ELM VƏ TƏHSİL
BANM-də “Bərpa olunan enerji: çağırışlar və perspektivlər” mövzusunda seminar
Bakı, 4 iyul, AZƏRTAC
Bakı Ali Neft Məktəbində (BANM) bərpa olunan enerji mühəndisliyi sahəsində müasir biliklərin yayılması və mütəxəssislər arasında informasiya mübadiləsinin təşkili məqsədilə yaradılan və daimi fəaliyyət göstərən “Bərpa olunan enerji: çağırışlar və perspektivlər” mövzusunda seminar keçirilir.
BANM-dən AZƏRTAC-a bildiriblər ki, seminar bu ali məktəbin nəzdindəki bərpa olunan enerji mühəndisliyi üzrə tədris və tədqiqat mərkəzi ilə sıx əlaqədə fəaliyyət göstərəcək, Azərbaycandakı və xaricdəki müvafiq profilli elm, təhsil və istehsalat müəssisələrinin mütəxəssislərini bir araya gətirən platforma rolunu oynayacaq.
Seminarın ilk iclasında Azərbaycan Milli Elmlər Akademiyası Radiasiya Problemləri İnstitutunun şöbə müdiri, professor Rəhim Mədətovun “Laylı yarımkeçirici monokristalların alınması, elektrofiziki, fotoelektrik və optik xassələrinin tədqiqi və onların tətbiq imkanlarının araşdırılması” və digər mövzularda məruzələr dinlənilib.
Tədbirdə mütəxəssislərin təklifləri və təqdim edəcəkləri məruzələrin mövzuları nəzərə alınacaq, təqdim edilən və müzakirəyə çıxarılan məsələlər ətrafında sərbəst və açıq diskussiya aparılması üçün hər cür şