyyən edilmiş əsaslara görə baxır və müvafiq qərar qəbul edir. Hər bir halda Milli Bank qəbul etdiyi qərarı banka göndərir. Milli Bank müraciətə müsbət baxdığı halda, dərhal icazə verir. İcazədə filialın və ya xarici nümayəndəliyin məşğul ola biləcəyi fəaliyyətin xarakteri və miqyası haqqında məlumat, habelə icazəyə daxil edilən bütün məhdudiyyətlərin siyahısı göstərilməlidir. İcazə alınması üçün müraciətin rədd edilməsi və ya icazəyə məhdudiyyətlər daxil edilməsi haqqında Milli Bankın qərarında onların əsasları göstərilməlidır.

11.6. Yerli bankın xarici filialının və ya xarici nümayəndəliyinin açılmasına icazə verildikdə onların fəaliyyət göstərəcəyi ölkənin bank tənzimləməsi və nəzarəti orqanı ilə müəyyən edilmiş qaydada qarşılıqlı əməkdaşlıq əsasında müvafiq filialın və ya nümayəndəliyin fəaliyyəti üzərində nəzarətin həyata keçirilməsi imkanı da nəzərə alınır.

11.7. Xarici filialını və ya nümayəndəliyini açan yerli bank onların yerləşdiyi ölkədə müvafiq icazə aldıqdan sonra bu barədə Milli Banka 5 təqvim günü müddətində yazılı bildiriş göndərməlidir.

Maddə 12. Xarici bankların yerli nümayəndəliklərinin açılmasına

icazənin alınması

12.1. Milli Bankın icazəsi olmadan xarici bank Azərbaycan Respublikasında nümayəndəliyini aça bilməz.

12.2. Xarici bank yerli nümayəndəliyini açmağa icazə almaq üçün Milli Banka ərizə ilə müraciət etməlidir. Müraciətə leqallaşdırılmış aşağıdakı sənədlər əlavə edilməlidir:

12.2.1. bankın nizamnaməsinin və nümayəndəlik açmaq barəsində səlahiyyətli orqanının qərarının surəti;

12.2.2. nümayəndəliyin yaradılması və ləğv edilməsi haqqında qərarı qəbul edən səlahiyyətli idarəetmə orqanı göstərilməklə, bank, onun təşkilati strukturu və idarəetmə orqanları haqqında məlumat;

12.2.3. bankın mühüm iştirak paylarının sahiblərinin onlara məxsus səsli səhmlər payı göstərilməklə siyahısı;

12.2.4. bankın son maliyyə ili üçün auditor yoxlamasından keçmiş maliyyə hesabatı və auditor rəyi;

12.2.5. nümayəndəliyin səlahiyyətləri və ünvanı göstərilməklə onun əsasnaməsi;

12.2.6. nümayəndəliyin inzibatçılarının peşəkar keyfiyyətləri və təcrübəsi, habelə məhkumluqlarının olub-olmaması barədə bank tərəfindən verilmiş arayış;

12.2.7. bu Qanunun 13.2.1-ci maddəsində göstərilmiş sənədlər.

12.3. Milli Bank müraciətdə və ya ona qoşulan sənədlərdə səhvlər və ya çatışmazlıqlar müəyyən etdikdə, onlar haqqında banka 10 təqvim günü müddətində yazılı bildiriş göndərir və bu səhvləri və ya çatışmazlıqları aradan qaldırmağı təklif edir. Milli Bank müraciətdə və ya ona əlavə edilmiş sənədlərdə səhvlər və ya çatışmazlıqlar olmadığını müəyyən etdikdə, banka onun müraciətinin qəbul edildiyi barədə 10 təqvim günü müddətində yazılı bildiriş göndərməlidir. Həmin müddətdə Milli Bank müraciət edənlərə yazılı bildiriş göndərməzsə sənədlər baxılmaq üçün qəbul edilmiş hesab edilir.

12.4. Xarici bankın nümayəndəliyin açılmasına icazə alınması üçün təqdim edilmiş müraciətin qəbul edilməsi barədə bildirişin göndərildiyi gündən ən geci 60 təqvim günü müddətində Milli Bank bu Qanuna müvafiq olaraq müraciətə baxır və müvafiq qərar qəbul edir. Hər bir halda Milli Bank öz qərarının surətini müvafiq xarici banka göndərir.

12.5. Xarici bankın nümayəndəliyi dövlət qeydiyyatına alındıqdan sonra dövlət qeydiyyatı haqqında sənədin surətini və ilkin olaraq təqdim etdiyi məlumatlarda əhəmiyyətli dəyişikliklərin olmadığı barədə yazılı bəyanatı təqdim etdikdən sonra Milli Bank ona icazə verir.

12.6. Xarici bankın yerli nümayəndəliyinə verilən icazədə nümayəndəliyin həyata keçirə biləcəyi işlərin xarakteri, habelə icazəyə daxil edilən bütün məhdudiyyətlərin siyahısı göstərilməlidir. İcazə alınması üçün müraciətin rədd edilməsi və ya icazəyə məhdudiyyətlər daxil edilməsi haqqında qərarda bunun səbəbləri göstərilməlidir.

Maddə 13. Xarici bankın və xarici bank holdinq şirkətinin yerli törəmə banklarına, xarici bankın yerli filiallarına lisenziya verilməsi üçün və xarici bankın yerli nümayəndəliklərinin açılmasına icazə alınması üçün əlavə tələblər

13.1. Xarici bankın və ya xarici bank holdinq şirkətinin yerli törəmə banklarına, xarici bankın yerli filiallarına bank lisenziyaları və xarici bankın yerli nümayəndəliklərinin açılmasına icazələr yalnız Milli Bank ilə xarici bankın və ya xarici bank holdinq şirkətinin bank fəaliyyətini tənzimləyən və ona nəzarət edən xarici səlahiyyətli orqanlar arasında məsləhətləşmələr keçirildikdən və həmin orqanlar tərəfindən banka və ya bank holdinq şirkətinə konsolidasiya edilmiş əsasda lazımi nəzarətin həyata keçirilməsi müəyyən edildikdən sonra verilə bilər.

13.2. Xarici bankın və xarici bank holdinq şirkətinin yerli törəmə bankına, xarici bankın filialına bank lisenziyası və ya xarici bankın yerli nümayəndəliyinin açılmasına icazə alınması üçün müraciətə bu Qanunun 8-ci və 9-cu maddələrində göstərilən sənədlərdən başqa aşağıdakı sənədlər də əlavə edilir:

13.2.1. xarici bankın törəmə bankı, filialı və ya nümayəndəliyi üçün – təsisçi xarici bankın yerləşdiyi ölkənin bank tənzimləməsi və nəzarəti orqanının bankın həmin ölkədə fiziki və hüquqi şəxslərdən depozitlər və digər qaytarılan vəsait cəlb etmək üçün icazəsının olması, habelə həmin tənzimləmə və nəzarət orqanının banka nəzarəti həyata keçirməsi barədə yazılı bildirişi və bu orqanın törəmə bankın təsis edilməsinə və ya filialın, nümayəndəliyin açılmasına yazılı icazəsı ;

13.2.2. xarici bank holdinq şirkətinin törəmə bankı üçün - bank holdinq şirkətinin yerləşdiyi ölkənin bank tənzimləməsi və nəzarəti orqanının bu şirkətə nəzarəti həyata keçirməsi, bu şirkətin fiziki və hüquqi şəxslərdən depozitlər və digər qaytarılan vəsait cəlb etməsi üçün həmin ölkədə lisenziyası olan bir və ya bir neçə bankının olması və ya onları idarə etməsi barədə yazılı bildirişi və bu orqanın törəmə bankın təsis edilməsinə yazılı icazəsi.

13.3. Xarici bankların və xarici bank holdinq şirkətlərinin törəmə banklarında İdarə Heyəti üzvlərinin, xarici bankların yerli filiallarında isə inzibatçılarının ən azı biri Azərbaycan Respublikasının vətəndaşları olmalıdırlar.

Maddə 14. Bank lisenziyasının və ya icazənin verilməsi şərtləri

14.1. Bankların və xarici bankların yerli filiallarının etibarlı və prudensial idarə olunmasını təmin etmək zərurəti nəzərə alınmaqla, bank lisenziyası bu Qanuna uyğun olaraq yalnız aşağıdakı şərtlər gözlənildikdə verilə bilər:

14.1.1. bankın ilkin nizamnamə kapitalı və ya xarici bankın yerli filialının ilkin nizamnamə kapitalına bərabər tutulmuş vəsaiti Milli Bank tərəfindən ilkin müraciətin təsdiq edildiyi zaman müəyyən edilmiş miqdardan az deyildir;

14.1.2. mühüm iştirak paylarının sahibi olan bir və ya bir neçə təsisçisinin banka təsirinin onun etibarlı və prudensial idarə olunması üçün təhlükə törədəcəyinə əsaslar verən faktlar məlum deyildir;

14.1.3. bank ilə mühüm iştirak payı olan xarici bank və ya xarici bank holdinq şirkəti arasında münasibətlər Milli Bankın nəzarət funksiyalarını həyata keçirməsinə mane olmayacaqdır, təsisçi bankın və ya bank holdinq şirkətinin yerləşdiyi ölkədə bank tənzimləməsi və nəzarəti orqanı tərəfindən onlara səmərəli nəzarət həyata keçirilir, həmçinin bu ölkənin bank tənzimləməsi və nəzarəti orqanları Milli Bankla əməkdaşlıq edəcəkdir;

14.1.4. mühüm iştirak paylarının sahibləri olan fiziki şəxslər və hüquqi şəxslərin icra orqanlarının rəhbərləri məqbul və lazımi keyfiyyətlərə malik şəxslər olduqda;

14.1.5. bankın və ya xarici bankın yerli filialının inzibatçıları bu Qanunun 10-cu və müvafiq hallarda 13.3-cü maddəsinin tələblərinə cavab verir;

14.1.6. bankın və ya xarici bankın yerli filialının daxili idarəetmə və nəzarət prosedurları adekvatdır;

14.1.7. bankın və ya xarici bankın yerli filialının biznes-planı, o cümlədən maliyyə proqnozları adekvatdır;

14.1.8. yerli törəmə bank xarici hüquqi şəxsin (xarici bank və ya bank holdinq şirkəti istisna olmaqla) törəmə strukturu deyildir;

14.1.9. bank xarici bankın və ya xarici bank holdinq şirkətinin törəmə bankıdırsa, xarici bank və ya xarici bank holdinq şirkəti törəmə bankın gələcək öhdəliklərinin ödəniləcəyinə Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulmuş hallarda təminat verir;

14.1.10. xarici bank yerli filialının gələcək öhdəliklərinin lazımınca və vaxtında ödəniləcəyinə təminat verir;

14.1.11. bank xarici bankın və ya xarici bank holdinq şirkətinin törəmə bankıdırsa, təsisçi xarici bankın və ya xarici bank holdinq şirkətinin yerləşdiyi ölkənin bank tənzimləməsi və nəzarəti orqanı törəmə bankın təsis edilməsinə icazə vermiş və Milli Bank ilə həmin orqan arasında məsləhətləşmələrdən sonra müəyyən olunmuşdur ki, xarici banka və ya xarici bank holdinq şirkətinə və onların törəmə banklarına (xarici və yerli) bu orqan tərəfindən konsolidasiya əsasında lazımi nəzarət həyata keçiriləcəkdir;

14.1.12. təsisçi xarici bankın ofisinin yerləşdiyi ölkənin bank tənzimləməsi və nəzarəti orqanı yerli filialın açılmasına icazə vermiş və bankın fəaliyyətinə lazımi nəzarəti həyata keçirir;

14.1.13. bank şirkətlər qrupunun üzvüdürsə, bu cür üzvlük Milli Bankın nəzarət funksiyalarını həyata keçirməsinə mane olmayacaqdır;

14.1.14. təsisçilərin və ya yerli filial açan xarici bankın müvafiq sənədlərlə təsdiq olunmuş maliyyə vəziyyəti qənaətbəxşdir;

14.1.15. bankın və ya xarici bankın yerli filialının lisenziyalaşdırılması üçün təqdim etdiyi sənədlər Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğundur.

14.2. Yerli bankların yerli və xarici filiallarının, xarici nümayəndəliklərinin və xarici bankların yerli nümayəndəliklərinin etibarlı və prudensial idarə olunmasını təmin etmək zərurəti nəzərə alınmaqla, onların açılmasına Milli Bank tərəfindən icazə bu Qanuna uyğun olaraq yalnız aşağıdakı şərtlər gözlənilməklə verilə bilər:

14.2.1. bankın müvafiq sənədlərlə təsdiq olunmuş maliyyə vəziyyəti qənaətbəxşdir;

14.2.2. filialın və ya nümayəndəliyin inzibatçıları bu Qanunun 10-cu maddəsinin tələblərinə cavab verir;

14.2.3. filial üçün təklif edilən daxili idarəetmə və nəzarət prosedurları adekvatdır;

14.2.4. filialın biznes-planı, o cümlədən maliyyə proqnozları adekvatdır;

14.2.5. yerli bankın xarici filialının, nümayəndəliyinin yerləşdiyi ölkənin bank tənzimləməsi və nəzarəti orqanı Milli Bankla qarşılıqlı əməkdaşlıq əsasında həmin filiala, nümayəndəliyə lazımi nəzarəti həyata keçirəcəkdir;

14.2.6. təsisçi olan xarici bankın yerləşdiyi ölkənin bank tənzimləməsi və nəzarəti orqanı yerli nümayəndəliyin açılmasına icazə vermişdir və bankın fəaliyyətinə lazımi nəzarəti həyata keçirəcəkdir.

14.2.7. bankın yerli filialının fəaliyyət göstərəcəyi yer Milli Bankın bank fəaliyyətinin həyata keçirilməsi üçün müəyyən etdiyi texniki-təchizat tələblərinə cavab verir;

14.2.8. filial tərəfindən bank hesabları üzrə aparılan əməlliyyatlar təsisçi bankın hesabatlarında Milli Bank tərəfindən müəyyən edilmiş vaxt rejimində həyata keçirilir;

14.2.9. filialın və ya nümayəndəliyin açılmasına icazə almaq üçün təqdim edilən sənədlər Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğundur.

14.3. Bank lisenziyası və ya icazə alınması üçün ərizə rədd edildikdə müraciət edənlər Milli Bankın qərarını aldıqdan sonra qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət edə bilərlər.

Maddə 15. Bank lisenziyalarının və icazələrin reyestri

15.1. Milli Bank bankların, filialların, şöbələrin və nümayəndəliklərin ictimaiyyət üçün açıq olan mərkəzi reyestrini tərtib edir. Reyestrə bankların, filialların, şöbələrin və nümayəndəliklərin adları, ünvanları, inzibatçıları barədə məlumatlar, onlara verilmiş və ləğv edilmiş lisenziyaların və icazələrin qeydiyyat nömrələri və tarixi, fəaliyyətinə xitam verilmiş banklar, filiallar, şöbələr və nümayəndəliklər haqqında məlumatlar daxil edilir.

15.2. Banklar reyestrə daxil edilmiş məlumatlarda dəyişikliklər barəsində Milli Banka beş təqvim günü müddətində yazılı bildiriş göndərirlər.

Maddə 16. Bank lisenziyasının və ya icazənin ləğvi

16.1. Bankın və ya xarici bankın yerli filialının bank lisenziyası yalnız Milli Bank tərəfindən aşağıdakı bir və ya bir neçə əsas olduqda ləğv edilə bilər:

16.1.1. bankın təsisçilərinin (səhmdarlarının) müraciəti (qərarı) əsasında;

16.1.2. xarici bank yerli filialını bağlamaq haqqında qərar qəbul etdikdə;

16.1.3. bank müflis elan edildikdə;

16.1.4. lisenziya alınması üçün ərizə verilərkən təqdim edilmiş məlumatların yanlış olduğu müəyyən edildikdə;

16.1.5. bank və ya xarici bankın yerli filialı bank lisenziyasının qüvvəyə mindiyi gündən on iki ay müddətində bank lisenziyasına müvafiq olaraq fəaliyyətə başlamadıqda və ya Milli Bank tərəfindən bankın və ya xarici bankın yerli filialının altı ay müddətində depozitlər və ya digər qaytarılan vəsait cəlb etmədiyi və ya kreditlər vermədiyi müəyyən edildikdə;

16.1.6. bankın nizamnamə kapitalının və ya məcmu kapitalının miqdarı və xarici bankın yerli filialının nizamnamə kapitalına bərabər tutulmuş vəsaitinin və ya məcmu kapitalının (xarici bankın yerli filialının məcmu kapitalına bərabər tutulmuş vəsaitinin) miqdarı müvafiq olaraq Milli Bankın banklar üçün müəyyən etdiyi nizamnamə kapitalının və ya məcmu kapitalın minimum miqdarından az olduqda;

16.1.7. bankın məcmu kapitalının və ya xarici bankın yerli filialının məcmu kapitala bərabər tutulmuş vəsaitinin adekvatlıq əmsalı 3 faizdən az olduqda;

16.1.8. bank və ya xarici bankın yerli filialı kreditorları qarşısında öhdəliklərini yerinə yetirə bilmədikdə, o cümlədən ona həvalə olunmuş aktivlərin təhlükəsizliyini təmin edə bilmədikdə;

16.1.9. bank və ya xarici bankın yerli filialı idarəetməni və ya cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədikdə və ya bu Qanunun, Milli Bankın normativ xarakterli aktlarının tələblərini iki dəfədən artıq halda pozduqda;

16.1.10. bank lisenziyasında və ya icazədə nəzərdə tutulmayan fəaliyyət növlərini həyata keçirdikdə;

16.1.11. bu Qanunun 14.1.2-14.1.4-cü maddələrində göstərilən faktlar müəyyən edildikdə və 14.1.5-14.1.7-ci maddələrinin tələbləri yerinə yetirilmədikdə;

16.1.12. Milli Bankın icazəsi olmadan bank başqa bankın törəmə bankına çevrildikdə;

16.1.13. yerli törəmə bankı və ya filialı olan xarici bank və ya xarici bank holdinq şirkətinin lisenziyası ləğv edildikdə;

16.1.14. bankın yenidən təşkili Milli Bankın icazəsi olmadan həyata keçirildikdə;

16.1.15. xarici bank və xarici bank holdinq şirkətinə, habelə şirkətlər qrupunun üzvü olan banka yerləşdiyi ölkənin bank tənzimlənməsi və nəzarəti orqanı tərəfindən lazımınca nəzarətin təmin edilməməsi səbəbindən Milli Bank onların törəmə banklarına nəzarəti həyata keçirə bilmədikdə;

16.1.16. bilərəkdən Milli Banka yanlış hesabat və məlumat verildiyi faktları müəyyənləşdirildikdə;

16.1.17. sonuncu üç hesabat tarixinə Milli Banka aylıq hesabat təqdim edilmədikdə;

16.1.18. bank və ya xarici bankın yerli filialı bu Qanuna və Milli Bankın normativ xarakterli aktlarına uyğun olaraq Milli Bankın ona verdiyi sərəncamları və ya digər yazılı göstərişləri yerinə yetirmədikdə.

16.2. Yerli bankın filiallarına və nümayəndəliklərinə, o cümlədən xarici bankın yerli nümayəndəliklərinə verilmiş icazə yalnız Milli Bank tərəfindən aşağıdakı bir və ya bir neçə əsas olduqda ləğv edilə bilər:

16.2.1. icazə almaq üçün ərizə verilərkən təqdim edilmiş məlumatların yanlış olduğu müəyyənləşdirildikdə;

16.2.2. bankın lisenziyası ləğv edildikdə;

16.2.3. bank müflis elan olunduqda;

16.2.4. bank ləğv edildikdə;

16.2.5. icazəni aldıqdan sonra on iki ay ərzində fəaliyyətə başlamadıqda, yaxud Milli Bank yerli bankın filialının altı ay ərzində fəaliyyətinin dayandırıldığını müəyyən etdikdə;

16.2.6. bu Qanunun 14.2.1-14.2.5-ci maddələrində göstərilmiş hər hansı şərt yerinə yetirilmədikdə;

16.2.7. icazəni almış bank, filial və ya nümayəndəlik idarəetməni və ya cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədikdə və ya bu Qanunun, Milli Bankın normativ xarakterli aktlarının tələblərini iki dəfədən artıq halda pozduqda;

16.2.8. bank lisenziyasında və ya icazədə nəzərdə tutulmayan fəaliyyət növlərini həyata keçirdikdə;

16.2.9. filialın və ya nümayəndəliyin bağlanması haqqında qərar qəbul edildikdə;

16.2.10. yerli bankın xarici filialının və ya nümayəndəliyinin yerləşdiyi ölkədə bank tənzimləməsi və nəzarəti orqanı onların fəaliyyətinə lazımi nəzarəti həyata keçirmədikdə;

16.3. Bank lisenziyasının və ya icazənin ləğv edilməsi qərarı haqqında banka Milli Bank tərəfindən əsaslar göstərilməklə yazılı məlumat verilir.

Maddə 17. Bank lisenziyasının və ya icazənin bankın öz müraciəti ilə ləğvi

17.1. Bank ona verilmiş bank lisenziyasının və ya filialın və nümayəndəliyin açılmasına verilmiş icazənin ləğv edilməsi haqqında Milli Banka müraciət edir.

17.2. Bank ona verilmiş lisenziyanın ləğvi barədə ərizəyə bank tərəfindən təsdiq edilmiş ləğvetmə planını, ərizənin verildiyi gündən etibarən üç ay əvvəlki tarixə kənar auditor tərəfindən təsdiqlənmiş maliyyə hesabatını əlavə etməlidir. Milli Bank ərizənin təqdim edildiyi gündən ən geci 90 təqvim günü müddətində bankın müraciətinə dair qərar qəbul etməlidir.

Bankların filiallarına verilmiş icazələrin ləğvi barədə müraciətə və əlavə edilmiş ləğvetmə planına Milli Bank ərizənin təqdim edildiyi gündən etibarən ən geci 30 təqvim günü müddətində baxaraq bankın müraciətinə dair qərar qəbul etməlidir.

17.3. Bankın və ya xarici bankın yerli filialının ləğvetmə planı və ödəniş qabiliyyəti məqbul hesab edildikdə, habelə bank lisenziyası ləğv edildikdən sonra onların öz öhdəliklərini ödəmək üçün yetərli miqdarda likvid vəsaiti olduqda Milli Bank tərəfindən ərizəyə dair müvafiq qərar qəbul edilir və bank və ya xarici bankın yerli filialı bu Qanunun 58-ci maddəsinin müddəalarına uyğun ləğv edilir.

17.4. Bank lisenziyasının və ya icazənin ləğv edilməsi barədə ərizənin rədd edilməsi haqqında əsaslandırılmış qərar Milli Bank tərəfindən dərhal banka və ya təsisçi xarici banka və onun yerli filialına göndərilməlidir.

Maddə 18. Bank lisenziyasının və ya icazənin ləğvi haqqında qərarın

dərc edilməsi və qüvvəyə minməsi

18.1. Milli Bank bank lisenziyasının və ya xarici bankın yerli nümayəndəliyinin icazəsinin ləğv edilməsi haqqında qərarını onu qəbul etdiyi gündən etibarən 5 təqvim günü müddətində dövlət qeydiyyatı və vergi orqanlarına ləğvetmə haqqında bildiriş göndərməli və kütləvi informasiya vasitələrində rəsmi məlumat dərc etdirməlidir. Bank lisenziyasının və ya xarici bankın yerli nümayəndəliyinin icazəsinin ləğvi haqqında qərar, onda başqa müddət nəzərdə tutulmayıbsa dərc edildiyi günün ertəsi günü qüvvəyə minir.

18.2. Bank lisenziyasının və ya xarici bankın yerli nümayəndəliyinin icazəsinin ləğvi haqqında qərarın qüvvəyə mindiyi gündən etibarən müvafiq bankın, filialın və nümayəndəliyin adında "ləğv prosesində olan" sözləri əlavə edilir və ona bank lisenziyasına və ya icazəyə əsasən müvafiq fəaliyyət növlərinin həyata keçirilməsi qadağan edilir. Bundan sonra bank, filial və ya nümayəndəlik qanunvericiliyə müvafiq surətdə bankın və ya xarici bankın yerli filialının iflası proseduruna başlanıldığı hallar istisna olmaqla bu Qanunun tələbləri nəzərə alınmaqla qanunvericiliyə uyğun olaraq ləğv olunmalıdır.

18.3. Yerli və xarici banklar bank lisenziyasının və ya icazənin ləğv edilməsi haqqında Milli Bankın qərarından qanunvericilikdə müəyyən edilmiş qaydada məhkəməyə şikayət verə bilərlər. Şikayətin verilməsi Milli Bankın müvafiq qərarının icrasını dayandırmır.

III FƏSİL

BANKLARIN YARADILMASI, İDARƏ EDİLMƏSİ

VƏ DAXİLİ AUDİT

Maddə 19. Bankların təşkili

19.1. Bank ən azı üç hüquqi və/və ya fiziki şəxs tərəfindən açıq səhmdar cəmiyyəti formasında yaradılır.

19.2. Siyasi partiyalar, ictimai birliklər, fondlar və digər qeyri-kommersiya təşkilatları bankın səhmdarı ola bilməzlər.

19.3. Bank yalnız adlı səhmlər buraxa bilər. Bankın imtiyazlı səhm sahibləri səs hüququna malik ola bilməzlər.

19.4. Bankın təsisçiləri olan səhmdarları onun sonrakı səhmdarlarına nisbətən hər hansı əlavə üstünlüklərə malik ola bilməz və ya hər hansı əlavə vəzifələr daşıya bilməzlər.

Maddə 20. Bankın nizamnaməsi və reqlamenti

20.1. Bankın təsisçiləri Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq nizamnaməsini tərtib edir və təsdiq edir. Bankın nizamnaməsində dəyişikliklər Milli Bankın qabaqcadan yazılı icazəsi ilə edilir.

20.2. Hər bir bank onun nizamnaməsinə uyğun olaraq bu Qanunla müəyyən edilmiş qaydada təsdiq edilən və aşağıdakıları müəyyən edən daxili reqlament əsasında fəaliyyət göstərir:

20.2.1. bankın təşkilati və idarəetmə strukturu, o cümlədən onun əməliyyat və inzibati şöbələri, onların bölmələri və funksiyaları, tabeçiliyi və hesabat verməsi qaydası;

20.2.2. bankın idarəetməsi və nəzarəti altında olan şöbələrin və bölmələrin rəhbərlərinin vəzifələri;

20.2.3. daxili audit xidmətinin, digər daimi daxili komissiya və komitələrin funksiyaları;

20.2.4. bankın inzibatçılarının və struktur bölmələrinin rəhbərlərinin bank fəaliyyətinin həyata keçirilməsi üzrə səlahiyyətləri;

20.2.5. filial və şöbələrin inzibatçılarının vəzifəyə təyin və azad edilməsi qaydaları, habelə onların bank fəaliyyətinin həyata keçirilməsi üzrə səlahiyyətləri.

20.3. Bankın nizamnaməsinin notariat qaydada təsdiqlənmiş surəti, bank tərəfindən təsdiqlənmiş daxili reqlamenti, habelə bankın bank fəaliyyəti ilə əlaqədar müqavilələri imzalamaq səlahiyyəti verilmiş vəzifəli şəxslərin siyahısı bank tərəfindən Milli Banka bir nüsxədə təqdim edilir və Milli Bankda saxlanılır.

20.4. Bankın nizamnaməsində edilən dəyişikliklər Azərbaycan Respublikasının Mülki Məcəlləsində müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınır. Bankın nizamnaməsində və reqlamentində edilən dəyişikliklər beş təqvim günü müddətində Milli Banka təqdim edilir.

Maddə 21. Bankların və xarici bankların yerli filiallarının kapitalına

tələblər

21.1. Bank məcmu kapitalını, xarici bankın yerli filialı isə məcmu kapitala bərabər tutulmuş vəsaitini daimi olaraq Milli Bankın banklar üçün müəyyən etdiyi məcmu kapitalın minimum miqdarından aşağı olmayan səviyyədə saxlamalıdır. Bankın məcmu kapitalının, xarici bankın yerli filialı üçün isə məcmu kapitala bərabər tutulmuş vəsaitin strukturu, komponentləri və hesablanması qaydası Milli Bank tərəfindən müəyyən edilir.

21.2. Heç bir bank Milli Bankın qabaqcadan yazılı icazəsi olmadan səhmlərinin satın alınması və ya səhmlərin nominal dəyərinin azaldılması zamanı onun dəyərinin ödənilməsi yolu ilə məcmu kapitalını azalda bilməz.

21.3. Heç bir xarici bank Milli Bankın qabaqcadan yazılı icazəsi olmadan nizamnamə kapitalına bərabər tutulmuş vəsaitlərinin geri götürülməsi yolu ilə yerli filialının məcmu kapitala bərabər tutulmuş vəsaitini azalda bilməz.

21.4. Bankın nizamnamə kapitalı və xarici bankın yerli filialının nizamnamə kapitalına bərabər tutulan vəsaiti səhmdarların və ya xarici bankın yalnız Azərbaycan Respublikasının milli valyutasında ödədiyi pul vəsaiti ilə formalaşdırılmalıdır.

21.5. Bankın və ya xarici bankın yerli filialının inzibatçıları məcmu kapitalın və ya məcmu kapitala bərabər tutulmuş vəsaitin miqdarının Milli Bankın banklar üçün müəyyən etdiyi məcmu kapitalın (məcmu kapitala bərabər tutulmuş vəsaitin) minimum miqdarının 25 faizinə və ya onun adekvatlıq əmsalının 3 faizə çatdığını müəyyən etdikləri bütün hallarda dərhal bu barədə Milli Banka bildiriş göndərməlidirlər.

Maddə 22. Bankın nizamnamə kapitalında mühüm iştirak paylarının

məhdudlaşdırılması

22.1. Hər hansı bir şəxs bankın nizamnamə kapitalında mühüm iştirak payını, o cümlədən nizamnamə kapitalındakı mövcud payını mühüm iştirak payına çatdıran əlavə payı, habelə mühüm iştirak payını artıraraq səsvermə hüququ olan səhmlərin və ya nizamnamə kapitalının 20 faizinə, 33 faizinə, 50 faizinə çatmasına və ya bu miqdarı keçməsinə, yaxud bankın həmin şəxsin törəmə strukturuna çevrilməsinə gətirib çıxaran iştirak payını bu Qanunla müəyyən edilmiş qaydada əldə edə bilər.

22.2. Bank, kapitalında mühüm iştirak payı olan şəxsin başqa hüquqi şəxsin kapitalında mühüm iştirak payını əldə etməsindən və ya artırmasından xəbər tutan kimi bu barədə Milli Banka yazılı bildiriş göndərməlidir.

22.3. Bank, kapitalında mühüm iştirak payı olan hüquqi şəxsin kapitalında hər hansı şəxsin mühüm iştirak payını əldə etməsindən və ya artırmasından xəbər tutan kimi bu barədə Milli Banka yazılı bildiriş göndərməlidir.

22.4. Bu Qanunun 22.1-ci maddəsində nəzərdə tutulan iştirak payının alınması üçün bankın səlahiyyətli idarəetmə orqanı müraciəti və qərarı ilə birlikdə aşağıdakı sənədləri Milli Banka təqdim edir:

22.4.1. həmin sahib hüquqi şəxs olduqda:

22.4.1.1. hüquqi şəxsin adı, ünvanı, kommersiya fəaliyyətinin növü haqqında məlumatlar, azı son üç maliyyə ilini (hüquqi şəxs üç ildən az müddətdə yaradıldıqda isə son maliyyə illərini) əhatə edən və auditor yoxlamasından keçmiş maliyyə hesabatları və auditor rəyləri, habelə həmin şəxsin nəzərdə tutulan iştirak payının əldə edilməsinə icazə verən səlahiyyətli idarəetmə orqanının qərarının təsdiqlənmiş surəti;

22.4.1.2. həmin hüquqi şəxsin icra orqanlarının rəhbərlərinin siyahısı və hər bir rəhbər tərəfindən imzalanmış və imzası notariat qaydasında təsdiqlənmiş vətəndaş qüsursuzluğuna dair ərizə;

22.4.1.3. xarici hüquqi şəxslər yuxarıda göstərilən sənədlərdən başqa qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış aşağıdakı sənədləri təqdim edirlər:

Onun yerləşdiyi ölkədə qeydiyyatdan keçdiyini təsdiqləyən sənəd, nizamnamə (əsasnamə), ən azı sonuncu üç maliyyə ili üçün auditor yoxlamasından keçmiş maliyyə hesabatı və auditor rəyi;

Rəhbər əcnəbi olduqda, rezidenti olduğu ölkənin müvafiq hakimiyyət orqanları tərəfindən onun cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş arayış;

22.4.1.4. şəxs xarici bank olduqda əlavə olaraq bankın yerləşdiyi ölkənin bank tənzimləməsi və nəzarəti orqanı tərəfindən verilmiş və bankın bu ölkədə fiziki və hüquqi şəxslərdən depozitlər və digər qaytarılan vəsait cəlb etmək ilə bağlı fəaliyyəti həyata keçirmək üçün lisenziyasının olduğunu və həmin təşkilatın nəzərdə tutulan iştirak payının əldə edilməsinə etiraz etmədiyini təsdiqləyən arayış;

22.4.2. həmin sahib fiziki şəxslər olduqda:

22.4.2.1. Soyadını, adını, atasının adını və vətəndaşlığını, şəxsiyyət vəsiqəsinin və şəxsiyyətini təsdiq edən digər sənədin məlumatlarını, məşğuliyyət növünü göstərən məlumat və sənədlər, onun sahibliyində və ya nəzarətində olan hüquqi şəxslər və onların məşğuliyyət növü, tərəfindən imzalanmış və imzası notariat qaydasında təsdiqlənmiş vətəndaş qüsursuzluğuna dair ərizə;

22.4.2.2. fiziki şəxs əcnəbi olduqda, yuxarıda göstərilən məlumat və sənədlərdən başqa rezidenti olduğu ölkənin müvafiq hakimiyyət orqanları tərəfindən onun cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş arayış və bir və ya bir neçə maliyyə təşkilatının müsbət tövsiyələri və/və ya bank hesablarından çıxarışlar;

22.4.3. həmin şəxsin bankların və ya başqa hüquqi şəxslərin kapitalında mühüm iştirak paylarının miqdarı haqqında məlumat;

22.4.4. bankların və başqa hüquqi şəxslərin həmin şəxsin kapitalında mühüm iştirak paylarının miqdarı haqqında məlumat;

22.4.5. bu Qanunun 22.4.3-cü və 22.4.4-cü maddələrində göstərilmiş hüquqi şəxslərin fəaliyyətinin əsas istiqamətləri və onların baş ofislərinin ünvanı.

22.5. Milli Bank bu Qanunun 22.4-cü maddəsinə uyğun verilmiş ərizəyə ən geci 90 təqvim günü müddətində baxır. Həmin müddət ərzində Milli Bank ərizəyə dair münasibətini banka yazılı surətdə bildirməzsə, ərizəyə müsbət baxılmış hesab edilir. Milli Bank icazənin verilməsindən aşağıdakı hallarda imtina edir:

22.5.1. bu Qanunun 22.4-cü maddəsində nəzərdə tutulan sənədlər tam təqdim olunmadıqda;

22.5.2. hüquqi şəxsin icra orqanlarının rəhbərləri məqbul və lazımi keyfiyyətlərə malik olmadıqda;

22.5.3. fiziki şəxs məqbul və lazımi keyfiyyətlərə malik olmadıqda;

22.5.4. mühüm iştirak payını əldə edəcək hüquqi şəxsin maliyyə vəziyyəti qeyri-qənaətbəxş olduqda;

22.5.5. iştirak payının əldə edilməsi nəticəsində bank, bank və ya bank holdinq şirkəti olmayan xarici hüquqi şəxsin törəmə strukturuna çevrildikdə;

22.5.6. xarici ölkənin bank tənzimləməsi və nəzarəti orqanı xarici banka və ya xarici bank holdinq şirkətinə bankın onların törəmə strukturuna çevrilməsinə razılıq vermədikdə;

22.5.7. iştirak payının əldə edilməsi nəticəsində bankla bağlı olacaq xarici banka və ya xarici bank holdinq şirkətinə onların yerləşdiyi ölkədə lazımınca nəzarət edilmədiyinə və ya həmin ölkənin nəzarət orqanları qarşılıqlı əməkdaşlıqdan imtina etdiyinə görə Milli Bankın öz nəzarət funksiyalarını həyata keçirməsi mümkün olmadıqda.

22.6. Milli Bankın verdiyi icazədə iştirak payının əldə edilməsinin başa çatmalı olduğu maksimum müddət göstərilir.

22.7. Qabaqcadan icazəsi olmadan hər hansı bir şəxs belə iştirak payı əldə edərsə, Milli Bank həmin şəxsə onun bankdakı payının icazəsiz aldığı hissəsini müəyyən etdiyi tarixədək ləğv etməsi barədə yazılı göstəriş verir.

Mühüm iştirak payının əldə edilməsi üçün müəyyən edilmiş maksimum müddətlərə riayət edilməzsə, Milli Bank həmin şəxsə müddət bitdikdən sonra aldığı hissəsini müəyyən etdiyi tarixədək ləğv etməsi barədə yazılı göstəriş verir.

Həmin şəxslərin ləğv olunmalı hissədə səsvermə hüququ səhmdarların ümumi yığıncağının iclaslarında nəzərə alınmır.

22.8. Bankın kapitalında mühüm iştirak payına malik olan hər hansı bir şəxs ona məxsus səs hüquqlarını və ya nizamnamə kapitalındakı payını 20 faizdən, 33 faizdən və ya 50 faizdən aşağı səviyyəyə endirməzdən əvvəl bu barədə Milli Banka yazılı məlumat verməlidir.

22.9. Banklar onların kapitalında payların bu Qanunun 22.1-ci və ya 22.8-ci maddələrində göstərilmiş kəmiyyətlərdən az və ya çox olmasına səbəb olan hər hansı pay əldə edilməsindən və ya ləğv edilməsindən xəbər tutan kimi bu barədə Milli Banka məlumat verməlidirlər. Banklar həmçinin mühüm iştirak paylarına malik olan səhmdarlar, onların ünvanları, həmin payların miqdarı haqqında məlumatları ildə iki dəfədən az olmayaraq Milli Banka yazılı şəkildə bildirməlidirlər.

22.10. Milli Bank aşağıdakı halları aşkar etdikdə bankın kapitalında mühüm iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və ya bank tərəfindən geri alınması barədə məhkəməyə ərizə ilə müraciət edir:

22. 10.1. hüquqi şəxsin icra orqanlarının rəhbərlərindən hər-hansı biri və ya fiziki şəxs məqbul və lazımi keyfiyyətlərə malik olan şəxs olmadıqda;

22. 10.2. bankın maliyyə sağlamlığına və ya onun etibarlı idarə olunmasına təhlükə törədə bilən dərəcədə banka təsir göstərildikdə;

22. 10.3. bank və ya xarici bank holdinq şirkətinin bank lisenziyası ləğv edildikdə;

22. 10.4. xarici bank və ya xarici bank holdinq şirkətinin yerləşdiyi ölkədə həmin ölkənin bank tənzimləməsi və nəzarəti orqanı tərəfindən onlara lazımınca nəzarət həyata keçirilmədikdə və ya onlar bu sahədə Milli Bank ilə qarşılıqlı əməkdaşlıqdan imtina etdikdə.

22.11. Bu Qanunun 22.10-cu maddəsinə müvafiq Milli Bankın verdiyi ərizəyə məhkəmə ən geci 30 təqvim günü müddətində baxır.

Maddə 23. Bankların idarəetmə strukturu

Hər bir bank ali idarəetmə orqanı olan səhmdarların ümumi yığıncağı, onun idarə olunmasına və işinə nəzarəti həyata keçirən orqan olan Müşahidə Şurası, bankda audit işini təşkil edən Audit Komitəsi və məsul icra orqanı olan İdarə Heyəti tərəfindən idarə olunur.

Maddə 24. Səhmdarların ümumi yığıncağı

24.1. Bank səhmdarlarının ümumi yığıncağının müstəsna səlahiyyətlərinə aşağıdakılar aiddir:

24.1.1. bankın nizamnaməsini qəbul etmək, nizamnaməyə əlavə və dəyişikliklər etmək;

24.1.2. bankın reqlamentini qəbul etmək və reqlamentə əlavə və dəyişikliklər etmək;

24.1.3. bankın faiz dərəcələri, aktivlərin yerləşdirilməsi və kateqoriyaları barəsində siyasətini, habelə bankın ümumi maliyyə, uçot, inzibati və kadr siyasətini müəyyənləşdirmək;

24.1.4. digər hüquqi şəxslərin kapitalında bankın iştirakı barədə qərarlar qəbul etmək, bankın filiallarını və nümayəndəliklərini yaratmaq və fəaliyyətlərinə xitam vermək, onların əsasnamələrini təsdiq etmək;

24.1.5. növbəti və tələb olunduğu hallarda növbədənkənar auditin keçirilməsi barədə qərar qəbul etmək və bu məqsədlə kənar auditoru təyin etmək;

24.1.6. bankın büdcəsini qəbul və təsdiq etmək;

24.1.7. bankın İdarə Heyətinin üzvlərini təyin və azad etmək, İdarə Heyətinin əsasnaməsini təsdiq etmək;

24.1.8. bankın Müşahidə Şurasının və Audit Komitəsinin üzvlərini təyin və azad etmək, həmin idarəetmə orqanlarının əsasnaməsini təsdiq etmək, bankın inzibatçılarının işə götürülməsi müddətlərini və şərtlərini müəyyənləşdirmək;

24.1.9. Müşahidə Şurası üzvlərinin səlahiyyətləri istisna olmaqla bankın inzibatçılarının bank adından və bank hesabına öhdəliklər qəbul etmək səlahiyyətlərini və həmin səlahiyyətlərin bankın digər əməkdaşlarına verilməsi hüququnun hədlərini müəyyənləşdirmək;

24.1.10. bu Qanunun 28-ci maddəsinə əsasən bank inzibatçılarının kommersiya maraqlarını açıqlaması haqqında qaydaları və həmin qaydalara dəyişiklik və əlavələri qəbul etmək;

24.1.11. bankın törəmə təsərrüfat cəmiyyətlərini yaratmaq və fəaliyyətlərinə xitam vermək, başqa bankın satın alınması barədə qərarlar qəbul etmək;

24.1.12. nizamnamə kapitalının artırılması və azaldılması barədə qərarlar qəbul etmək, bank səhmlərinin buraxılması müddətlərini və şərtlərini müəyyənləşdirmək, habelə bankda mühüm iştirak payının əldə edilməsinə razılıq vermək;

24.1.13. bankın kənar auditor tərəfindən təsdiqlənmiş və Audit Komitəsi tərəfindən tövsiyə edilmiş illik maliyyə hesabatlarını təsdiq etmək, habelə xalis mənfəət hesabına ehtiyatların yaradılması və dividendlərin ödənilməsi barədə qərar qəbul etmək;

24.1.14. bankın satılması, yenidən təşkili və ləğvi barəsində qərarlar qəbul etmək;

24.1.15. Bu Qanunla və bankın nizamnaməsi ilə səlahiyyətinə aid edilmiş digər məsələləri həll etmək;

24.2. bu Qanunun 24.1.2 - 24.1.7-ci maddələri ilə səhmdarların ümumi yığıncağının müstəsna səlahiyyətlərinə aid edilmiş məsələlər həll edilmək üçün bankın Müşahidə Şurasına verilə bilər.

24.3. Bankın təsis yığıncağı bütün təsisçilər və ya onların nümayəndələri iştirak etdikdə səlahiyyətli sayılır. Səhmdarların sonrakı ümumi yığıncaqları bütün səsvermə hüququ olan səhmlərin azı 60 faizinin sahibi olan səhmdarlar iştirak etdikdə səlahiyyətli sayılır. Bankın təsis yığıncağında onun yaradılması, nizamnaməsinin qəbul edilməsi və idarəetmə orqanlarının formalaşdırılması barədə qərarlar yekdilliklə qəbul edilir. Nizamnaməyə əlavə və dəyişikliklər edilməsi, Müşahidə Şurası və İdarə Heyəti üzvlərinin təyin və azad edilməsi, bankın satılması, yenidən təşkili, başqa bankın alınması və bankın fəaliyyətinə xitam verilməsi məsələləri üzrə qərarlar yığıncaqda təmsil edilən səhmdarların 75 faiz səs çoxluğu ilə qəbul olunur. Bütün digər qərarlar yığıncaqda iştirak edən səhmdarların sadə səs çoxluğu ilə qəbul olunur.

24.4. Səhmdarlar bankın nizamnamə kapitalındakı paylarına mütənasib səs hüququna malikdirlər. Hər bir səhmdar səhmdarların ümumi yığıncağında özünün səs hüququnu həm şəxsən, həm də səlahiyyətli nümayəndəsi vasitəsilə həyata keçirə bilər. Etibarnamə yazılı şəkildə rəsmiləşdirilir və yığıncağın protokoluna qoşulur. Etibarnamə yığıncaq başlananadək verilir. Səhmdarları qanuni əsasda təmsil edən şəxslər üçün ayrıca etibarnamə tələb olunmur. Həmin şəxslər bu cür səlahiyyətlərini təsdiqləyən sənəd təqdim edirlər.

24.5. Səhmdarların növbəti və növbədənkənar yığıncaqları keçirilə bilər. Səhmdarların hər bir ümumi yığıncağının keçirilməsi günü, yeri, vaxtı və gündəlik üzrə materiallarla tanış olma qaydası barəsində bildirişlər, habelə həmin yığıncağın gündəliyi yığıncağın keçirilməsi gününə ən azı 45 təqvim günü qalmış səhmdarlara göndərilir və bu barədə kütləvi informasiya vasitələrində məlumat dərc etdirilir. Bildirişlə birlikdə göndərilən gündəliyə daxil edilməmiş məsələlər üzrə qərar qəbul olunmasına yol verilmir. Növbəti yığıncaqlar ildə bir dəfədən az olmayaraq keçirilir. Növbəti yığıncaqlar bankın hər il üçün maliyyə hesabatı tərtib edildikdən və kənar auditor yoxlamasından kecdikdən sonra ən geci iki ay ərzində keçirilir.

Növbədənkənar yığıncaqlar səsvermə hüququ olan səhmlərin azı 5 faizinin sahibləri olan səhmdarların, Müşahidə Şurasının, Audit Komitəsinin və İdarə Heyətinin tələbi ilə çağırıla bilər. Növbədənkənar yığıncaqların çağrılması qaydası Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir.

24.6. Səhmdarların yığıncağında səsvermə hüququna malik olan bütün səhmdarlar təmsil olunmuşdursa, yığıncaq onun çağırılması vaxtından və üsulundan asılı olmayaraq səlahiyyətli sayılır. Səsvermə hüququna malik olan səhmdarların hamısı yekdilliklə razılıq verərsə, bu yığıncaq gündəliyə daxil edilməmiş məsələləri də müzakirə edə və onlara dair qərarlar qəbul edə bilər.

Maddə 25. Müşahidə Şurası

25.1. Bankın Müşahidə Şurasının səlahiyyətlərinə aşağıdakılar aiddir:

25.1.1. bankın idarə edilməsinə və fəaliyyətinə nəzarəti həyata keçirmək, o cümlədən bankın İdarə Heyətindən hesabat almaq;

25.1.2. səhmdarların ümumi yığıncağı və İdarə Heyəti üçün tövsiyələr vermək;

25.1.3. səhmdarların ümumi yığıncağının hər bir iclasını bildirişlər göndərmək yolu ilə çağırmaq və səhmdarların, habelə Audit Komitəsinin və İdarə Heyətinin tələbi ilə və onların gündəliyi üzrə keçirilən növbədənkənar iclaslar istisna olmaqla, hər bir iclasın gündəliyini qəbul etmək;

25.1.4. bank tərəfindən qüvvədə olan qanunvericiliyin pozulması faktını müəyyən etdikdə bu pozuntu barəsində səhmdarların ümumi yığıncağını, Audit Komitəsini və İdarə Heyətini xəbərdar etmək, Milli Banka isə bank qanunvericiliyinin pozulması faktları barədə bildiriş göndərmək;

25.1.5. bu Qanuna müvafiq olaraq İdarə Heyəti üzvlərini vəzifədən kənarlaşdırmaq, səhmdarların ümumi yığıncağında təsdiq edilənədək onları müvəqqəti olaraq bu Qanunun 10-cu maddəsinin tələblərinə cavab verən başqa şəxslərlə əvəz etmək;

25.1.6. bank ilə İdarə Heyətinin bir və ya bir neçə üzvü arasında mənafelər toqquşması olduğu hallarda bankı idarə və təmsil etmək;

25.1.7. bankın etibarlı və prudensial idarə olunmasını təmin etmək üçün zəruri olan qaydaları və daxili əsasnamələri qəbul etmək;

25.1.8. bankın kapital ehtiyatları yaradılması haqqında qərar qəbul etmək;

25.1.9. bankın nizamnamə kapitalının 50 faizindən artıq məbləğdə və bankın nizamnaməsində nəzərdə tutulmuş hallarda bank adından müvafiq əqdlərin bağlanmasına icazə vermək;

25.1.10. banka aidiyyatı şəxslər və aidiyyatı şəxs adından hərəkət edən şəxslər ilə əqdlər bağlanmasını təsdiq etmək;

25.1.11. bankın fəaliyyətinin kompleks və ya ayrı-ayrı sahələrinin yoxlanması barədə qərar qəbul etmək;

25.1.12. kənar və daxili auditorların, habelə Milli Bankın yoxlamalarının nəticələrini nəzərdən keçirmək və bu yoxlamaların yekunlarına dair tədbirlər görmək;

25.1.13. bu Qanunla, bankın nizamnaməsi və Milli Bankın normativ xarakterli aktları ilə nəzərdə tutulmuş digər səlahiyyətləri həyata keçirmək.

Müşahidə Şurası bu Qanunun 25.1.6-cı maddəsində nəzərdə tutulan səlahiyyəti icra etməzdən əvvəl Milli Banka əsasları göstərməklə yazılı bildiriş göndərir və səhmdarların ümumi yığıncağının növbədənkənar iclasını çağırır. Milli Bank Müşahidə Şurasının qərarına dair öz münasıbətini bildirə bilər.

Müşahidə Şurasının bu Qanunun 25.1.5, 25.1.6 və 25.1.8-ci maddələrinə əsasən qəbul etdiyi qərarlar səhmdarların ümumi yığıncağının növbəti iclasının gündəliyinə daxil edilməli və müzakirə olunmalıdır.

25.2. Bankın Müşahidə Şurası 3 nəfərdən az olmamaqla, tək sayda üzvlərdən ibarətdir. Şuranın üzvləri bankın səhmdarlarının ümumi yığıncağı tərəfindən səhmdarlardan və/və ya kənar şəxslərdən 4 ildən çox olmayan müddətə təyin edilən fiziki şəxslərdir. Şuranın üzvləri növbəti müddətlərə yenidən seçilə bilərlər. Səhmdarların ümumi yığıncağı Müşahidə Şurasının üzvləri sırasından Müşahidə Şurasının sədrini təyin edir. Müşahidə Şurası üzvlərinin muzdu bankın bölüşdürülməmiş mənfəətinin faizi şəklində və ya əmək haqqı formasında səhmdarların ümumi yığıncağında təyin edilə bilər.

25.3. bu Qanunun 10-cu maddəsinin müvafiq tələblərinə uyğun gəlməyən fiziki şəxslər bankın Müşahidə Şurasının üzvü ola bilməz və bank səhmdarlarının ümumi yığıncağının qərarı ilə Müşahidə Şurasının üzvləri vəzifəsindən azad edilməlidirlər.

25.4. Müşahidə Şurası onun iclasında üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətlidir. İclaslarının keçirilməsi qaydası bankın nizamnaməsində və ya Müşahidə Şurası haqqında əsasnamədə müəyyən edilir.

25.5. Müşahidə Şurasının iclasları ən azı üç ayda bir dəfə keçirilir. İclasların nəticələrinə dair protokol Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq qaydada tərtib edilir.

25.6. Müşahidə Şurasının qərarları yığıncaqda iştirak edən üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Hər bir üzv bir səs hüququna malikdir. Üzvlərin səsvermə zamanı bitərəf qalmasına icazə verilmir. Səslər bərabər olduqda Müşahidə Şurası sədrinin səsi həlledici sayılır.

Maddə 26. İdarə Heyəti

26.1. Bankın İdarə Heyəti bankın idarə olunması və fəaliyyətinin həyata keçirilməsi üçün məsuliyyət daşıyır.

26.2. İdarə Heyəti 3 nəfərdən az olmamaqla, tək sayda üzvlərdən ibarətdir. İdarə Heyətinin üzvləri bank səhmdarlarının ümumi yığıncağı tərəfindən 4 ildən çox olmayan müddətə təyin edilirlər. Onlar növbəti müddətlərə yenidən seçilə bilərlər. Səhmdarların ümumi yığıncağı İdarə Heyətinin üzvlərindən birini İdarə Heyətinin sədri təyin edir. İdarə Heyəti sədrinin səlahiyyətləri İdarə Heyətinin əsasnaməsində müəyyən edilir.

26.3. Bu Qanunun 10-cu maddəsinin müvafiq tələblərinə uyğun gəlməyən fiziki şəxslər bankın İdarə Heyətinin üzvü ola bilməz və səhmdarların ümumi yığıncağının qərarı ilə İdarə Heyətinin üzvləri vəzifəsindən azad edilməlidirlər.

26.4. İdarə Heyəti onun iclasında üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətlidir.

26.5. İdarə Heytəinin qərarları yığıncaqda iştirak edən üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Hər bir üzv bir səs hüququna malikdir. Üzvlərin səsvermə zamanı bitərəf qalmasına icazə verilmir. Səslər bərabər olduqda İdarə Heyətinin sədrinin səsi həlledici sayılır.

Maddə 27. Audit Komitəsi və daxili audit

27.1. Hər bir bankda müstəqil Audit Komitəsi və daxili audit bölməsi (departament, şöbə və s.) fəaliyyət göstərir.

27.2. Audit Komitəsinin səlahiyyətlərinə aşağıdakılar aiddir :

27.2.1. bankın audit siyasətini və strategiyasını müəyyən etmək;

27.2.2. daxili audit planlarını təsdiq etmək və audit bölməsinin fəaliyyətinə nəzarəti həyata keçirmək;

27.2.3. kənar auditin təyin edilməsi ilə əlaqədar bankın səlahiyyətli idarəetmə orqanlarına təkliflər vermək;

27.2.4. kənar auditlə birgə işi təşkil etmək, auditin nəticə və tövsiyyələrinin həyata keçirilməsinə yardım emək;

27.2.5. bankın idarəetmə orqanları ilə kənar auditorlar, habelə nəzarət orqanları arasında əlaqələr qurmaq;

27.2.6. daxili nəzarət sistemlərinin təkmilləşdirilməsinə dair Səhmdarların Ümumi Yığıncağına və Müşahidə Şurasına təkliflər vermək.

27.2.7. Milli Bankın normativ xarakterli aktları ilə nəzərdə tutulmuş digər səlahiyyətləri həyata keçirmək.

27.3. Bankın Audit Komitəsi üç nəfərdən az olmamaqla tək sayda üzvlərdən ibarətdir. Komitənin üzvləri Səhmdarların Ümumi Yığıncağı tərəfindən 4 ildən çox olmayan müddətə təyin edilir. Komitənin üzvləri növbəti müddətə yenidən seçilə bilər. Səhmdarların Ümumi Yığıncağı Komitənin üzvlərindən birini Komitənin sədri təyin edir. Audit Komitəsinin üzvlərinin əmək haqqı formasında muzdu Səhmdarların Ümumi Yığıncağı tərəfindən təyin edilir.

27.4. Bu Qanunun 10-cu maddəsinin müvafiq tələblərinə uyğun gəlməyən fiziki şəxslər bankın Audit Komitəsinin üzvü ola bilməz və Səhmdarların Ümumi Yığıncağının qərarı ilə Audit Komitəsinin üzvləri vəzifəsindən azad edilməlidirlər.

27.5. Audit Komitəsi onun iclasında üzvlərinin yarısından coxu iştirak etdikdə səlahiyyətlidir. İclasların keçirilməsi qaydası Audit Komitəsi haqqında təsdiq edilmiş əsasnamədə müəyyən edilir.

27.6. Audit Komitəsinin qərarları yığıncaqda iştirak edən üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Hər bir üzv bir səs hüququna malikdir, üzvlərin səsvermə zamanı bitərəf qalmasına icazə verilmir. Səslər bərabər olduqda Audit Komitəsi sədrinin səsi həlledici sayılır.

27.7. Daxili audit bölməsi (departament, şöbə və s.) Audit Komitəsinin nəzarəti altında fəaliyyət göstərir və bankın icra orqanı ilə qarşılıqlı surətdə bankda daxili nəzarət və risklərin idarə edilməsi sistemlərinin fəaliyyətinin səmərəliliyinə fasiləsiz nəzarəti həyata keçirir;

27.8. Daxili audit bölməsinin rəhbəri və əməkdaşları Audit Komitəsinin təqdimatı ilə bankın Müşahidə Şurası tərəfindən vəzifəyə təyin edilir və vəzifədən azad olunur.

27.9. Bankda Audit Komitəsinin və daxili audit bölməsinin fəaliyyətinin standart və qaydalarını Milli Bank müəyyən edir.

Maddə 28. Kommersiya maraqlarının açıqlanması

28.1. Müşahidə Şurasının, Audit Komitəsinin və İdarə Heyətinin hər bir üzvü özünün və ailə üzvlərinin birbaşa və ya dolayısı ilə malik ola bildiyi mühüm kommersiya maraqlarını bankın İdarə Heyəti və Müşahidə Şurası qarşısında açıqlayır. Belə məlumatlar həmin şəxslər bankın idarəetmə orqanlarının üvzü seçildikdə və sonrakı dövrlərdə bankın qaxili qaydalarına müvafiq olaraq açıqlanır.

28.2. Müşahidə Şurasının, Audit Komitəsinin, İdarə Heyətinin və bankın hər hansı digər komitəsinin və ya işçi qrupunun üzvlərindən birinin, habelə daxili audit bölməsinin əməkdaşlarının marağı ilə bağlı məsələ müzakirəyə çıxarıldıqda həmin üzv öz marağı barəsində müzakirə başlanmazdan əvvəl məlumat verməli, müzakirədə və qərarın qəbulunda iştirak etməməli, onun iştirakı isə yetərsayın müəyyən edilməsi zamanı nəzərə alınmamalıdır.

28.3. Bankın Müşahidə Şurasının, Audit Komitəsinin və İdarə Heyətinin üzvləri bankın səhmləri ilə əqd bağlayarkən məlumatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq qaydada açıqlamalıdır.

Maddə 29. Bankların yenidən təşkili

Bankın, o cümlədən bank lisenziyası ləğv edilmiş bankın yenidən təşkilinə (birləşməsinə, qoşulmasına, bölünməsinə, ayrılmasına və ya çevrilməsinə) Milli Bankın müəyyən etdiyi qaydada və onun qabaqcadan yazılı razılığı ilə yol verilir.

Maddə 30. Hüquqi şəxslərin kapitalında bankların iştirakının

məhdudlaşdırılması

30.1. Bankın başqa hüquqi şəxsdə iştirak payı əldə etməsi aşağıdakı hallardan birinə səbəb olarsa, bank həmin payı əldə etmək hüququna malik deyildir:

30.1.1. iştirak payının balans məbləği bankın məcmu kapitalının 10 faizindən çox olduqda;

30.1.2. bankın bütün bu cür iştirak paylarının məcmu balans məbləği bankın məcmu kapitalının 40 faizindən çox olduqda.

30.2. Bank hüquqi şəxslərin kapitalında mühüm iştirak payını təşkil edəcək və ya artıracaq, habelə hüquqi şəxsi bankın törəmə strukturuna çevirə biləcək iştirak payını Milli Bankın qabaqcadan yazılı icazəsi ilə əldə edə bilər.

30.3. Banka borcu olan şəxsin maliyyə sağlamlaşdırılması tədbirlərinin həyata keçirilməsi dövründə və ya borcun əvəzinə bankın mülkiyyətinə keçirilmiş səhmlər (paylar) iki ildən çox olmayan müddətə bu Qanunun 30.1-ci maddəsinə müvafiq olaraq mühüm iştirak payının hesablanmasında nəzərə alınmır.

30.4. Bu Qanunun 30.2-ci maddəsinə əsasən icazə almaq üçün banklar Milli Banka aşağıdakı sənədləri qoşmaqla yazılı ərizə təqdim edirlər:

30.4.1. bankın başqa hüquqi şəxslərin kapitalında nəzərdə tutulan iştirak payının əldə edilməsi haqqında səlahiyyətli idarəetmə orqanının qərarının təsdiqlənmiş surəti;

30.4.2. bankın başqa hüquqi şəxslərin kapitalında mühüm iştirak payları və nəzərdə tutulan iştirak payının artırılması nəticəsində yaranacaq mühüm iştirak payının miqdarı haqqında məlumat;

30.4.3. kapitalında mühüm iştirak payı əldə edilməsi nəzərdə tutulan hüquqi şəxslərin fəaliyyətlərinin əsas istiqamətləri və ünvanları haqqında məlumat, azı son üç maliyyə ilini (hüquqi şəxs üç ildən az müddətdə yaradıldıqda isə son maliyyə illərini) əhatə edən və auditor yoxlamasından keçmiş maliyyə hesabatları və auditor rəyləri (maliyyə vəziyyətini əks etdirən hesabatlara dair tələb yeni yaradılan hüquqi şəxslərə şamil edilmir);

30.4.4. nəzərdə tutulan iştirak payının əldə edilməsi nəticəsində hüquqi şəxs bankın törəmə strukturuna çevrilərsə, bu hüquqi şəxsin icra orqanlarının rəhbərlərinin siyahısı və hər bir rəhbər tərəfindən imzalanmış və imzaları notariat qaydasında təsdiqlənmiş vətəndaş qüsursuzluğuna dair ərizə;

Rəhbər əcnəbi olduqda, rezidenti olduğu ölkənin müvafiq hakimiyyət orqanları tərəfindən onun cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş və qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış arayış;

30.4.5. bankın mühüm iştirak payını əldə edəcəyi hüquqi şəxs xarici bank olduqda əlavə olaraq xarici bankın baş ofisinin yerləşdiyi ölkənin bank tənzimləməsi və nəzarəti orqanı tərəfindən verilmiş və bankın bu ölkədə fiziki və hüquqi şəxslərdən depozitlər və digər qaytarılan vəsait cəlb etməklə bağlı fəaliyyəti həyata keçirmək üçün icazəsinin olduğunu və həmin təşkilatın nəzərdə tutulan iştirak payının əldə edilməsinə etiraz etmədiyini təsdiqləyən arayış.

30.5. Bu Qanunun 30.4-cü maddəsinin tələblərinə uyğun təqdim edilən sənədlərə Milli Bankda ən geci 90 təqvim günü müddətində baxılır. Həmin müddət ərzində Milli Bank ərizəyə dair münasıbətini banka yazılı surətdə bildirməzsə, ərizəyə müsbət baxılmış hesab edilir. Aşağıdakı halları aşkar etdikdə Milli Bank başqa hüquqi şəxslərin kapitalında iştirak etməyə banka icazə vermir:

30.5.1. bu Qanunun 30.4-cü maddəsində nəzərdə tutlmuş sənədlər tam təqdim edilməmişdir;

30.5.2. nəzərdə tutulan iştirak payının əldə edilməsi nəticəsində bankın törəmə strukturuna çevrilən hüquqi şəxsin icra orqanlarının rəhbərləri məqbul və lazımi keyfiyyətlərə malik deyildir;

30.5.3. iştirak payının əldə edilməsi nəzərdə tutulan hüquqi şəxsin maliyyə vəziyyəti qeyri-qənaətbəxşdir və ya belə payın əldə edilməsi bankın maliyyə vəziyyətinin pisləşməsinə səbəb olacaqdır;

30.5.4. nəzərdə tutulan iştirak payı əldə edilən xarici banka yerləşdiyi ölkənin bank tənzimləməsi və nəzarəti orqanı tərəfindən lazımi nəzarət həyata keçirilmədiyinə və ya bu orqanın əməkdaşlıqdan imtina etdiyinə görə Milli Bankın öz nəzarət funksiyalarını həyata keçirməsi qeyri-mümkündür.

30.6. Banka icazəni verdikdə Milli Bank iştirak payının əldə edilməsinin maksimum müddətini müəyyən edir.

30.7. Bank icazəsi olmadan mühüm iştirak payı əldə etdikdə və ya iştirak payı əldə etmək üçün müəyyən edilmiş müddətləri gözləmədikdə, Milli Bank həmin banka yazılı sərəncam göndərərək onun öz iştirak payını sərəncamda göstərilən tarixədək ləğv etməyini və ya icazənin qüvvədən düşdüyünü bildirir.

30.8. Xarici bankın yerləşdiyi ölkənin bank tənzimləməsi və nəzarəti orqanı tərəfindən həmin banka lazımi nəzarət həyata keçirilmədikdə və ya bu orqan Milli Bankla əməkdaşlıqdan imtina etdikdə Milli Bank banka hüquqi şəxsin kapitalında mühüm iştirak payının müəyyən etdiyi müddətdə özgəninkiləşdirilməsi və ya geri alınması barədə yazılı göstəriş verir.

IV FƏSİL

BANKLARIN FƏALİYYƏTİNƏ DAİR TƏLƏBLƏR

Maddə 31. Bankların etibarlı fəaliyyətinə dair tələblər

31.1. Banklar idarəetməni və cari fəaliyyəti Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası Mülki Məcəlləsinin, digər normativ hüquqi aktların, habelə bu Qanunun, Milli Bankın normativ xarakterli aktlarının, bankın nizamnaməsinin tələblərinə, onlara verilmiş bank lisenziyasında və ya icazədə göstərilən bütün məhdudiyyətlərə müvafiq surətdə etibarlı və prudensial qaydada həyata keçirməlidirlər.

31.2. Banklar məcmu kapitalını və likvid ehtiyatlarını daimi olaraq müəyyən olunmuş səviyyədə saxlamalı, öz öhdəliklərini yerinə yetirmək və zərərə yol verməmək üçün aktivlərin qiymətdən düşməsinə qarşı zəruri tədbirlər görməli, mühasibat sənədlərini və digər zəruri sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib etməli, bankın fəaliyyətinə nəzarət mexanizmlərini formalaşdırmalı və tətbiq etməli, zərərin əmələ gəlməsi riskini maksimal şəkildə azaltmaq məqsədi ilə aktivlərin diversifikasiyasını (bölüşdürülməsini) təmin etməlidirlər.

Maddə 32. Bankların fəaliyyət növləri

32.1. Banklar, Milli Bankdan aldığı bank lisenziyasında qadağan edilməmişdirsə, aşağıdakı fəaliyyət növləri ilə məşğul ola bilərlər:

32.1.1. tələbli və müddətli depozitlərin (əmanətlərin) və digər qaytarılan vəsaitlərin cəlb edilməsi;

32.1.2. kreditlərin (təminatlı və/və ya təminatsız) verilməsi, o cümlədən istehlak və ipoteka kreditləşdirilməsi, reqres hüququ ilə və ya belə hüquq olmadan faktorinq, forfeytinq, lizinq xidmətləri və digər kreditləşdirmə növləri;

32.1.3. fiziki və hüquqi şəxslərin hesablarının, o cümlədən bankların müxbir hesablarının açılması və aparılması;

32.1.4. klirinq, hesablaşma-kassa xidmətləri, pul vəsaitinin, qiymətli kağızların və ödəniş vasitələrinin köçürülməsi üzrə xidmətlər göstərilməsi;

32.1.5. ödəniş vasitələrinin (o cümlədən kredit və debet kartları, yol çekləri və bank köçürmə vekselləri) buraxılması;

32.1.6. öz hesabına və ya müştərilərin hesabına maliyyə vasitələrinin (o cümlədən çeklərin, köçürmə veksellərinin, borc öhdəliklərinin və depozit sertifikatlarının), xarici valyutanın, qiymətli metalların və daş-qaşların, valyuta və faiz vasitələrinin, səhmlərin və digər qiymətli kağızların, habelə forvard kontraktlarının, svoplara dair sazişlərin, fyuçerslərin, opsionların və valyutalara, səhmlərə, istiqrazlara, qiymətli metallara və ya faiz dərəcələrinə aid digər törəmə vasitələrin satın alınması və satılması;

32.1.7. qiymətli metalların əmanətə cəlb edilməsi və yerləşdirilməsi;

32.1.8. öhdəliklərin icrasına təminatların, o cümlədən qarantiyaların verilməsi və öz hesabına və ya müştərilərin hesabına akkreditivlərin açılması;

32.1.9. qiymətli kağızlar bazarında peşəkar fəaliyyət;

32.1.10. maliyyə müşaviri, maliyyə agenti və ya məsləhətçisi xidmətlərinin göstərilməsi;

32.1.11. kreditlərə və kredit qabiliyyətinin yoxlanılmasına dair informasiya verilməsi və xidmətlər göstərilməsi;

32.1.12. sənədləri və qiymətliləri, o cümlədən pul vəsaitlərini saxlanca qəbul etmək (xüsusi otaqlarda və ya seyf qutularında saxlamaq);

32.1.13. qiymətlilərin, o cümlədən banknotların və sikkələrin inkasasiya edilməsi və göndərilməsi;

32.2. Banklar bu Qanunun 32.1-ci maddəsində sadalanan fəaliyyət növlərindən başqa bu Qanunun 33-cü maddəsində göstərilən fəaliyyət növləri istisna olmaqla, digər qanunlarla nəzərdə tutulmuş fəaliyyət növlərini də həyata keçirə bilərlər.

32.3. Bu Qanunun 32.1-ci maddəsində göstərilmiş hər hansı fəaliyyət növü üçün qanunvericiliyə əsasən əlavə olaraq xüsusi razılıq (lisenziya) tələb edildikdə banklar yalnız müvafiq xüsusi razılıq (lisenziya) aldıqdan sonra onları həyata keçirə bilərlər.

Maddə 33. Banklar tərəfindən həyata keçirilməyən fəaliyyət növləri

33.1. Bu Qanunun 32-ci maddəsində icazə verilmiş fəaliyyət növləri istisna olmaqla, heç bir bank topdansatış və ya pərakəndə ticarət, istehsal, nəqliyyat, kənd təsərrüfatı, yataqların işlənilməsi, tikinti və sığorta fəaliyyəti ilə məşğul ola və ya sığorta təşkilatları istisna olmaqla tərəfdaş, şərik və ya payçı kimi bunlarda iştirak edə bilməz.

33.2. Öhdəlik üzrə tələblərini ödəmək məqsədilə bank yalnız Milli Bankın icazəsi ilə və yalnız icazədə göstərilən müddət ərzində bu Qanunun 33.1-ci maddəsində nəzərdə tutulan fəaliyyət növlərini həyata keçirə və ya həmin fəaliyyət növlərini həyata keçirən hüquqi şəxslərdə tərəfdaş, şərik və ya payçı kimi iştirak edə bilər.

Maddə 34. Prudensial normativlər və tələblər

34.1. Banklar fəaliyyətləri dövründə öz aktivləri, balansarxası öhdəlikləri və kapitalının miqdarı ilə bağlı Milli Bankın müəyyən etdiyi prudensial normativlərə və tələblərə, o cümlədən açıq valyuta mövqeyinə riayət etməlidirlər.

Milli Bank tərəfindən müəyyən edilmiş yeni normativlər və tələblər, onlarda dəyişikliklər banklara rəsmən bildirildikdən sonra bir aydan tez olmayaraq, nizamnamə və məcmu kapitalın minimum miqdarına aid tələblərə dəyişikliklər isə banklara rəsmən bildirildikdən sonra altı aydan tez olmayaraq qüvvəyə minir. Yeni prudensial normativlərin və tələblərin geriyə qüvvəsi yoxdur.

34.2. Milli Bank bankların və xarici bankların yerli filiallarının maliyyə sabitliyini təmin etmək məqsədilə aşağıdakı prudensial normativləri və tələbləri müəyyən edir:

34.2.1. nizamnamə kapitalının (xarici bankların yerli filialları üçün nizamnamə kapitalına bərabər tutulmuş vəsaitin) minimum miqdarını;

34.2.2. məcmu kapitalın minimum miqdarını (xarici bankların yerli filialları üçün məcmu kapitala bərabər tutulmuş vəsaitin minimum miqdarını);

34.2.3. əsas və məcmu kapitalın risk dərəcəsi üzrə ölçülmüş aktivlərə (xarici bankların yerli filialları üçün əsas və məcmu kapitala bərabər tutulmuş vəsaitin risk dərəcəsi üzrə ölçülmüş aktivlərə) nisbətini (kapitalın adekvatlıq əmsallarını);

34.2.4. likvidlik göstəricilərini;

34.2.5. bir borcalan və ya bir-biri ilə əlaqədar borcalanlar qrupu üçün kredit risklərinin maksimum miqdarını;

34.2.6. məcmu iri kredit risklərinin maksimum miqdarını;

34.2.7. aidiyyatı şəxslərə və aidiyyatı şəxs adından hərəkət edən şəxslərə verilmiş kreditlərin maksimum miqdarını;

34.2.8. aidiyyatı şəxslərə və aidiyyatı şəxs adından hərəkət edən şəxslərə verilmiş məcmu kreditlərin maksimum miqdarını;

34.2.9. digər hüquqi şəxslərin kapitalında bankların iştirakının maksimum miqdarını;

34.2.10. digər hüquqi şəxslərin kapitalında bankların məcmu iştirakının maksimum miqdarını;

34.2.11. açıq valyuta mövqeyinin limitlərini;

34.2.12. aktivlərin, balansarxası öhdəliklərin təsnifatından və qiymətləndirilməsindən asılı olaraq, mümkün zərərin ödənilməsi üçün xərclər hesabına yaradılan xüsusi ehtiyatlara aid tələbləri;

34.2.13. faizlərin hesablanması dayandırılmış aktivlərə aid tələbləri;

34.2.14. aidiyyatı şəxslər və aidiyyatı şəxs adından hərəkət edən şəxslər ilə aparılan əməliyyatlara aid tələbləri;

34.2.15. aktivlərin və passivlərin ödəniş müddətlərinin və faiz dərəcələrinin uyğunluğuna dair tələbləri.

34.3. Milli Bank bankların və xarici bankların yerli filiallarının fəaliyyətinin tənzimlənməsini həyata keçirdikdə, zərurət yarandıqca bu Qanunun 34.2-ci maddəsində göstərilən prudensial normativlərin və tələblərin hamısını və ya bir hissəsini tətbiq edə bilər.

34.4. Banklar Milli Bankın müəyyən etdiyi korporativ idarəetmə standartlarına riayət etməlidirlər.

34.5. Milli Bank bankların fəaliyyət riskini azaltmaq, əmanətçilərin və kreditorların mənafelərini qorumaq məqsədi ilə bu Qanunun 34.2-ci maddəsində nəzərdə tutulan normativ və tələblərdən başqa beynəlxalq bank nəzarəti praktikasında qəbul olunmuş əlavə normativlər və tələblər müəyyən etmək hüququna malikdir.

34.6. Milli Bank xarici kapitallı banklar və xarici bankların yerli filialları üçün öz aktivlərini Azərbaycan Respublikasında yerləşdirmək barəsində tələblər müəyyən edə bilər.

Maddə 35. Banklar arasında münasibətlər

35.1. Bu Qanunla, Milli Bankın normativ xarakterli aktları və göstərişləri ilə, habelə lisenziyalar və icazələrlə məhdudlaşdırılan hallar istisna olmaqla, banklar qarşılıqlı surətdə qanunvericiliklə müəyyən edilmiş qaydada hər növ əməliyyatlar apara, bir-birində depozit, o cümlədən müxbir və digər hesablar aça bilərlər.

35.2. Banklar öz aralarında bank fəaliyyətinin həyata keçirilməsi ilə bağlı əməkdaşlığı həyata keçirə bilərlər. Banklar bu məqsədlə öz aralarında pul vəsaitinin və qiymətli kağızların köçürülməsi, klirinq və hesablaşma mexanizmlərindən istifadə edilməsi, qiymətli kağızların depozitə qəbul olunması və digər ümumi bank xidmətlərinin göstərilməsi, üzvlərinin mənafelərinə kömək üçün qeyri-kommersiya birliklərinin yaradılması, habelə bank işinin inkişafını və sabitliyini dəstəkləyən fəaliyyətin həyata keçirilməsi haqqında sazişlər bağladıqda, həmin sazişlərin iştirakçısı olan banklar bu sazişlər bağlandıqdan sonra 7 təqvim günü müddətində onların surətlərini Milli Banka təqdim etməlidirlər.

35.3. Bankların bank xidmətləri bazarının inhisara alınmasına və bank işində rəqabətin məhdudlaşdırılmasına yönəldilmiş sazişlər bağlaması və razılaşdırılmış əməliyyatlar aparması qadağandır. Bank fəaliyyətinin inhisara alınmasına qarşı yönəldilmiş qaydaların yerinə yetirilməsinə nəzarəti Milli Bank və müvafiq dövlət orqanları həyata keçirirlər.

35.4. Banklar bank sisteminin etibarlığını təmin etmək məqsədilə borcalanların ödəniş qabiliyyəti və etibarlığı haqqında məlumatı Milli Bankda yaradılan mərkəzləşdirilmiş kredit reyestrinə verməyə borcludurlar. Mərkəzləşdirilmiş kredit reyestrinin iş rejimi, o cümlədən məlumatın xarakteri, məlumatların verilməsi və alınması qaydaları və şərtləri Milli Bankın normativ xarakterli aktları ilə müəyyən edilir.

Milli Bankın icazəsi və müəyyən etdiyi şərtlər daxilində banklar öz aralarında da xüsusi kredit reyestri yarada bilərlər.

Kredit reyestrlərində olan məlumatlar yalnız banklara və borcalanların özlərinə (banklar arasında yaradılan reyestrdəki məlumatlar həmçinin Milli Banka) onların müraciəti ilə müəyyən olunmuş qaydada verilə bilər. Kredit reyestrlərində toplanan və oradan alınan məlumatlara bank sirrinin bu Qanunla müəyyən olunmuş qorunması qaydaları şamil olunur.

Kredit reyestrinin xərclərinin ödənilməsi məqsədi ilə məlumatlar ödənişli əsaslarla verilir.

35.5. Yerli banklar arasında, yerli bankla xarici bankların yerli filial və nümayəndəlikləri, habelə xarici bankların yerli filialları (nümayəndəlikləri) arasında mübahisələr qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının məhkəmələri tərəfindən həll edilir.

Maddə 36. Banklarla onların müştəriləri arasında münasibətlər

36.1. Banklarla onların müştəriləri arasında münasibətlər Azərbaycan Respublikasının Mülki Məcəlləsi, həmin Məcəlləyə müvafiq olaraq Milli Bank tərəfindən qəbul edilmiş normativ aktlar və müqavilə əsasında həyata keçirilir.

36.2. Müştərilər bank fəaliyyətinin bütün növlərinin həyata keçirilməsi üçün bankları müstəqil seçirlər və bu məqsədlə bir və ya bir neçə bankın xidmətlərindən istifadə edə bilərlər. Hesabların açılması, aparılması və bağlanması qaydaları Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və həmin Məcəlləyə müvafiq olaraq Milli Bank tərəfindən qəbul edilmiş normativ aktlara, habelə bu Qanuna əsasən həyata keçirilir.

Xüsusi seçki hesablarının açılması, əməliyyatların aparılması və dayandırılması qaydası Milli Bankla razılaşdırılmaqla Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun olaraq müəyyən edilir.

36.3. Bank müştərisinin, yaxud onun müştərisi olmaq istəyən hüquqi və ya fiziki şəxsin tələbi ilə öz bank lisenziyasını, maliyyə vəziyyəti haqqında məlumatı (sonuncu ay, rüb və il üçün mühasibat balansını, mənfəət və zərər haqqında hesabatı) və sonuncu hesabat ili üçün auditor rəyini təqdim etməlidir.

36.4. Banklar yerləşdikləri binada yazılı formada depozitlərin (əmanətlərin) qəbul edilməsinin, kreditlərin verilməsinin, hesablaşma-kassa xidmətinin və pul köçürmələrinin aparılması şərtləri və qaydaları haqqında müştərilərinə məlumat verməlidirlər.

36.5. Bank müştərinin öz pul vəsaitindən istifadə istiqamətlərini müəyyənləşdirə və nəzarətdə saxlaya bilməz, müştərinin öz pul vəsaiti barəsində özü istədiyi kimi sərəncam vermək hüququ üzərində qanunla və ya müqavilə ilə nəzərdə tutulmayan məhdudiyyətlər qoya bilməz.

36.6. Hər bir bank müştərilərlə bağladığı müqavilədə xidmət şərtlərini, o cümlədən faiz dərəcələrini, komisyon haqlarını və göstərilən bank xidmətləri üçün digər ödənişləri, habelə bank tərəfindən verilmiş kreditlərin ödənişi şərtlərini və qaydalarını müəyyən etməkdə sərbəstdir.

Kredit üzrə faizlər bankla müştəri arasında bağlanmış müqavilə şərtlərinə uyğun hesablanır və ödənilir. Faiz dərəcələri və bank qarşısında borca görə verilməli olan digər ödənişlər yalnız borcun olduğu günlər üçün borc qalığı məbləğinə hesablanır.

36.7. Yerli banklarla onun yerli müştəriləri arasında bütün mübahisələr, habelə xarici bankların yerli filialları ilə onların yerli müştəriləri arasında bütün mübahisələr qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının məhkəmələri tərəfindən həll edilir.

Maddə 37. Bankın müxbir hesabları və banka həvalə edilmiş aktivlər

barəsində səlahiyyətlər

37.1. Hüquqi və fiziki şəxslərin bankda olan pul vəsaitinə və digər sərvətlərinə qanunda nəzərdə tutulan hallarda və qaydada məhkəmənin və ya məhkəmə icraçısının qərarı ilə həbs qoyula bilər. Bank, hesabın üzərinə həbs qoyulması barədə müvafiq qərarı aldığı andan depozitlər (əmanətlər) və digər hesablar üzrə məxaric əməliyyatlarını həbs qoyulmuş vəsait həcmində dayandırmalıdır.

Bankların müxbir hesablarına həbs yalnız məhkəmənin qərarı ilə bankın özünə qarşı olan tələblər üzrə öhdəlik məbləğində qoyula bilər.

37.2 Müştərinin bankda olan pul vəsaiti və digər sərvətləri yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müsadirə edilə bilər.

37.3. Bank müştərilərin pul vəsaitinə və digər sərvətlərinə həbs qoyulması, müsadirə edilməsi, yaxud tələb yönəldilməsi nəticəsində müştərilərinə və ya kreditorlarına dəymiş zərər üçün məsuliyyət daşımır.

Maddə 38. Hesablaşmalar və pul köçürmələri

38.1. Banklar hesablaşmaları və pul köçürmələrini Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və Milli Bankın həmin Məcəlləyə müvafiq olaraq qəbul etdiyi normativ aktlara, bank praktikasında tətbiq olunan işgüzar dövriyyə adətlərinə və müvafiq müqavilələrə uyğun olaraq həyata keçirirlər.

38.2. Banklar beynəlxalq ödənişləri və pul köçürmələrini Azərbaycan Respublikasının qanunvericiliyinə, o cümlədən Milli Bankın normativ xarakterli aktlarına, Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrə, habelə beynəlxalq bank praktikasında tətbiq edilən işgüzar dövriyyə adətlərinə və müvafiq müqavilələrə uyğun olaraq həyata keçirirlər.

38.3. Milli Bank bankların istifadə etdikləri avtomatlaşdırılmış hesablaşma və pul köçürmələri sistemlərinin etibarlığının və təhlükəsizliyinin, bank informasiyasının mühafizəsinin onlar tərəfindən təmin edilməsinə aid minimum tələbləri müəyyən edə bilər.

Maddə 39. Sənədlərin saxlanılması

39.1. Banklar bank əməliyyatları haqqında bağlanmış müqavilələr və icra edilmiş müqavilələr (əqdlər) üzrə müvafiq sənədləri, o cümlədən elektron daşıyıcılarda olan informasiyanı, habelə fəaliyyətləri nəticəsində yaranan digər sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada və müddət ərzində saxlamalıdırlar.

39.2. Müştərini eyniləşdirməyə, habelə müştərilərin hesablaşma və köçürmə əməliyyatlarını təsdiq etməyə imkan verən sənədlər müştəri ilə qarşılıqlı münasibətlərə xitam verildikdən və ödənişlər (köçürmələr) başa çatdıqdan sonra azı beş il müddətində bankda saxlanılmalıdır.

Maddə 40. Banklara aidiyyatı şəxslərlə və aidiyyatı şəxs adından

hərəkət edən şəxslərlə əməliyyatların aparılması

40.1. Aşağıdakı hallarda banklar aidiyyatı şəxslərə və aidiyyatı şəxs adından hərəkət edən şəxslərə kreditlər verə bilməzlər:

40.1.1. kreditin verilməsinə və onun şərtlərinə dair bankın Müşahidə Şurasının razılığı olmadıqda və bankın İdarə Heyətinin bu barərə yekdilliklə qəbul edilmiş qərarı olmadıqda;

40.1.2. kreditin verilməsi nəticəsində bank tərəfindən həmin hüquqi şəxs üçün verilmiş kreditlərin məcmu miqdarı bankın məcmu kapitalının 10 faizinə bərabər məbləği, fiziki şəxs üçün isə 3 faizinə bərabər məbləği keçdikdə;

40.1.3. kreditin verilməsi nəticəsində bank tərəfindən bütün aidiyyatı şəxslərə və aidiyyatı şəxs adından hərəkət edən şəxslərə verilmiş kreditlərin məcmu miqdarı bankın məcmu kapitalının 20 faizinə bərabər məbləği keçdikdə.

40.2. Aidiyyatı şəxslərə və aidiyyatı şəxs adından hərəkət edən şəxslərə kredit bu Qanunun 40.1-ci maddəsinin tələbləri pozulmaqla verildikdə, həmin kredit dərhal ödənilməlidir. Bankın Müşahidə Şurasının və İdarə Heyətinin üzvləri bu Qanunun 40.1-ci maddəsinin tələbləri pozulmaqla verildiyi kreditlər üzrə əsas məbləğin, faizlərin və digər ödənişlərin ödənilməsi üçün məsuliyyət daşıyırlar.

40.3. Bankların aidiyyatı şəxslərə və aidiyyatı şəxs adından hərəkət edən şəxslərə digər müştərilərdən fərqli olaraq güzəştli kreditlərin verilməsi və ya güzəştli şərtlərlə digər əməliyyatların aparılması qadağandır.

Maddə 41. Bank sirri

41.1. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq bank hesabının, hesab üzrə əməliyyatlar və qalıqların, habelə müştəri haqqında məlumatların, o cümlədən müştərinin adı, ünvanı, rəhbərləri haqqında məlumatların sirrinə bank təminat verir. Müştərilərin bank saxlancında əmlakının mövcudluğu, bu cür əmlakın sahibləri, xarakteri və dəyəri haqqında məlumatların sirrinə də bank təminat verir.

41.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq bank sirrini təşkil edən məlumatlar yalnız müştərilərin özlərinə və onların nümayəndələrinə, həmçinin bank nəzarəti üzrə səlahiyyətlərin həyata keçirməsi prosesində Milli Bankın inspektorlarına, kənar auditorlara, habelə bu Qanuna müvafiq surətdə kredit reyestrinə verilir. Dövlət orqanlarına və onların vəzifəli şəxslərinə bu cür məlumatlar yalnız cinayət işinin istintaqı, müştərinin pul vəsaitinə və bankın saxlancında olan əmlakına həbs qoyulması, tələb yönəldilməsi və bunların müsadirə edilməsi ilə əlaqədar məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında verilir. İcra sənədlərinin məcburi icraya yönəldilməsi ilə əlaqədar müştərilərin hesab qalıqları barədə məlumatlar qanunvericiliklə müəyyən olunmuş mənbələrdən əldə edilmiş məlumat əsasında məhkəmə icraçılarına verilir.

Bankın xidmət etdiyi vergi ödəyicisi olan hər hansı hüquqi şəxsin və ya fərdi sahibkarın bank hesabı və əməliyyatları barədə məlumat vergi orqanlarına yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada verilir.

Xüsusi seçki hesabına daxil olan və xərclənən vəsaitlər barədə məlumat banklar tərəfindən Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə müəyyən olunmuş qaydada Mərkəzi Seçki Komissiyasına verilir.

4 1.3. Hesabların və əmanətlərin sahibləri vəfat etdikdə onların hesabları və əmanətləri barəsində arayışlar notariuslara onların icraatında olan vərəsəlik işləri üzrə, habelə müvafiq notariat hərəkətlərini icra edən konsulluq idarələrinə verilir.

41.4. Milli Bankla xarici dövlətlərin bank tənzimləməsi və nəzarəti orqanları arasında qarşılıqlı əməkdaşlığa dair sazışə uyğun olaraq informasiya mübadiləsinin predmeti müvafiq dövlətin ərazisində fəaliyyət göstərən və ya fəaliyyət göstərməyə hazırlaşan subyektlər haqqında informasiyadırsa, belə informasiya bank sirrinin açılması hesab edilmir, bir şərtlə ki, bu informasiya üçüncü şəxslərə verilə bilməz və yalnız bank nəzarəti məqsədləri üçün istifadə edilir.

41.5. Bankların mövcud və keçmiş inzibatçıları və digər əməkdaşları, habelə bankın səhmdarları bankın idarəedilməsi və ya xidməti səlahiyyətlərinin həyata keçirilməsi ilə əlaqədar onlara məlum olan bank sirrini təşkil edən məlumatların qeyri-qanuni açılmasına görə Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilmiş qaydada mülki, inzibati və cinayət məsuliyyəti daşıyırlar.

41.6. Bank sirrini təşkil edən məlumatlar bank tərəfindən qanunsuz olaraq açıqlandığı halda hüquqları pozulmuş müştəri Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq bankdan vurulmuş zərərin əvəzini ödəməyi tələb edə bilər.

Maddə 42. Çirkli pulların yuyulmasının qarşısının alınması

42.1. Banklar xidmət göstərdiyi hər bir müştərinin kimliyini təyin etməlidirlər. Ödənişləri həyata keçirərkən banklar müştərilərdən vəsaiti alanı (benefisiarı) göstərməyi tələb etməlidirlər. Anonim hesabların, o cümlədən anonim əmanət hesablarının açılmasına yol verilmir.

42.2. Azərbaycan Respublikasının qanunvericiliyi ilə banklarda çirkli pulların yuyulmasının qarşısının alınması üçün bu Qanunun 42.1-ci maddəsində göstərilən tələblərdən başqa digər tələblər də müəyyən edilə bilər.

V FƏSİL

BANKLARDA MÜHASİBAT UÇOTU VƏ HESABAT. BANKLARIN FƏALİYYƏTİNƏ NƏZARƏT

Maddə 43. Banklarda mühasibat uçotu və maliyyə hesabatı

43.1. Bank və xarici bankın yerli filialı qanunvericiliyə və Beynəlxalq Mühasibat Standartlarına uyğun olaraq mühasibat uçotunu aparmalı, fəaliyyətlərini və maliyyə vəziyyətini əks etdirən hesabatları, o cümlədən illik maliyyə hesabatları tərtib etməlidirlər. Banklarda mühasibat uçotu qaydaları və hesabatların forma, məzmunu və dövriliyi müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaqla Milli Bank tərəfindən müəyyən edilir.

43.2. Bankın maliyyə hesabatı ayrıca olaraq bankın və konsolidasiya əsasında (birləşdirilmiş əsasda) onun törəmə təcərrüfat cəmiyyətlərinin, filiallarının, şöbələrinin və nümayəndəliklərinin fəaliyyətini və maliyyə vəziyyətini əks etdirir.

43.3. Bir və ya bir neçə yerli filialı olan xarici bank bu Qanunun 43.1-ci və 43.2-ci maddələrində müəyyən edilmiş tələblərə müvafiq hər bir yerli filialı üçün ayrıca olaraq və konsolidasiya əsasında fəaliyyətlərini və maliyyə vəziyyətini əks etdirən maliyyə hesabatının tərtib edilməsini təmin etməlidir.

Maddə 44. Kənar audit

44.1. Bankın və xarici bankın yerli filialının maliyyə fəaliyyəti hər il auditor fəaliyyətini həyata keçirmək üçün xüsusi razılığa (lisenziyaya) malik olan kənar auditor tərəfindən yoxlanılmalıdır.

44.2. Auditor yoxlaması Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.

44.3. Bankın və xarici bankın yerli filialının yoxlamasını aparan kənar auditor Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan hüquq və vəzifələrlə yanaşı aşağıdakıları da həyata keçirir:

44.3.1. bankın maliyyə hesabatının onun maliyyə vəziyyəti haqqında tam və obyektiv təsəvvür yaradıb-yaratmadığı barəsində hesabat və rəy hazırlayır;

44.3.2. mühasibat uçotunun, maliyyə nəzarəti sistemlərinin və prosedurlarının lazımi səviyyədə saxlamaqda banka kömək göstərir;

44.3.3. inzibatçının və ya hər hansı əməkdaşın banka mühüm zərər vuran və ona məlum olan qanunsuz hərəkətləri barədə, habelə idarəetmədə və ya cari fəaliyyətində çatışmazlıqlar haqqında Milli Banka məlumat verir.

44.4. Yerli filialı və ya nümayəndəliyi olan xarici bank yerli filial və nümayəndəliklərinin auditini konsolidasiya əsasında həyata keçirilməsini təmin etməlidir.

44.5. Milli Bank bankların və xarici bankların yerli filiallarının auditinin aparılmasına dair beynəlxalq bank nəzarəti praktikasına uyğun minimum tələblər müəyyən edə bilər. Kənar auditor yoxlaması Milli Bankın tələblərinə uyğun gəlməsə, Milli Bank auditorun dəyişdirilməsini, habelə bankın özünün vəsaiti hesabına təkrar auditin aparılmasını tələb edə bilər.

Maddə 45. Balans hesabatının və kənar auditor rəyinin dərc edilməsi

45.1. Bank və xarici bankın yerli filialı maliyyə ilinin qurtarmasından ən geci beş ay müddətində bankın və xarici bankın yerli filialının kənar auditor tərəfindən təsdiqlənmiş konsolidasiya əsasında hazırlanmış maliyyə hesabatını auditor rəyi ilə birlikdə bankın səhmdarlarına, habelə müştərilərin tələbi ilə onlara təqdim etməlidir.

45.2. Bank maliyyə ilinin qurtarmasından ən geci beş ay müddətində konsolidasiya əsasında fəaliyyətlərini və maliyyə vəziyyətini əks etdirən auditor tərəfindən təsdiqlənmiş maliyyə hesabatını auditor rəyi ilə birlikdə Milli Banka təqdim etməlidir.

Bir və ya bir necə yerli filialı olan xarici bank ayrıca olaraq hər bir yerli filialı üçün kənar auditor tərəfindən təsdiqlənmiş maliyyə hesabatını, habelə auditor rəyi ilə birlikdə beş ay müddətində, konsolodasiya əsasında təsdiqlənmiş maliyyə hesabatını auditor rəyi ilə birlikdə səkkiz ay müddətində Milli Banka təqdim etməlidir.

45.3. Bu Qanunun 45.1-ci maddəsində göstərilmiş maliyyə hesabatı kütləvi informasiya vasitələrində bank və xarici bankın yerli filialları tərəfindən dərc edilməlidir. Dərc olunan hesabatın forması, məzmunu və müddətləri Milli Bank tərəfindən müəyyən edilir.

Maddə 46. Bankların hesabatı və onların fəaliyyətinə nəzarət

46.1. Bankın maliyyə vəziyyətinin qiymətləndirilməsi məqsədilə bank özünün və törəmə təsərrüfat cəmiyyətlərinin ayrıca olaraq və konsolidasiya əsasında prudensial və bank statistikası hesabatlarını Milli Banka təqdim etməlıdir. Xarici bankın yerli filialları da müvafiq hesabatları Milli Banka təqdim etməlidir. Prudensial və bank statistikası hesabatlarının forması, məzmunu və təqdim edilməsi qaydaları Milli Bank tərəfindən müəyyən edilir.

46.2. Banklar və xarici bankların yerli filialları yerlərdə yalnız Milli Bankın inspektorları və ya Milli Bank tərəfindən təyin edilən kənar auditorlar tərəfindən ildə bir dəfə yoxlanılır. Bank aktivlərinin itirilməsi təhkükəsi yarandıqda, habelə qanunvericiliyin pozulması faktlarının araşdırılması məqsədilə Milli Bank banklarda və xarici bankların yerli filiallarında əlavə yoxlamalar keçirə bilər. Yoxlayıcıların tərkibinə qarşılıqlıq prinsipi əsasında Milli Bankın yoxlamalar sahəsində əməkdaşlıq haqqında saziş bağladığı digər ölkənin bank tənzimləməsi və nəzarəti orqanının əməkdaşları da daxil edilə bilərlər. Yoxlamaların həyata keçirilməsinin prosedur qaydaları Milli Bankın qərarları ilə müəyyən edilir.

46.3. Bu Qanunun 46.1.-ci və 46.2-ci maddəsinə uyğun olaraq Milli Banka və onun təyin etdiyi kənar auditorlara aşağıdakı səlahiyyətlər verilir:

46.3.1. istənilən banka, onun filiallarına, şöbələrinə, törəmə təsərrüfat cəmiyyətlərinə, habelə xarici bankın yerli filialına daxil olmaq və onların hesabatlarını, mühasibat kitablarını, sənədlərini və digər uçot yazılarını yoxlamaq, onlara dair izahat tələb etmək;

46.3.2. bankın, onun törəmə təsərrüfat cəmiyyətlərinin, bankda mühüm iştirak payına malik olan şəxslərin, banka aidiyyatı olan şəxslərin və aidiyyatı şəxs adından hərəkət edən şəxslərin, bankın filialının, şöbəsinin və xarici bankın yerli filialının inzibatçılarından, əməkdaşlarından və agentlərindən həmin qurumların idarə edilməsinə və cari fəaliyyətinə, o cümlədən müştərilərin əməliyyatlarına aid istənilən məsələ barəsində bütün lazımi informasiyanı verməyi tələb etmək.

46.4. Xarici bankın yerli nümayəndəliyi özünün fəaliyyətini qanunvericilikdən və əsasnaməsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmadığını göstərmək üçün özünün idarə edilməsi qaydası və cari fəaliyyəti haqqında hesabatları Milli Banka təqdim etməlidir. Hesabatın forması, məzmunu və təqdim edilməsi qaydası Milli Bank tərəfindən müəyyən edilir.

Hesabat məlumatlarını dəqiqləşdirmək məqsədilə Milli Bankın inspektorları xarici bankın nümayəndəliyini yerində yoxlaya bilər.

46.5. Bank, onun törəmə təsərrüfat cəmiyyəti, filialı və şöbəsi, xarici bankın yerli filialı və nümayəndəliyi bu maddəyə uyğun vəzifələrin icrası zamanı Milli Bankın inspektorlarına və ya onun tərəfindən təyin edilmiş auditorlara zəruri təşkilatı və texniki imkanları yaradır.

46.6. Qarşılıqlılıq prinsipinə əsasən xarici bank tənzimləməsi və nəzarəti orqanlarının sorğuları, habelə məhkəmənin qüvvəyə minmiş qərarı ilə nəzərdə tutulan hallar istisna olmaqla, Milli Bank başqa şəxslərin tələbi ilə banklarda və xarici bankların yerli filiallarında yoxlamalar keçirməyə, onlardan hesabat və ya informasiya almağa səlahiyyətli deyildir.

46.7. Azərbaycan Respublikasında vergi nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanı bankların və xarici bankların yerli filiallarının fəaliyyətini yalnız vergi ödəyiciləri qismində yoxlaya bilər. Yoxlamaların keçirilməsi zamanı bank müştərilərinin hesabları və əməliyyatları ilə bağlı məlumatlar və sənədlər yalnız bank sirrini təşkil edən məlumatların açıqlanması üçün Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydalara uyğun əldə edilə bilər.

VI FƏSIL

BANKLARA TƏSIR TƏDBIRLƏRI VƏ SANKSIYALAR

Maddə 47. Banklara təsir tədbirləri

47.1. Bank tərəfindən prudensial normativlərin və tələblərin pozulmasına, onun fəaliyyətinin bu Qanunun və Milli Bankın normativ xarakterli aktlarının tələbləri pozulmaqla həyata keçirilməsinə, Milli Bankın verdiyi lisenziyaya və icazəyə daxil edilmiş məhdudiyyətlərin pozulmasına yol verdiyini müəyyən etdikdə, yaxud bu cür pozuntulara səbəb ola biləcək əsaslar aşkar etdikdə pozuntunun xarakterindən asılı olaraq Milli Bankın banka aşağıda göstərilən təsir tədbirlərini tətbiq etmək hüququ vardır:

47.1.1.pozuntuların aradan qaldırılması haqqında bankdan öhdəlik məktubu tələb etmək;

47.1.2.bankla razılaşma bağlamaq;

47.1.3. banka sərəncam vermək;

47.2. Pozuntuların və ya pozuntulara səbəb ola biləcək faktların aradan qaldırılması haqqında Milli Bank tərəfindən bankdan öhdəlik məktubu tələb edildikdə, bankın Milli Banka təqdim etdiyi məktubda yol verilmiş çatışmazlıqların aradan qaldırılması üçün bank tərəfindən görüləcək tədbirlər və onların həyata keçirilməsi müddətləri göstərilir.

47.3. Milli Bankla bank arasında bağlanmış razılaşmada aşkar edilmiş çatışmazlıqların təxirəsalınmadan aradan qaldırılması və bununla bağlı ilk növbədə həyata keçirilməli tədbirlər müəyyən olunur.

47.4. Milli Bankın banka icrası məcburi olan sərəncamında bu Qanunun 48-ci maddəsində göstərilmiş təshih tədbirlərinin həyata keçirilməsi və çatışmazlıqların aradan qaldırılması müddətləri barədə banka yazılı göstəriş verilir.

Bankın maliyyə vəziyyətinin sağlamlaşdırılmasına yönəldilən təshih tədbirləri tətbiq edildikdə, bank verilən sərəncama müvafiq olaraq tədbirin həyata keçirilməsi planını iki həftə müddətində Milli Banka təqdim edir.

Milli Bankın icrası məcburi olan sərəncamından məhkəmə qaydasında şikayət verilməsi həmin sərəncamın icrasını dayandırmır.

47.5. Bank bu Qanunun 47.2-ci, 47.3-cü və 47.4-cü maddələrində göstərilmiş müvafiq öhdəlik məktubunun, razılaşmanın və sərəncamın icrası barədə həmin sənədlərdə göstərilmiş müddətdə Milli Banka məlumat verməlidir.

Maddə 48 Banklara təshih tədbirləri

48.1. Milli Bank bu Qanunun 47-ci maddəsinə müvafiq olaraq banka aşağıdakı təshih tədbirlərini tətbiq edə bilər:

48.1.1. bank fəaliyyətinin ayrı-ayrı növlərinin həyata keçirilməsinin məhdudlşdırılması və ya dayandırılması;

48.1.2. inzibatçıların vəzifələrindən müvəqqəti kənarlaşdırılması;

48.1.3. banka aidiyyatı şəxslər və aidiyyatı şəxslər adından hərəkət edən şəxslərlə bank əməliyyatlarının və əqdlərin həyata keçirilməsinin dayandırılması;

48.1.4. depozitlərin qəbul edilməsinin məhdudlaşdırılması;

48.1.5. xarici bankların törəmə banklarının və ya yerli filiallarının təsisçi banklardan cəlb etdikləri vəsaitlərdən başqa digər mənbələrdən vəsaitlərin cəlb edilməsinin məhdudlaşdırılması və ya dayandırılması;

48.1.6. digər hüquqi şəxslərin kapitalında payların alınmasının məhdudlaşdırılması, dayandırılması və ya ləğv edilməsi;

48.1.7. yeni fililalların və şöbələrin açılmasının dayandırılması və ya fəaliyyət göstərən filial və şöbələrin işinin dayandırılması və ya fəaliyyətlərinə xitam verilməsi;

48.1.8. maliyyə güzəştlərinin verilməsinin dayandırılması;

48.1.9. kredit verilməsi və depozit cəlb edilməsi qaydasının və şərtlərinin dəyişdirilməsi;

48.1.10. kapitalın artırılmasının tələb edilməsi;

48.1.11. mənfəət hesabına kapital ehtiyatlarının yaradılmasının tələb edilməsi;

48.1.12. aktivlərin keyfiyyətindən asılı olaraq xüsusi ehtiyatların yaradılmasının və/və ya nizamnamə kapitalının bankın zərəri məbləğində azaldılmasının tələb edilməsi;

48.1.13. başqa şəxslərin öhdəlikləri üzrə təminatların (qarantiyaların) verilməsinin dayandırılması;

48.1.14. dividendlərin ödənilməsinin məhdudlaşdırılması və ya dayandırılması;

48.1.15. bankın fəaliyyətinin və daxili nəzarətinin həyata keçirilməsi qaydasında dəyişikliklər edilməsi;

48.1.16. bank səhmdarlarının növbədənkənar ümumi yığıncağının keçirilməsinin tələb edilməsi.

48.2. Bu Qanunun 48.1-ci maddəsində göstərilən təshih tədbirləri ayrılıqda və ya bir neçəsi eyni zamanda tətbiq edilə bilər.

Maddə 49. Sanksiyalar

49.1. Milli Bank bu Qanunun 47.1-ci maddəsində nəzərdə tutulan hallarda bu Qanunun 48.1-ci maddəsində nəzərdə tutulmuş təshih tədbirləri ilə yanaşı banka qarşı aşağıdakı sanksiyaları tətbiq edə bilər:

49.1.1. bank, habelə bank inzibatçıları barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş cərimələrin tətbiq edilməsi;

49.1.2. inzibatçıların tutduğu vəzifələrindən azad edilməsi.

49.2. Milli Bank banka qarşı bu Qanunun 49.1.2-ci maddəsində nəzərdə tutulmuş sanksiyanı tətbiq etdikdə, bank inzibatçılarının vəzifədən azad edilməsi bankın səlahiyyətli idarəetmə orqanının qərarı ilə təxirəsalınmadan həyata keçirilir.

49.3. Bu Qanunun 16-cı maddəsində nəzərdə tutulmuş əsaslara görə Milli Bank bank lisenziyasının ləğv edilməsi barədə qərar qəbul edə bilər.

49.4. Sanksiyaların tətbiqi bankı kreditorlar, o cümlədən bankın müştəriləri qarşısında öhdəliklərini, bankın inzibatçılarını isə (tutduğu vəzifədən azad edilmiş inzibatçılar istisna olmaqla) öz xidməti vəzifələrini yerinə yetirməkdən azad etmir.

Maddə 50. Sanksiyaların tətbiq edilməsi qaydası

50.1. Banklara və bank inzibatçılarına cərimə sanksiyaları Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada tətbiq edilir. Bu Qanunun 49.1.2-ci və 49.3-cü maddələrində nəzərdə tutulmuş sanksiyaların tətbiqinə dair materiallara baxılması və onun nəticələrinin rəsmiləşdirilməsi qaydası Milli Bank tərəfindən müəyyən edilir50.2. Bu Qanunun 49.1.2-ci və 49.3-cü maddələrində nəzərdə tutulmuş sanksiyalar Milli Bankın İdarə Heyətinin qərarı ilə tətbiq edilir.

50.3. Milli Bank bu Qanunun 49-cu maddəsində nəzərdə tutulmuş sanksiyaların tətbiqi haqqında qərar qəbul etdikdə bu qərar barəsində müvafiq banka təxirəsalınmadan bildiriş göndərməlidir.

50.4. Barəsində sanksiya tətbiq edilmiş şəxslər bu qərardan Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məhkəməyə şikayət verə bilərlər. Şikayətin verilməsi bu Qanunun 49.1.2-ci və 49.3-cü maddələrində nəzərdə tutulmuş sanksiyaların icrasını dayandırmır.

VII FƏSİL

MÜVƏQQƏTİ İNZİBATÇI

Maddə 51. Müvəqqəti inzibatçının təyin edilməsinin əsasları

51.1. Aşağıdakıların müəyyənləşdirildiyi hallarda Milli Bank banka müvəqqəti inzibatçı təyin edir:

51.1.1. bankın məcmu kapitalının miqdarı Milli Bankın banklar üçün müəyyən etdiyi məcmu kapitalının minimum miqdarının 25 faizinə və ya onun adekvatlıq əmsalı 3 faizə çatmışdır;

51.1.2. bank öhdəlikləri üzrə ödənişlərin icrasını təmin edə bilmir;

51.1.3. bank barəsində iflas proseduruna başlanılması haqqında ərizə verilmişdir;

51.1.4. bank lisenziyası bu Qanunla müəyyən edilmiş digər əsaslar üzrə ləğv edilməlidir.

51.2. Bank bu Qanunun 47-ci, 48-ci və 49.1.2-ci maddələrinə uyğun olaraq müəyyən edilmiş tələbləri yerinə yetirmədikdə Milli Bank həmin banka müvəqqəti inzibatçı təyin etmək hüququna malikdir.

Maddə 52. Müvəqqəti inzibatçının təyin edilməsi

52.1. Müvəqqəti inzibatçı Milli Bankın işçiləri sırasından və ya kənar şəxslərdən (fiziki və/və ya hüquqi) 12 aydan çox olmayan müddətə təyin edilir. Təyinat müddəti Milli Bank tərəfindən 6 aydan çox olmayan müddətə uzadıla bilər.

52.2. Müvəqqəti inzibatçının əmək haqqı və çəkdiyi xərclər bankın aktivləri hesabına, çatışmayan hissədə isə Milli Bank tərəfindən ödənilir.

52.3. Banklara aidiyyatı şəxslər və aidiyyatı şəxs adından hərəkət edən şəxslər, habelə bankın kreditorları və borcluları (Milli Bank istisna olmaqla) bankın müvəqqəti inzibatçısı vəzifəsinə təyin oluna bilməzlər.

52.4. Müvəqqəti inzibatçının təyin edilməsi və ya təyinat müddətinin uzadılması haqqında qərarda müvafiq əsaslar, müvəqqəti inzibatçı haqqında məlumat və onun səlahiyyət müddəti göstərilir. Milli Bank qərar qəbul edildikdən sonra onun dərhal bankın Müşahidə Şurasının və İdarə Heyətinin sədrlərinə təqdim olunmasını təmin edir.

52.5. Müvəqqəti inzibatçı öz fəaliyyətində bu Qanunu, qüvvədə olan normativ hüquqi aktları, o cümlədən Milli Bankın normativ xarakterli aktlarını, habelə göstəriş və tövsiyyələrini rəhbər tutur.

52.6. Milli Bankın müvəqqəti inzibatçının təyin edilməsi haqqında qərarının təsdiq edilmiş surəti banka təqdim edildiyi gündən etibarən 5 təqvim günü müddətində bankın Müşahıdə Şurası banka təyin edilmiş müvəqqəti inzibatçının dəyişdirilməsi və ya ona razılıq verilməsi barədə qərar qəbul etməli və qərarın təsdiq edilmiş surətini Milli Banka təqdim etməlidir. Bank Milli Bankın müraciətinə münasibətini bildirmədikdə, bank müvəqqəti inzibatçının təyin edilməsi qərarı ilə razı olmuş hesab olunur.

52.7. Milli Bank təyin etdiyi müvəqqəti inzibatçıya dair etiraz aldıqda 5 təqvim günü müddətində öz qərarına yenidən baxmalı, təyinatın ləğv edilməsi və ya seçimini əsaslandıraraq qərarının qüvvədə saxlanılması barədə qərar qəbul etməlidir. Milli Bankın digər müvəqqəti inzibatçının təyin edilməsi və ya əvvəlki təyinatının qüvvədə saxlanılması barədə qərarı dərhal müvafiq banka təqdim olunmalıdır.

52.8. Bu Qanunun 52.6-cı və 52.7-ci maddələrində nəzərdə tutulmuş hallardan asılı olmayaraq Milli Bank tərəfindən təyin edilmiş müvəqqəti inzibatçı Milli Bankın onun təyin olunması barədə qərarı çıxarıldıqdan sonra dərhal öz vəzifələrinin icrasına başlamalıdır. Müvəqqəti inzibatçının təyinatı dəyişdirildikdə, müvəqqəti inzibatçı dərhal bankın aktivlərinin idarə olunmasını, mühasibat kitablarını və yazılarını yeni təyin olunmuş müvəqqəti inzibatçıya təhvil verməlıdır.

52.9. Bank müvəqqəti inzibatçının təyin edilməsi haqqında Milli Bankın qərarı, habelə Milli Bankın müvəqqəti inzibatçının təyinatını təsdiq edən qərarı ilə razı olmadıqda həmin qərarlardan sonuncu qərar təqdim edildikdən sonra qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəməyə şikayət edə bilər.

Maddə 53. Müvəqqəti inzibatçının səlahiyyətləri

53.1. Müvəqqəti inzibatçı təyin olunduğu gündən:

53.1.1. bankın idarəedilməsi ilə bağlı idarəetmə orqanlarının səlahiyyətləri dayandırılır;

53.1.2. bankın idarəedilməsi ilə bağlı idarəetmə orqanlarının səlahiyyətləri müvəqqəti inzibatçıya keçir. Bankın müvəqqəti inzibatçısı bankın satılması, yenidən təşkili və ləğvi haqqında qərarlar qəbul edə bilməz. Bankın satılması və yenidən təşkili yalnız məhkəmənin qərarı əsasında həyata keçirilə bilər;

53.1.3. bankın mövcud maliyyə vəziyyəti haqqında ən geci 60 təqvim günü müddətində hesabat hazırlayıb Milli Banka təqdim edir. Hesabata bankın ləğvi zamanı satıla bilən aktivlərin dəyərləndirilmiş qiyməti daxil edilir. Hesabatın tərtib edilməsinə müstəqil auditor da cəlb oluna bilər. Auditorun xidmətləri bankın hesabına ödənilir. Milli Bank ona təqdim olunan hesabata dair müvafiq qərar qəbul edir;

53.1.4. bankın adından və bankın hesabına əqdlər müvəqqəti inzibatçının yazılı razılığı ilə həyata keçirilir, əks halda həmin əqdlər etibarsız sayılır.

53.2. Müvəqqəti inzibatçı bankın idarəetmə orqanlarının səlahiyyətlərindən başqa aşağıdakıları həyata keçirir:

53.2.1. bankın əmlakının və sənədlərinin qorunması üçün tədbirlər görür;

53.2.2. bankın kreditorlarını və onların qarşısında bankın pul öhdəliklərinin miqdarını müəyyən edir;

53.2.3. bank qarşısında olan borcların qaytarılması üçün qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görür;

53.2.4. bankın adından müqavilələr və sənədlər imzalıyır;

53.2.5. zərurət olduqda qanunvericilikdə müəyyən edilmiş qaydada bankın investisiya qoyuluşunu nəzərdə tutan bağlanmış müqavilələri ləğv edir və ya onlara dəyişikliklər və əlavələr edir, habelə bankın bağladığı müqavilələrdə komisyon haqlarının, faizlərin və onlarm müddətlərini dəyişdirir;

53.2.6. bankın adından və onun maraqları naminə məhkəmələrə iddia ərizələri verir;

53.2.7. işdən azad edilmə, aşağı vəzifəyə keçirilmə, müvəqqəti vəzifədən kənarlaşdırma, bankın işçiləri arasında vəzifələrin bölgüsü də daxil olmaqla, əmrlər verir;

53.2.8. bu Qanunun 57-ci maddəsinə müvafiq olaraq bankın maliyyə sağlamlaşdırılmasına dair tədbirləri həyata keçirir.

53.3. Milli Bankın razılığı ilə müvəqqəti inzibatçı bankın idarə edilməsinə başqa şəxsləri, o cümlədən bankın inzibatçılarını və əməkdaşlarını cəlb edə bilər.

53.4. Fəaliyyətə başladığı gündən etibarən bankın inzibatçıları və əməkdaşları bankın möhürünü və ştamplarını, mühasibat kitablarını və digər sənədlərini, əmlakı və digər qiymətliləri müvəqqəti inzibatçıya təhvil verməli və fəaliyyəti ilə bağlı zəruri olan məlumatları ona təqdim etməlidirlər.

53.5. Müvəqqəti inzibatçının müraciəti ilə hüquq mühafizə orqanları müvəqqəti inzibatçının bankın binasına daxil olmasını, bankın aktivlərini, mühasibat kitablarını və yazılarını idarəetməyə qəbul etməsini və onların qorunmasını təmin etməlidirlər.

Maddə 54. Milli Bank tərəfindən müvəqqəti inzibatçının

fəaliyyəti üzərində nəzarət

54.1. Milli Bank müvəqqəti inzibatçının üzərində fəaliyyətinin bütün müddəti ərzində nəzarəti həyata keçirir.

54.2.Milli Bank:

54.2.1. bankın idarə edilməsi və bu Qanunun 57-ci maddəsinə müvafiq olaraq maliyyə sağlamlaşdırılması ilə əlaqədar müvəqqəti inzibatçıya müvafiq tədbirlərin həyata keçirilməsinin əsas istiqamətləri üzrə tövsiyyələr verməyə;

54.2.2. müvəqqəti inzibatçıya yazılı şəkildə icrası məcburi olan göstərişlər verməyə;

54.2.3. müvəqqəti inzibatçının fəaliyyəti barəsində məlumatların təqdim edilməsini tələb etməyə;

54.2.4. müvəqqəti inzibatçıdan hesabat almağa;

54.2.5. müvəqqəti inzibatçının təyinat müddətinin bu Qanunun 52.1-ci maddəsinə müvafiq olaraq uzadılmasına səlahiyyətlidir.

54.3. Müvəqqəti inzibatçı öz səlahiyyətlərinin həyata keçirilməsi haqqında yalnız Milli Bank qarşısında hesabat verir.

Maddə 55. Moratorium

Banka müvəqqəti inzibatçı təyin olunduğu dövrdə bankın aktivlərinin və maliyyə vəziyyətinin qiymətləndirilməsi, habelə aktivlərin dəyərinin aşağı düşməsinin qarşısını almaq məqsədilə Milli Bankın ərizəsi ilə məhkəmə hüquqi və fiziki şəxslərin bankdakı depozitləri və bankın digər öhdəlikləri üzrə ödənişləri tamamilə və ya qismən dayandıra bilər. Bu ərizə üzrə məhkəmə 48 saat ərzində qərar çıxarır və həmin qərar dərhal icraya yönəldilir.

Maddə 56. Müvəqqəti inzibatçının fəaliyyətinə xitam verilməsi

56.1. Müvəqqəti inzibatçının fəaliyyətinə Milli Bankın qərarı ilə aşağıdakı hallarda xitam verilir:

56.1.1. Milli Bank tərəfindən müəyyən edilən müddət bitdikdə;

56.1.2. Milli Bank tərəfindən müvəqqəti inzibatçının fəaliyyətinə vaxtından əvvəl xitam verildikdə;

56.1.3. iflasa uğrayan banka məhkəmə ləğvedici təyin etdikdə.

56.2. Bankın maliyyə sağlamlaşdırılması və fəaliyyətinin yaxşılaşdırılması ilə əlaqədar müvəqqəti inzibatçının fəaliyyətinə xitam verildikdə (o cüməldən, vaxtından əvvəl), həmin banka münasibətdə Milli Bank və müvəqqəti inzibatçı tərəfindən müəyyən edilən bütün məhdudiyyətlər ləğv edilir.

56.3. Müvəqqəti inzibatçının həyata keçirdiyi tədbirlər bankın maliyyə sağlamlaşdırılması və fəaliyyətinin yaxşılaşdırılması ilə nəticələnmədikdə və ya bankın fəaliyyətində olan çatışmazlıqlar aradan qaldırılmadıqda, Milli Bank müvəqqəti inzibatçının səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında qərar qəbul edə bilər və banka bank əməliyyatlarının həyata keçirilməçi üçün verilmiş lisenziyanı və icazəni bu Qanunda nəzərdə tutulmuş əsaslara görə ləğv edə bilər.

56.4. Müvəqqəti inzibatçının səlahiyyətlərinə xitam verildikdən sonra o, yekun hesabatı 30 gün müddətində hazırlayıb Milli Banka təqdim etməlidir.

VIII FƏSİL

BANKLARIN MALİYYƏ SAĞLAMLAŞDIRILMASI

Maddə 57. Maliyyə sağlamlaşdırılması tədbirləri

57.1. Bank aktivlərində əhəmiyyətli xüsusi çəkiyə malik olması, böyük sayda əmanət hesablarına xidmət göstərməsi və banklararası hesablaşmalarda mühüm paya malik olması ilə əlaqədar maliyyə sabitliyinin pozulması banklararası ödəmələrdə sistem xarakterli böhrana, əmanətçilərin pul vəsaitlərinin kütləvi surətdə itirilməsinə və bank sisteminə etimada ciddi təhlükə yaradılmasına səbəb ola biləcək ödəmə qabiliyyətini itirmiş və ya itirmək təhlükəsi olan bank barəsində dövlət vəsaitləri cəlb etməklə maliyyə sağlamlaşdırılması tədbirləri həyata keçirilə bilər.

57.2. Bankın maliyyə sağlamlaşdırılması sahəsində tədbirlər planını Milli Bank hazırlayır. Planda bankın idarə olunmasında və ya cari fəaliyyətində mövcud çatışmazlıqlar göstərilməklə, onların aradan qaldırılması üçün tələb olunan təshih tədbirləri, habelə bu tədbirlərin həyata keçirilməsinin qrafiki müəyyən olunur. Planda, həmçinin bu Qanunun 74-cü maddəsində nəzərdə tutulmuş bir və ya bir neçə əməliyyat nəticəsində bankın aktivlərinin və öhdəliklərinin başqa banka keçirilməsi imkanlarının mövcudluğu və bankın səhmdarlarının dəyəri itirilmiş səhmlərinin dövlət vəsaiti hesabına bərpasına yol verilməməsi üçün tədbirlər göstərilir.

Planda Azərbaycan Respublikasında büdcə siyasətini həyata kecirən müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış qaydada bankın maliyyə sağlamlaşdırılması üçün zəruri olan dövlət vəsaitinin məbləği müəyyən olunur.

57.3. Bankın maliyyə sağlamlaşdırılması haqqında Milli Bankın Azərbaycan Respublikasının büdcə siyasətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış birgə təklifi müvafiq qərar qəbul edilməsi üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim edilir. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı təklifə müsbət baxdıqda bankın maliyyə sağlamlaşdırılması haqqında qərar qəbul edir və müvafiq tədbirlər planını təsdiq edir.

57.4. Bankın maliyyə sağlamlaşdırılması tədbirləri Milli Bankın təyin etdiyi müvəqqəti inzibatçı tərəfindən təsdiq edilmiş plan əsasında həyata keçirilir.

57.5. Maliyyə sağlamlaşdırılması prosesində olan bankın aktivlərinin qorunması və öhdəliklərinin icrası məqsədilə Milli Bankın müraciəti əsasında bankın maliyyə sağlamlaşdırılması üzrə tədbirlər planına uyğun olaraq məhkəmə:

57.5.1 bankın aktivlərinin və öhdəliklərinin tam və ya bir hissəsinin dövlət tərəfindən yaradılan və/və ya kapitallaşdırılan banka köçürülməsi;

57.5.2 bankın məcmu kapitalının itirildiyi halda səhmdarların səhmlər üzərində mülkiyyət hüquqlarının tam və ya qismən itirilməsi;

57.5.3. bankın nizamnamə kapitalının artırılması və Milli Bankın təklif etdiyi şərtlərlə səhmlərin buraxılması haqqında qərar qəbul edə bilər.

57.6. Bankın aktivlərinin və öhdəliklərinin başqa banka köçürülməsi bankın və ya onun hər hansı bir idarəetmə orqanının razılığını tələb etmir. Öhdəliklərin köçürülməsi barədə bildiriş kütləvi informasiya vasitələrində dərc olunduğu günün ertəsi günü qüvvəyə minir.

57.7. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı planın həyata keçirilməsi dövründə bankın maliyyə sağlamlaşdırılması üzrə tədbirlərin gözlənilən nəticə vermədiyi barədə Milli Bankın və Azərbaycan Respublikasının büdcə siyasətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının birgə vəsatətini aldıqda bankın maliyyə sağlamlaşdırılması tədbirlərinə xitam verilməsi haqqında qərar qəbul edə bilər.

IX FƏSİL

BANKLARIN LƏĞVİ

Maddə 58. Könüllü ləğv

58.1. Bankın səhmdarlarının ümumi yığıncağının qərarına əsasən bu Qanunun 17-ci maddəsinə uyğun olaraq Milli Bank tərəfindən bank lisenziyası ləğv edildikdə bank səhmdarları bankın könüllü ləğvini həyata keçirməlidirlər.

58.2. Bankın könüllü ləğvi Azərbaycan Respublikasının Mülki Məcəlləsində müəyyən edilmiş qaydada həyata keçirilir. Bank bu təqdirdə Milli Banka onun tələb etdiyi zəruri sənədləri və məlumatları təqdim etməlidir və ortaya çıxan məsələləri araşdırmaq məqsədilə Milli Bankın yazılı müraciəti əsasında onun səlahiyyətli əməkdaşlarının bankın binasına daxil olmasına və ləğvetmə ilə bağlı bankın istənilən mühasibat kitabları və yazıları ilə işləməsinə imkan yaratmalıdır.

58.3. Milli Bank bankın ləğvetmə komissiyasının qanunvericiliklə müəyyən edilmiş qaydada bankın ləğvini təmin etmədiyini və bank tərəfindən bu Qanunun 58.2-ci maddəsinə riayət etmədiyini müəyyən etdikdə bu Qanuna müvafiq surətdə bankın məcburi ləğvi üçün müvafiq tədbirlər həyata keçirə bilər.

Maddə 59. Məcburi ləğv

59.1. Milli Bank könüllü ləğv olunan və ya müflis elan olunmuş bank istisna olmaqla, bu Qanunun 16-ci maddəsində nəzərdə tutulmuş digər əsaslar üzrə lisenziyası ləğv edilmiş bankın məcburi ləğvi və ləğvedicinin (ləğvedicilərin) təyin edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edir.

Ləğvedicinin (ləğvedicilərin) namizədliyi məhkəməyə Milli Bank tərəfindən təklif edilir. Banka aidiyyatı şəxslər və aidiyyatı şəxs adından hərəkət edən şəxslər, habelə bankın kreditorları və borcluları (Milli Bank istisna olmaqla) ləğvedici təyin oluna bilməzlər.

59.2. Məhkəmə bankın məcburi ləğvi və ləğvedicinin təyin edilməsi haqqında Milli Bankın ərizəsinə onun məhkəməyə daxil olduğu gündən ən geci 7 təqvim günü müddətində baxır və müvafiq qərar qəbul edir. Məhkəmədə bankın iştirak etməməsi ərizəyə baxılmasını dayandırmır.

59.3. Ləğv edilən bankın məcburi ləğvi və ləğvedicinin təyin olunması haqqında məhkəmə qərarı qəbul edildiyi gündən dərhal icraya yönəldilir. Ləğvedici bankın ləğvi prosesinin başlanması və ləğvedicinin təyin olunması haqqında məlumatı dərhal kütləvi informasiya vasitələrində dərc etdirir, bankın Müşahidə Şurasına və İdarə Heyətinə müvafiq bildiriş göndərir.

59.4. Bankın məcburi ləğvi və ləğvedicinin təyin edilməsi haqqında məhkəmə qərarından bankın səhmdarları və ya bankın Müşahidə Şurası qanunvericiliyə müvafiq qaydada məhkəməyə şikayət verə bilərlər. Şikayət ərizəsinin sürəti Milli Banka göndərilir.

Bankın məcburi ləğvinə dair məhkəmənin qərarı bütün müdafiə vasitələrindən istifadə edilənədək qüvvədə qalır və ləğvedicinin ləğvetmə tədbirlərini həyata keçirmək səlahiyyətlərini dayandırmır.

59.5. Bankın məcburi ləğvi və ləğvedicinin təyin edilməsi haqqında məhkəmə qərarının qəbul edildiyi andan:

59.5.1. bankın idarə olunması üzrə bütün səlahiyyətlər, o cümlədən bank səhmdarlarının ümumi yığıncağının səlahiyyətləri ləğvediciyə keçir;

59.5.2. bank inzibatçılarının və ya səhmdarlarının bank adından etdikləri hərəkətlər hüquqi qüvvəyə malik olmur;

58.5.3. bank aktivlərinin mühafizəsi və məhkəmə qərarlarının icrası məqsədilə aktivlərin üzərinə qoyulmuş bütün həbslər hüquqi qüvvəsini itirir;

59.5.4. bankın girov məbləği (ipoteka) həddində təmin etdiyi öhdəlikləri istisna olmaqla qalan aktivlər həbsdən və ya icraatdan müdafiə edilir.

59.6. Ləğv edilən bankın sənədlərinin və əmlakının bankın inzibatçılarından təyin edilmiş ləğvediciyə təhvil verilməsi aktını məhkəmə təsdiq edir.

59.7. Bankın ləğvi ilə bağlı bütün xərclər bankın aktivləri hesabına ödənilir. Ləğvedicinin (ləğvedicilərin) əmək haqqı Milli Bankın təklifi ilə məhkəmə tərəfindən təyin edlilir. Bu xərclər növbədənkənar qaydada ödənilir.

59.8. Bankın məcburi ləğvi Azərbaycan Respublikasının Mülki Məcəlləsində müəyyən edilmiş qaydada həyata keçirilir. Məcburi ləğv olunan bankın aralıq ləğvetmə balansı, ləğvetmə tədbirlərinin və öhdəliklərin yerinə yetirilməsi barədə hesabat, habelə ləğvetmə balansı məhkəmə tərəfindən təsdiq olunur. Müvafiq hesabatların təqdim edilməsi müddətləri məhkəmə tərəfindən müəyyən olunur.

59.9. Məhkəmənin qərarı ilə ləğvedici bu Qanunun 74-cü maddəsində nəzərdə tutulmuş bir və ya bir neçə əməliyyatı həyata keçirə bilər.

59.10. Bankın məcburi ləğvi dövründə ləğvedici öz fəaliyyəti haqqında Milli Banka onun müəyyənləşdirdiyi formada və müddətlərdə hesabat verir, habelə Milli Bankın tələb etdiyi sənədləri və informasiyanı təqdim edir.

Ləğvedicinin öz funksiyalarını lazımınca yerinə yetirməməsi faktı aşkar edilərsə, Milli Bankın müraciəti ilə məhkəmə ləğvedicinin başqa şəxslə əvəz edilməsi barədə qərar çıxara bilər.

59.11. Ləğvedici məcburi ləğv tədbirlərini həyata keçirərkən bu Qanunun 61-cı maddəsində göstərilmiş əsaslardan hər hansı birinin mövcudluğunu aşkar etdikdə bank barəsində iflas proseduruna başlanmasına dair əsaslandırılmış vəsatətlə Milli Banka müraciət edir.

X FƏSİL

BANKLARIN İFLASI

Maddə 60. Bankların müflisləşmə və iflas prosedurlarının tənzimlənməsi

60.1. “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikasının Qanunu və həmin Qanunu tamamilə və ya qismən dəyişdirən və əvəz edən hər hansı digər qanunlar banklara tətbiq olunmur.

60.2. Banklar yalnız bu Qanunla muəyyənləşdirilmiş qaydada, məhkəmənin qərarı ilə müflis elan edilə bilər. Bankın müflis elan edilməsinin məhkəmədənkənar proseduruna yol verilmir.

Maddə 61. İflas proseduruna başlanılması üçün əsaslar

61.1. Bank barəsində iflas proseduruna aşağıdakı əsaslardan biri və ya bir neçəsi üzrə başlanıla bilər:

61.1.1. bankın məcmu kapitalının miqdarı banklar üçün müəyyən edilmiş məcmu kapitalının minimum miqdarının 25 faizindən və ya məcmu kapitalın adekvatlıq əmsalının 3 faizdən az olduğu Milli Bank tərəfindən müəyyən edilmişdir;

61.1.2. bank öz maliyyə öhdəliklərini onların icra vaxtı çatdıqda yerinə yetirməyə qadir deyildir;

61.1.3. bank vaxtı çatmış maliyyə öhdəliklərini kreditorlar tərəfindən tələblər irəli sürüldükdə ödəməyə qadir deyildir.

Maddə 62. İflas proseduruna başlanılmasına dair ərizə

62.1. Bank barəsində iflas proseduruna başlanılmasına dair ərizəyə məhkəmə aşağıdakı hallarda baxır:

62.1.1. ərizə bankın lisenziyasının ləğv edilməsi haqqında qərarla və bankın bu Qanunun 61-ci maddəsində göstərilən əsasların mövcudluğunu təsdiqləyən maliyyə hesabatı ilə birlikdə Milli Bank tərəfindən verildikdə;

62.1.2. ərizə kreditorların tələbini təsdiq edən sənədlərlə birlikdə bu Qanunun 62.2-ci maddəsinə uyğun olaraq kreditorlar tərəfindən verildikdə.

62.2. Bank bu Qanunun 61.1.3-cü maddəsinə uyğun olaraq öz öhdəliklərini yerinə yetirmədikdə, bir və ya daha neçə kreditor Milli Banka vəsatətlə müraciət edə bilər. Milli Bank vəsatətə onu aldığı gündən 5 təqvim günü müddətində baxır və əgər bankın öz öhdəliklərini yerinə yetirmədiyi faktını müəyyənləşdirirsə, bank lisenziyasının ləğvi və iflas proseduruna başlanılmasına dair məhkəməyə ərizə vermək haqqında qərar qəbul edir. Milli Bank məhkəməyə ərizəni bu barədə qərarı qəbul etdikdən sonra 3 təqvim günü ərzində verir. Bankın öz öhdəliklərini yerinə yetirmədiyi faktı müəyyən edilməmişdirsə, Milli Bank kreditorlara əsaslandırılmış imtina göndərir. Kreditorların ərizəsinin Milli Bank tərəfindən rədd edilməsi onlar tərəfindən məhkəməyə müvafiq ərizənin verilməsinə mane olmur.

62.3. Ərizə Milli Bank tərəfindən verildikdən sonra dərhal moratorium qüvvəyə minir. Moratoriuma görə məhkəmənin icazəsi olmadan heç bir kreditor borcunun qaytarılmasını və ya borcu müqabilində bankın əmlakını ona verilməsini və ya hər hansı girov (ipoteka) təminatının tutulmasını tələb edən tədbirlər görə bilməz, yaxud banka qarşı hər hansı tələbin yönəldilməsi ilə bağlı proseduru davam etdirə və ya başlaya bilməz.

Maddə 63. Müvəqqəti inzibatçının təyin edilməsi

63.1. Bankın kreditorları bu Qanunun 61.1.3-cü maddəsinə uyğun olaraq, bank barəsində iflas proseduruna başlanılmasına dair vəsatəti Milli Banka verildikdən sonra Milli Bank bu Qanunun 52-ci maddəsinə müvafiq surətdə banka müvəqqəti inzibatçı təyin edir. Müvəqqəti inzibatçı bu Qanunun 53-cü maddəsinə uyğun olaraq bankın idarəçiliyini dərhal üzərinə götürür.

63.2. Bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda müvəqqəti inzibatçının təyinatına bu Qanunun 52.6-cı maddəsinin müddəaları şamil edilmir.

Maddə 64. Məhkəmə baxışı

64.1. Bank barəsində iflas proseduruna başlanılmasına dair ərizəni baxılmağa qəbul etdikdən sonra məhkəmə Milli Bankı, bütün digər ərizəçiləri və bankın özünü, Milli Bank tərəfindən ərizə verildikdə isə həmçinin bankın müvəqqəti inzibatçısını ərizəyə baxılması üzrə qapalı iclasda iştiraka dəvət edir. Məhkəmə baxışı ərizənin verildiyi andan 48 saat ərzində başlanılmalıdır.

64.2. Məhkəmə baxışı ərizənin verildiyi gündən 7 təqvim günü müddətində başa çatdırılmalıdır. Məhkəmə baxışının nəticələrinə əsasən məhkəmə ərizəni rədd edir və ya təmin edir.

Maddə 65. Ərizənin rədd edilməsi üçün əsaslar

65.1. Bank barəsində iflas proseduruna başlanılmasına dair ərizəni məhkəmə aşağıdakı hallarda rədd edir:

65.1.1. ərizə bu Qanunun 62.1-ci maddəsinin tələblərinə uyğun verilmədikdə;

65.1.2. bu Qanunun 65.2-ci maddəsinə uyğun olaraq Milli Bank ərizəyə etiraz etdikdə;

65.1.3. ərizənin əsaslandırılması üçün məhkəməyə təqdim edilmiş hər hansı sənəd və ya digər sübut saxta və ya qeyri-dəqiq olduqda və bu sənədlərsiz, yaxud digər sənədlərsiz ərizə bu Qanunun tələblərinə cavab vermədikdə;

65.1.4. kreditorlar tərəfindən verilmiş ərizə əsassız olduqda;

65.1.5. bu Qanunun 61.1-ci maddəsində göstərilmiş əsasların aradan qalxması üçün kifayət edən məbləğdə kapitalın bərpasına dair məhkəməni və Milli Bankı təmin edən sübutlar təqdim edildikdə.

65.2. Bankın müflis elan edilməsi barədə ərizə bankın kreditorları tərəfindən verilmişdirsə, Milli Bank ərizəyə yalnız aşağıdakı hallarda etiraz edə bilər:

65.2.1. Milli Bank tərəfindən bankın iflasına başlamaq üçün əsasların olmadığı müəyyən olunduqda. Məhkəmə Milli Bankdan onun rəyini təsdiqləyən sübutların, o cümlədən Milli Bank tərəfindən təsdiq olunmuş bankın maliyyə hesabatını tələb edə bilər;

65.2.2. bu Qanunun 57-ci maddəsinə uyğun olaraq maliyyə sağlamlaşdırılması barədə müvafiq icra hakimiyyəti orqanının qərarını məhkəməyə təqdim etdikdə.

Maddə 66. Bankın kreditorları tərəfindən əsassız verilmiş ərizənin

rədd edilməsi

66.1. Bankın kreditorları bank barəsində iflas proseduruna başlanılmasına dair əsassız ərizə verdikdə məhkəmə istənilən vaxt həmin ərizəni bu Qanunun 65.1.4-cü maddəsində göstərilən əsaslara istinadla dinləmələr keçirməklə və ya keçirmədən yazılı şəkildə rədd edə bilər. Bu halda məhkəmə ərizəçilərin üzərinə ərizənin verilməsi nəticəsində bankın və/və ya Milli Bankın çəkdiyi xərcləri və zərəri ödəmək vəzifəsini qoya bilər.

66.2. Bank barəsində iflas proseduruna başlanılmasına dair əsassız ərizə verilməsində təqsirli sayılmış şəxs Azərbaycan Respublikasının inzibati qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyır.

Maddə 67. Müflis elan olunmayan bankın məcburi ləğvi

Bank barəsində iflas proseduruna başlanılmasına dair Milli Bank tərəfindən verilmiş ərizə məhkəmə tərəfindən bu Qanunun 65.1.3-65.1.5-ci maddələrində göstərilən əsaslardan başqa, digər əsaslar üzrə rədd etdikdə, bankın bu Qanunun 59-cu maddəsinə uyğun olaraq məhkəmə qaydasında məcburi ləğvi həyata keçirilir.

Maddə 68. Bankın müflis elan olunmasına dair qərar

Bank iflas proseduruna başlanılmasına dair ərizənin təmin olunması haqqında məhkəmənin qərarına müvafiq surətdə müflis elan edilir və banka ləğvedici (ləğvedicilər) təyin edilir. Bankın müflis elan olunması haqqında məhkəmə qərarı dərhal icraya yönəldilir və həmin andan bankın iflas proseduruna başlanılır.

Maddə 69. Bankın müflis elan olunmasına dair qərarın təqdim edilməsi

və dərc olunması

Məhkəmə bankın müflis elan olunması haqqında qərar çıxardıqdan sonra dərhal ləğvedici həmin qərarı banka təqdim edir və qərar barədə kütləvi informasiya vasitələrində 7 təqvim günü ara verilməklə üç dəfə məlumat dərc etdirir.

Maddə 70. Şikayət verilməsi

70.1. Bankın səhmdarları və ya Müşahidə Şurası, habelə Milli Bank bankın müflis elan olunmasına dair məhkəmənin qərarından qanunvericilikdə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Bankın müflis elan olunmasına dair məhkəmənin qərarı bütün müdafiə vasitələrindən istifadə edilənədək qüvvədə qalır.

70.2. Bank tərəfindən məhkəmənin qərarından şikayət verilməsi ləğvedicinin bankın iflası prosedurunun həyata keçirilməsi çərçivəsində öz səlahiyyətlərinin icrası üzrə hərəkətlərini dayandırmır.

70.3. Milli Bankın məhkəmə qərarından şikayət verməsi bankın aktivlərinin satışı və köçürülməsi üzrə ləğvedicinin hərəkətlərini məhkəmədə mübahisəyə baxılanadək dayandırır.

Maddə 71. Ləğvedici

71.1. Məhkəmə bankın müflis elan olunmasına dair qərarı ilə Milli Bankın təqdim etdiyi namizədi banka ləğvedici (ləğvedicilər) təyin edir.

Banklara aidiyyatı şəxslər və aidiyyatı şəxs adından hərəkət edən şəxslər, habelə bankın kreditorları və borcluları (Milli Bank istisna olmaqla) banka ləğvedici vəzifəsinə təyin oluna bilməzlər.

Məhkəmənin qərarında ləğvedicinin əmək haqqnın miqdarı göstərilməlidir. Ləğvedicinin əmək haqqı Milli Bankın təklifi əsasında təyin edilir.

71.2. Bankın ləğvi prosesi ilə əlaqədar ləğvedicinin əmək haqqı və çəkdiyi xərclər bankın aktivləri hesabına, çatışmayan hissədə isə Milli Bank tərəfindən ödənilir.

71.3. Banka təyin edilmiş ləğvedici bankın yeganə qanuni nümayəndəsi olur və bank səhmdarlarının ümumi yığıncağının, habelə bankın digər idarəetmə orqanlarının səlahiyyətləri ləğvediciyə keçir. Banka qarşı bütün tələblər bankın ləğvedicisinə təqdim edilir.

71.4. Ləğv edilən bankın sənədlərinin və əmlakının bankın inzibatçılarından ləğvediciyə təhvil verilməsi aktını məhkəmə təsdiq edir.

Ləğvedici bu Qanunun müddəaları ilə tələb edilən hallarda göstəriş almaq üçün istənilən vaxt məhkəməyə müraciət edə bilər.

Ləğvedici məhkəmənin nəzarəti altında və Milli Bankla sıx qarşılıqlı əlaqə şəraitində fəaliyyət göstərir.

71.5. Ləğvedici zəruri hallarda müflis elan olmuş banka müstəqil hüquqşünasları, mühasibləri və başqa mütəxəssisləri məhkəmənin təsdiq etdiyi şərtlər əsasında muzdla işə cəlb edə bilər.

71.6. Ləğvedici istefa verdikdə, öldükdə və ya öz fəaliyyətini həyata keçirməyə qadir olmadıqda Milli Bank məhkəmə tərəfindən yeni ləğvedici təyin edilənədək ləğvedicini müvəqqəti olaraq başqa şəxslə əvəz edir.

71.7. Ləğvedici öz funksiyalarını lazımınca icra etmirsə və ya o, artıq bu Qanunun 71.1-ci maddəsinin tələblərinə uyğun vəzifələrini daha icra edə bilməzsə, məhkəmə başqa ləğvedicini təyin edir.

Ləğvedicinin namizədliyi məhkəməyə Milli Bank tərəfindən təqdim edilir.

71.8. Ləğvedicinin başqası ilə əvəz edildiyi bütün hallarda ləğvedicini əvəz edən şəxs ləğvedicinin səlahiyyətlərini əldə edir, mühasibat uçotu və hesabatı sənədlərini və ləğvedicinin sərəncamında olan bankın aktivlərini, habelə bankın ləğvi prosessində ləğvedicinin bank barəsində hazırladığı mühasibat uçotu və hesabat sənədlərini təhvil-təslim aktı ilə qəbul edir. Təhvil-təslim aktını məhkəmə təsdiq edir.

Maddə 72. Bankın müflis elan olunmasının nəticələri

72.1. Bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi anından:

72.1.1. bankın adından yalnız ləğvedici və ya onun vəkil etdiyi şəxs tərəfindən edilən hərəkətlər hüquqi qüvvəyə malik olur;

72.1.2. banka qarşı məhkəmə icraatı prosesində olan bütün iddialar dayandırılır;

72.1.3. bank barəsində digər məhkəmə icraatına başlanılmır və banka qarşı bütün tələblər yalnız bu Qanunda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülür;

72.1.4. qanunvericiliyə müvafiq hallarda aktivlərin üzərinə qoyulmuş bütün həbslər hüquqi qüvvəsini itirir;

72.1.5. girovla təmin edilmiş aktivlər barəsində borc məbləği həddində bu Qanunun 81-cı maddəsinə uyğun icraat istisna olmaqla, bankın aktivlərinə yönəldilmiş icra sənədlərinin icrası dayandırılır;

72.1.6. bankın öhdəlikləri üzrə faizlərin və digər haqların hesablanması dayandırılır. Bu zaman bankın aktivlərinə faizlərin və digər haqların hesablanması davam etdirilir.

72.2. Bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindikdən sonra müflis bankın səhmlərinin ləğvedici tərəfindən digər şəxsə köçürülməsi bu Qanunun 74-cü maddəsinə müvafiq olaraq yalnız məhkəmənin qərarı ilə həyata keçirilə bilər.

Maddə 73. Ödəniş sistemlərində hesablaşmaların qətiliyi

73.1. Bu Qanunun 72.1-ci maddəsinin müddəalarından asılı olmayaraq:

73.1.1. ödəniş sistemlərinə daxil edilən və həmin sistemlərin qaydaları ilə gerigötürülməz hesab edilən hesablaşmalar üzrə ödəniş tapşırıqları, o cümlədən qiymətli kağızlar üzrə ödənişlər bankın müflis elan olunmasına dair qərar qəbul edildiyi halda hüquqi qüvvədə qalır və üçüncü tərəf üçün məcburi olur, bu şərtlə ki, ödəniş tapşırıqları həmin qərar qüvvəyə minənədək gerigötürülməz olsun;

73.1.2. bu Qanunun 73.1.1-ci maddəsində göstərilən köçürmələr bu şərtlə hüquqi qüvvəyə malik olmur və üçüncü tərəf üçün məcburi olmur ki, ləğvedici sistemin operatorunun bankın müflis elan olunmasına dair qərar çıxarıldığından ödəniş tapşırıqları köçürmələri həyata keçirən sistemin qaydalarına görə gerigötürülməz olanadək xəbər tutduğunu sübut edə bilsin.

73.2. Bankın müflis elan olunmasına dair qərar qüvvəyə minənədək bağlanmış müqavilə və əqdləri ləğv edən və ya təxirə salan hər hansı normativ hüquqi akt və ya sərəncam ödəniş sistemləri vasitəsi ilə həyata keçirilmiş klirinqin nəticələrini ləğv edə bilməz.

Maddə 74. Bankın səhmlərinin, aktivlərinin, öhdəliklərinin köçürülməsi

və satılması

74.1. Bank sisteminin mənafeyi və bankın dəyərinin onun kreditorları üçün artırılması məqsədilə Milli Bankın müraciətinə əsasən məhkəmə qərar qəbul edə bilər ki, bankın ləğvedicisi aşağıdakıları təmin etmək üçün Milli Bankın təklif etdiyi və məhkəmənin təsdiq etdiyi şərtlər əsasında bir və ya bir neçə əməliyyat aparsın:

74.1.1. bankın nizamnamə kapitalının hamısının və ya bir hissəsinin köçürülməsi və /və ya;

74.1.2. bankın aktivlərinin və öhdəliklərinin hamısının və ya bir hissəsinin birlikdə köçürülməsi və ya satılması.

74.2. Bu Qanunun 74.1-ci maddəsinə uyğun əməliyyatın aparılması üçün, bank müflis elan edildikdən sonra onun ləğv edildiyi anadək istənilən vaxt müraciət edilə və ona icazə verilə bilər. Bu barədə məhkəməyə təqdim olunmuş ərizəyə bir həftə ərzində baxılır və müvafiq qərar qəbul olunur.

74.3. Bu Qanunun 74.1-ci maddəsinə uyğun icazə verilmiş əməliyyatın aparılması üçün bankın səhmdarlarının və ya onun hər hansı idarəetmə orqanının razılığı tələb edilmir. Öhdəliklərin köçürülməsi müvafiq bildirişin kütləvi informasiya vasitələridə dərc edildiyi gündən sonrakı günün əvvəlindən bütün maraqlı tərəflər üçün qüvvəyə minir.

74.4. Bankın iflas proseduru çərçivəsində adi qaydada bank aktivlərinin satılmasına məhkəmənin qərarı tələb olunmur.

Maddə 75. Əmlakın vəziyyətinə dair hesabat

75.1. Bankın müflis elan olunmasına dair məhkəmənin qərar qəbul edildiyi tarixdən 30 təqvim günü müddətində bankın ləğvedicisi məhkəməyə əmlakın vəziyyətinə dair hesabat təqdim edir. Hesabatda aşağıdakılar göstərilir:

75.1.1. bankın aktivləri, o cümlədən ödənilməmiş bank səhmləri barəsində bankın tələbləri, verilmiş kreditlər, o cümlədən qarantiyalar və təminatlar üzrə öhdəliklər, icra olunmamış alğı-satqı müqavilələri, habelə aktivlərin balans dəyəri və qiymətləndirilən satış (bazar) dəyəri;

75.1.2. bankın əmlakının başqa şəxslərin sahibliyində olmasına əsas vermiş müqavilələr, o cümlədən icarə, lizinq və girov (ipoteka) haqqında müqavilələr;

75.1.3. banka xidmətlər göstərilməsi haqqında müqavilələr;

75.1.4. bankın müflis elan olunmasına dair qərarın qəbul edildiyi gündən əvvəlki 90 təqvim günü ərzində, aidiyyatlı şəxslərlə isə 1 il ərzində bankın bağladığı əqdlər.

75.1.5. bankın inzibatçıları tərəfindən bankın qəsdən müflisləşmə vəziyyətinin yaradılması, əmlakın və ya əmlak öhdəliklərinin, habelə onlar haqqında məlumatın qizlədilməsi, məhv edilməsi və digər qanunsuz hərəkətlər barədə aşkar etdiyi faktlar haqqında məlumat.

75.2. Hesabat hər rüb tərtib edilməlidir. Ümumi xarakter daşıyan məlumatlar bu Qanunun 77-ci maddəsinə uyğun hazırlanan təsdiqli tələblər siyahısına tələbləri daxil edilmiş bank kreditorlarına tanışlıq üçün təqdim edilə bilər.

Maddə 76. Tələblərin qeydə alınması

76.1. Bu Qanunun 77.1-ci və 77.2-ci maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, müflis banka qarşı tələblər bankın müflis elan olunmasına dair məhkəmə qərarının kütləvi informasiya vasitələrində ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınmalıdır. Məhkəmə bu müddəti bütün kreditorlar üçün yalnız bir dəfə 30 təqvim günü müddətinə uzada bilər. Kreditorların sorğusu üzrə onlara tələblərinin qeydə alındığına dair qəbz verilir.

76.2. Tələblərin qeydə alınması üçün kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və aşağıdakı məlumatları təqdim etməlidirlər:

76.2.1. kreditorun adı və ünvanı;

76.2.2. tələbin əsas məbləğinə daxil edilən faizlərin və digər haqların məbləğləri;

76.2.3. tələbin təminatı olan girov (ipoteka) və ya qarantiya barəsində məlumat.

76.3. Bankın müflis elan olunmasına dair məhkəmənin qərarı bankın mühasibat uçotu və hesabatı sənədlərində əks etdirilmiş depozitlərə aid tələblər üzrə iddia müddətinin axımını dayandırır. Bütün qalan tələblər üzrə iddia müddətinin axımı həmin tələblər qeydə alındıqda dayandırılır. Bütün tələblər üçün iddia müddətinin axımı həmin tələblərin bu Qanunun 87-ci maddəsinə uyğun bölgü cədvəlinə daxil edildiyi gün yenidən başlanır.

Maddə 77. Tələblərin qəbulu

77.1. Bankın mühasibat uçotu və hesabatı sənədlərində əks etdirilmiş depozitlərlə bağlı tələblər istisna olmaqla, yalnız bu Qanunun 76-ci maddəsinə uyğun qəbul edilmiş tələblər qeydə alınır. Depozitlərlə bağlı tələblər isə mühasibat uçotu sənədlərində əks etdirilmiş məbləğlərdə qəbul edilir.

77.2. Bank tərəfindən əks etdirilmiş məbləğdən az məbləğdə irəli sürülmüş tələblər istisna olmaqla, bankın mühasibat uçotu və hesabatı sənədlərində əks etdirilmiş tələblər sənədlərdə əks olunmuş məbləğdə qəbul edilir. Az məbləğdə irəli sürülmüş tələblər isə təqdim olunmuş miqdarda qəbul edilir.

77.3. Tələbləri bank aktivlərinin girovu (ipotekası) ilə təmin edilmiş bank kreditorları öz tələblərini tələb məbləği ilə aktivin açıq hərracda ehtimal edilən satış dəyəri arasındakı fərq məbləğində qeydə aldıra bilərlər. Bu şəkildə qeydə alınmış hər hansı tələb hərrac başa çatanadək və ya aktiv bu Qanunun 81-cı maddəsinə uyğun digər şəkildə satılanadək icra olunmur.

77.4. Məbləği müəyyənləşdirilməmiş tələblər ləğvedicinin qiymətləndirdiyi dəyər üzrə qəbul edilə bilər.

77.5. Qeydə alınmış tələblərin təhlilindən sonra ləğvedici qəbul etdiyi tələbləri qəbul edilmiş tələblər siyahısına, etiraz etdiyi tələbləri isə etirazın səbəblərini göstərməklə, etiraz edilmiş tələblər siyahısına daxil edir. Qismən etiraz edilərək qeydə alınmış tələblər müvafiq olaraq qəbul edilmiş və etiraz edilmiş hissədə hər iki siyahıya daxil edilir. Hər iki siyahıda tələbi olanın adı və ünvanı, tələblərin məbləği və irəli sürülən tələblərin təminatı üçün sübutların mövcudluğu göstərilir. Siyahılara daxil edilən tələblər kateqoriyalar üzrə birləşdirilir və ödəniş növbəliyi qaydasında yerləşdirilir.

77.6. Hər iki siyahı tələblərin qeydiyyatı müddətinin qurtardığı gündən 30 təqvim günü ərzində tərtib edilir və məhkəmənin təsdiqinə verilir. Bundan sonra ləğvedici hər rüb təzələnən siyahıları məhkəmənin təsdiqinə verir. Həmin siyahıları təsdiq edənədək məhkəmə ləğvedici ilə razılaşdırmaqla tələbləri bir siyahıdan digərinə keçirə bilər. Məhkəmə etiraz edilmiş tələblərin təsdiqlənməsi üçün hansı sübutların zəruri olduğunu müəyyənləşdirə bilər.

77.7. Məhkəmə etiraz edilmiş tələblər siyahısını təqdim olunduğu tarixdən etibarən 60 təqvim günündən gec olmayaraq aydınlaşdırmaq məqsədi ilə dinləmələrin keçirilməsi tarixini müəyyən edir. Tələblərinə etiraz edilmiş kreditorlar həmin dinləmələrdə ləğvediciyə və məhkəməyə öz tələblərini təsdiqləyən sübutlar təqdim edə bilərlər. Hər dinləmənin tarixi barəsində kreditorlara poçt bildirişi və ləğvedicinin kütləvi informasiya vasitələrində dərc etdirdiyi bildirişlə məlumat verilir. Eyni bir tələb barəsində dinləmələrin başlanılmasına dair heç bir kreditora bir dəfədən artıq bildiriş göndərilmir. Dinləmələr qurtardıqda məhkəmə etiraz edilmiş tələblərin təsdiq və ya rədd olunmasına dair qərar qəbul edir. Kreditor qanunvericilikdə nəzərdə tutulmuş qaydada xəbərdar edildiyi dinləməyə üzürlü səbəb olmadan gəlmədikdə, onun tələbləri rədd edilir. Tələbləri rədd edilmiş kreditorlara bu barədə ləğvedici tərəfindən yazılı bildiriş göndərilir.

77.8. Məhkəmənin təsdiq etdiyi tələblər qəti xarakter daşıyır. Bu tələblər qəbul olunmuş tələblər siyahısından və ya etiraz edilmiş tələblər siyahısından çıxarılır və təsdiqlənmiş tələblər siyahısına daxil edilir. Həmin siyahı məhkəmədə və ləğvedicidə saxlanılır. Tələbləri məhkəmə tərəfindən təsdiqlənmiş kreditorlara bu barədə ləğvedici tərəfindən yazılı bildiriş göndərilir.

77.9. Ləğvedici məhkəmənin rədd etdiyi tələblərin hesabına heç bir ödənişi icra etmir. Tələbi məhkəmə tərəfindən rədd edilmiş kreditor məhkəmənin qərarından həmin qərara dair bildirişi aldığı gündən iki həftə ərzində şikayət verə bilər. Belə şikayətlərə ərizə məhkəməyə daxil olduğu gündən ən geci 7 təqvim günü müddətində baxılır və müvafiq qərar qəbul edilir. Şikayətin verilməsi tələbin rədd edilməsi barədə məhkəmə qərarının qüvvəsini dayandırmır.

77.10. Bank sirrinin qorunması məqsədi ilə göstərilən siyahılar tanışlıq üçün kreditorlara təqdim olunmur.

Maddə 78. Əvəzləşdirmə və saldo çıxarma

78.1. Bu Qanunun 82-ci maddəsinin tələblərinə əməl etmək şərti ilə müflis bankla onun kreditorları arasında öhdəliklərin əvəzləşdirilməsi aparıla bilər.

78.2. İflas proseduruna başlanılmasına dair məhkəmə qərarı qüvvəyə minənədək qanunsuz yolla bankın qəbul etmiş olduğu borclar ləğvedici tərəfindən aşkara çıxarıldıqda onların və qərar qəbul edildikdən sonra bankın əldə etmiş olduğu tələblərin və yaratdığı öhdəliklərin əvəzləşdirilməsinə yol verilmir.

Maddə 79. Cari müqavilələrin qüvvəsinə xitam verilməsi

79.1. Müflis bankın mallar göndərilməsinə və ya xidmətlər göstərilməsinə dair bütün cari müqavilələrin, o cümlədən satış, icarə və lizinq, möhlətlə satınalma müqavilələrin qüvvəsinə ləğvedici istənilən vaxt birtərəfli qaydada xitam verə bilər. Bu zaman bankın kreditoru müqavilənin pozulması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsi haqqında bankın müflis olunmasına dair qərar çıxarmış məhkəməyə iddia verə bilər.

79.2. Ləğvedici istənilən vaxt qanunvericilikdə müəyyən edilmiş qaydada bankın işçilərinin bankla bağladıqları əmək müqavilələrinə xitam verə bilər.

Maddə 80. Mübahisələrin danışıqlar yolu ilə həlli

Məhkəmənin qabaqcadan razılığını aldıqdan sonra bankın ləğvedicisi tələblərin nizama salınması məqsədi ilə bankın istənilən kreditoru və ya borclusu ilə danışıqlara başlaya bilər. Bu cür nizamasalmanın nəticələrinə etiraz edilə və ya bunlardan şikayət verilə bilməz.

Maddə 81. Girovla təmin edilmiş tələblər

81.1. Aşağıdakı hallar istisna olmaqla, kreditorların banka qarşı təsdiqlənmiş tələblərinin təminatı və bankın öz tələblərinin təminatı olan bütün aktivlər ləğvedici tərəfindən açıq hərracda satılır:

81.1.1. qısa müddətdə bazarda satıla bilən qiymətli kağızların, xarici valyutanın və digər aktivlərin həmin aktiv növləri ilə ticarətin həyata keçirildiyi bazarlarda ləğvedici tərəfindən satılmasına yol verilir;

81.1.2. bankın borclarının təminatı olan və qısa müddətdə bazarda satıla bilən qiymətli kağızların, xarici valyutanın və bankın digər aktivlərinin həmin aktivləri öz sərəncamında saxlayan kreditorlar tərəfindən bu aktiv növləri ilə ticarətin həyata keçirildiyi bazarlarda satılmasına yol verilir.

81.2. Ləğvedici bu Qanunun 81.1-ci maddəsində nəzərdə tutulmuş aktivlərin açıq hərracda qənaətbəxş qiymətlə sata bilməyəcəyini müəyyənləşdirərsə, məhkəmə ona aktivləri məhkəmənin təsdiq etdiyi qiymətə digər üsullarla satmağa icazə verə bilər.

81.3. Bu Qanunun 81.1.2-ci maddəsində göstərilməyən aktivlər ləğvedicinin sorğusundan sonra kreditor tərəfindən dərhal ləğvedicinin sərəncamına verilməlidir.

81.4. Təminatlı kreditorların tələbləri növbədənkənar qaydada təminatın satılmasından əldə edilən vəsait hesabına ödənilir. Təminat kreditorların tələbini tam ödəmədikdə, ödənilməmiş məbləğ təminatsız kreditor tələbi kimi bu Qanunun 82-cı maddəsində göstərilmiş növbəliliklə ödənilir.

Maddə 82. Ödənişlərin növbəliyi

82.1. Müflis elan olunmuş bankın aktivləri onun kreditorları arasında aşağıdakı növbəlik qaydasında bölüşdürülür:

82.1.1. fiziki şəxslərin borc qiymətli kağızları formasında olan əmanətləri istisna olmaqla, fiziki şəxsin 10 milyon manatadək əmanəti üzrə tələbi;

82.1.2. fiziki şəxslərin əmanətlərinin sığortalanması Fondunun reqres hüququ üzrə tələblər;

82.1.3. iflas prosedurunun həyata keçirilməsi ilə bağlı müvəqqəti inzibatçının və ləğvedicinin çəkdiyi bütün məsrəflər və xərclər, o cümlədən onların əmək haqqı, məhkəmə xərcləri və ləğvedicinin bankın ləğvetmə tədbirlərinin həyata keçirilməsi ilə bağlı qəbul etdiyi öhdəliklər;

82.1.4. iş vaxtı baş vermiş bədən xəsarəti və ya ölüm halları ilə əlaqədar bank işçilərinin tələbləri;

82.1.5. bankın müflis elan olunmasına dair məhkəmə qərarının qəbul edildiyi tarixdən əvvəlki altı aydan çox olmayan dövr üçün ödənilməli pensiyaların, müavinətlərin, əmək haqlarının verilməsi haqqında bankın işçilərinin və keçmiş işçilərinin tələbləri;

82.1.6. müvəqqəti inzibatçının idarəetmə və maliyyə sağlamlaşdırması prosedurları ilə əlaqədar bankın öhdəlikləri;

82.1.7. bankın müflis elan olunmasına dair qərarın qəbul edildiyi tarixdən əvvəlki bir ildən çox olmayan müddət üçün büdcəyə məcburi ödənişlər üzrə vergilər və məcburi dövlət sosial sığortası üzrə ödənilməli məbləğlər;

82.1.8. təminatsız kreditorların tələbləri;

82.2. Qalan aktivlər bankın səhmdarlarına onların paylarına mütənasib surətdə qanunvericiliyə uyğun qaydada ödənilir.

Maddə 83. Ləğv planı

83.1. Bankın müflis elan olunmasına dair məhkəmə qərarının qəbul edildiyi tarixdən ən geci 120 təqvim günü ərzində ləğvedici bankın ləğvinə dair müfəssəl planı hazırlayıb təsdiq olunması üçün məhkəməyə müraciət edir:

83.1.1. bankın aktivlərini və passivlərini onların ehtimal edilən ləğv dəyəri ilə göstərən cari maliyyə hesabatı, cari tarixdən sonrakı üç ay üçün bankın ehtimal edilən maliyyə hesabatı. Balansın passivində kreditorlardan qəbul edilmiş tələblər, o cümlədən etiraz edilmiş tələblər göstərilir;

83.1.2. bankın keçmiş və proqnozlaşdırılan gəlirləri və xərcləri haqqında rüblük hesabatlar;

83.1.3. bankın əsas vəsaitlərinin və digər aktivlərinin satışı üzrə görülmüş işlər haqqında və satış planları haqqında hesabat;

83.1.4. bankın tələblərinin ödənilməsinə yönəldilən məhkəmə və məhkəmədənkənar hərəkətlər haqqında hesabat, o cümlədən qanunsuz sazişlərin və köçürmələrin, habelə bu cür sazişlər və köçürmələr nəticəsində yaranmış hüquqların ləğvi üzrə hərəkətlər;

83.1.5. bankın inzibatçılarının qanunsuz hərəkətləri və bankın xeyrinə kompensasiya alınmasına yönəldilmiş hərəkətlər haqqında hesabat;

83.1.6. sığorta, şəxsi muzd müqavilələri və banka xidmət müqavilələri kimi cari kontraktların qüvvəsinin davam etdirilməsi və ya qüvvəsinə xitam verilməsi haqqında hesabat, o cümlədən bank işçilərinin maliyyə təminatının müfəssəl təhlili;

83.1.7. bankın öhdəlikləri haqqında hesabat və növbəti rüb ərzində bankın kreditorlarına nəzərdə tutulan ödənişlərin cədvəli;

83.1.8. ləğvetməyə çəkilmiş və gələcək məsrəflər və xərclər haqqında hesabat.

83.2. Ləğv planı hər rüb təzələnir. Məhkəmə tərəfindən təsdiq edildikdən sonra ləğv planı bank sirri məlumatları istisna olmaqla, tanışlıq üçün tələbləri bu Qanunun 77-cü maddəsinə uyğun hazırlanan təsdiqli tələblər siyahısına daxil edilmiş bank kreditorlarına təqdim edilə bilər.

Maddə 84. Müflis bankların maliyyə sağlamlaşdırılması

Bu Qanunun 57-ci maddəsi ilə nəzərdə tutulmuş hallar istisna olmaqla, müflis bank tamamilə və ya qismən maliyyə sağlamlaşdırılması proseduruna cəlb oluna bilməz.

Maddə 85. Kreditorlar ilə barışıq sazişinin yolverilməzliyi

Bank və kreditorlar arasında bankın fəaliyyətinin bərpasına yönəldilən barışıq sazişlərinin və ya başqa razılaşmaların bağlanmasına yol verilmir.

Maddə 86. Kreditorların ümumi yığıncağı və komitəsi

86.1. Kreditorların müflis bankın ləğvi ilə əlaqədar ümumi yığıncağı yalnız o halda keçirilə bilər ki, ləğvedicinin Milli Bank tərəfindən dəstəklənmiş sorğusu üzrə məhkəmə belə yığıncağın keçirilməsinin bankın səmərəli ləğvi üçün lüzumlu olduğu barədə qərar qəbul etsin.

86.2. Müflis bankın ləğvi məsələləri üzrə kreditorlar komitəsi yalnız o halda yaradıla bilər ki, ləğvedicinin Milli Bank tərəfindən dəstəklənmiş sorğusu üzrə məhkəmə belə komitənin yaradılmasını kreditor qruplarının mühüm mənafelərinin təmsil və müdafiə edilməsi üçün lüzumlu olduğu barədə qərar qəbul etsin.

86.3. Kreditorların ümumi yığıncağının keçirilməsinə və ya kreditorlar komitəsinin yaradılmasına icazə verən məhkəmə qərarlarında yığıncağın və ya komitənin vəzifələri və səlahiyyət dairəsi müəyyənləşdirilir.

Maddə 87. Tələblərin ödənilməsi

87.1. Bu Qanunun 82-ci maddəsinə uyğun olaraq təsdiq edilmiş tələblər ödəniş növbəliyinə müvafiq surətdə təsnifləşdirilərək kateqoriyalar üzrə birləşdirilir və bölgü cədvəlinə daxil edilir. Hər kateqoriya üzrə tələblər əvvəlki növbənin tələbləri tam ödənildikdən sonra ödənilir. Növbə daxilində tələblərin ödənilməsinə vəsait çatışmadıqda ödənişlər tələblərə proporsional faizlə bölüşdürülür.

87.2. Tələbləri təsdiq edilmiş və bölgü cədvəlinə daxil edilmiş bank kreditorlarına ödənişlərin aparılması qrafiki ləğvedici tərəfindən məhkəməyə təsdiq olunmaq üçün təqdim edilir.

87.3. Məhkəmə tərəfindən təsdiq edilmiş ödənişlərin aparılması qrafiki qətidir və ondan şikayət verilə bilməz.

87.4. Ödənişlərin aparılması qrafiki məhkəmə tərəfindən təsdiq edildikdən sonra ləğvedici dərhal həmin qrafikdə nəzərdə tutulan ödənişləri icra edir. Ödənişlərin aparılması qrafikinə daxil edilmiş məbləğləri kreditorlara ödəmək üçün onlarla əlaqə yaratmaq mümkün olmadığı halda ödənilməmiş məbləğlər Milli Bankda xüsusi hesabda depozitə qoyulur. Ləğvedici kütləvi informasiya vasitələrində bildiriş dərc etdirərək göstərilən kreditorlara vəsaiti almaq üçün müraciət etməyi təklif edir. Bu qaydada depozitə qoyulmuş vəsait göstərilən kreditorlar və ya onların hüquq varisləri tərəfindən həmin tələblər üzrə iddia müddəti bitənədək alına bilər. Iddia müddəti bitdikdən sonra ödənilməmiş məbləğlər dövlət büdcəsinə köçürülür.

Maddə 88. Xarici bankın yerli filialı barəsində iflas proseduru

88.1. Xarici bankın yerli filialı barəsində iflas proseduruna aşağıdakı hallardan hər hansı biri olduqda başlanıla bilər:

88.1.1. bu Qanunun 61-cı maddəsində göstərilmiş əsaslardan hər hansı biri müəyyən edildikdə;

88.1.2. xarici bankın yerləşdiyi ölkədə onun barəsində iflas proseduruna başlanıldıqda. Bu zaman iflas proseduruna Milli Bankın ərizəsi üzrə başlanır.

88.2. Bu fəslin müddəalarının məqsədləri üçün xarici bankın hər hansı yerli filialı Azərbaycan Respublikasında fəaliyyəti nəticəsində əmələ gələn, yaxud bu və ya digər şəkildə onunla bağlı olan aktivləri və passivləri də daxil olmaqla xarici bankın törəmə bankı kimi qəbul edilir, o şərtlə ki, bundan asılı olmayaraq xarici bank yerli filialının öhdəlikləri üçün tam məsuliyyət daşıyır.

88.3. Xarici bankın yerli filialı barəsində iflas proseduruna başlanılmasına dair məhkəmə qərarının təqdim edildiyi andan xarici bankın yerli filialının Azərbaycan Respublikasında göstərdiyi bütün fəaliyyət növlərinə xitam verilir. Bu zaman filiala təyin edilmiş ləğvedicinin qabaqcadan yazılı icazəsi ilə göstərilən fəaliyyət növləri istisna təşkil edir.

88.4. Müflis elan olunmuş xarici bankın yerli filialı barəsində bu Qanunun 78-ci maddəsi yalnız xarici bankın Azərbaycan Respublikasında fəaliyyəti nəticəsində əmələ gələn, yaxud bu və ya digər şəkildə onunla bağlı olan öhdəliklərin əvəzləşdirilməsi və saldosunun çıxarılması hallarında tətbiq edilir.

88.5. Azərbaycan Respublikasında filialı olan xarici bankın iflası haqqında işə başlanıldıqda onun yerli filialının aktivlərindən ilk növbədə yerli filialın Azərbaycan Respublikası ərazisində bank fəaliyyəti nəticəsində əmələ gələn öhdəliklərinin ödənilməsi üçün istifadə edilir.

88.6. Xarici bankın yerli filialı barəsində Azərbaycan Respublikasında başlanılmış iflas proseduru filialın kreditorlarının öz tələblərinin ödənilməsi məqsədi ilə həmin tələblərin bankın xaricdəki aktivlərinə yönəltmək hüququnu məhdudlaşdırmır.

Maddə 89.Transmilli bankın ödəniş qabiliyyətinin olmaması

89.1. Birdən çox ölkədə filial şəbəkəsi ilə fəaliyyət göstərən müflis olmuş bankın aktivlərindən yerli və xarici kreditorların bərabər istifadəsini təmin etmək üçün:

89.1.1. yerli müflis bankın başqa ölkədə filialları və nümayəndəlikləri olduqda, Milli Bank həmin ölkənin bank tənzimlənməsi və nəzarəti orqanları ilə mümkün olduğu qədər əməkdaşlıq edir;

89.1.2. yerli müflis bankın kreditoru öz tələblərini başqa ölkədə bankın filialından qismən almışdırsa, kreditorun tələbləri üzrə ödənilməmiş qalıq müflis elan olunmuş banka təqdim edilə bilər;

89.1.3. məhkəmə bankın müflis elan olunmasına dair xaricdə qəbul edilmiş qərarı və xarici bankların aktivlərinin qorunması və maliyyə sağlamlaşdırılması üçün xaricdə görülmüş tədbirlərin onların Azərbaycan Respublikasındakı filiallarına nə dərəcədə aid olmasını müəyyən edir;

89.1.4. xarici bank yerləşdiyi ölkədə ləğv prosesində olduqda, Milli Bank xarici bankın yerli filialının Azərbaycan Respublikası ərazisində olan kreditorlarının mənafelərinə uyğunluğu baxımından aktivlərin köçürülməsini və ya verilməsini məqbul sayarsa, həmin aktivlərin xarici ölkədəki ləğvediciyə köçürülməsinə və ya verilməsinə dair qərar çıxarılması üçün məhkəməyə müraciət edir.

Maddə 90. Müflisləşmə ilə əlaqədar Milli Bankln məhkəmə prosesində

iştirakı

Bankın müflis elan olunması və ya müflis elan olunmuş bankla əlaqədar işə baxarkən birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinə müvafiq olaraq həmin məsələyə dair Milli Bankın rəyini alır.

Maddə 91. İflas prosedurunun başa çatması

91.1. Ləğvedici bankın ləğvini başa çatdırdıqdan və müvafiq hesabatı məhkəməyə təqdim etdikdən sonra o, məhkəmənin qərarı ilə öz vəzifələrindən azad edilir. Həmin qərarda məhkəmə bankın mühasibat və digər sənədlərinin qanunvericiliyə müvafiq qaydada Dövlət Arxivinə təhvil verilməsi barədə göstəriş verir.

91.2. Bankın aktivlərinin satışından əldə edilən vəsait bankın kreditorlarına ödənildikdə və ya bu Qanunun 87.4-cü maddəsinə müvafiq surətdə Milli Bankda depozitə qoyulduqda bank barəsində iflas proseduru məhkəmənin qərarı ilə başa çatmış hesab edilir.

91.3. Bank barəsində iflas prosedurunun başa çatmasına dair məhkəmənin qərarı məhkəmə tərəfindən Milli Banka və dövlət qeydiyyatı orqanına göndərilir, habelə kütləvi informasiya vasitələrində dərc edilir. Ləğv olunmuş bank hüquqi şəxslərin dövlət qeydiyyat reyestrindən çıxarılır.

XI FƏSİL

KEÇİD VƏ YEKUN MÜDDƏALARI

Maddə 92. Məhkəmə iddiasından müdafiə

Milli Bankın İdarə Heyətinin üzvləri və ya onun vəzifəli şəxsləri, əməkdaşları, habelə bu Qanuna uyğun təyin edilmiş müvəqqəti inzibatçılar və ləğvedicilər bu Qanunla müəyyən edilmiş tənzimləmə, nəzarət və ləğvetmə funksiyalarını və vəzifələrini həyata keçirərkən hər hansı hərəkəti və ya hərəkətsizliyi nəticəsində yaranmış zərər üçün məsuliyyət daşımır, bu şərtlə ki, həmin hərəkətin və ya hərəkətsizliyin qanunsuz əməllərin və ya vicdansız hərəkətlərin nəticəsi olduğu sübut edilməsin.

Maddə 93. Keçid müddəaları

93.1. Bu Qanun qüvvəyə mindiyi tarixdən bir il ərzində fəaliyyətdə olan banklar aşağıdakı tələblərin yerinə yetirməsini təmin etməlidirlər:

93.1.1. məhdud məsuliyyətli cəmiyyət formasında fəaliyyət göstərən banklar bu Qanunun 19-cu maddəsinin tələblərinə uyğun olaraq səhmdar cəmiyyəti formasında yenidən təşkil edilməlidir;

93.1.2. bankların digər hüquqi şəxslərdə bu Qanunun 33-cü maddəsi ilə qadağan edilmiş fəaliyyəti ilə bağlı iştirakı ləğv edilməlidir.

93.2. Bu Qanunun qüvvəyə mindiyi tarixədək dövlət qeydiyyatından keçmiş xarici bankların yerli nümayəndəlikləri bir il ərzində Milli Bankda aparılan mərkəzi reyestrdə qeydə alınmalı və bu Qanunun V fəslinə uyğun olaraq hesabat sənədlərini Milli Banka təqdim etməlidirlər.

Maddə 94. Yekun müddəaları

94.1. Bu Qanunda birbaşa göstərilən hallarla yanaşı, Qanunun IV, VI, VII, IX, X fəsilləri də eynilə xarici bankların yerli filiallarına şamil edilir.

94.2. Bu Qanun dərc oldunduğu gündən qüvvəyə minir.

94.3. Bu Qanunun qüvvəyə minməsi ilə əlaqədar 1996-cı il 14 iyun tarixli “Azərbaycan Respublikasında banklar və bank fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunu və 1995-ci il 19 yanvar tarixli “Bank sirrinin qorunması Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin qərarı qüvvədən düşmüş hesab edilir.

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 16 yanvar 2004-cü il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin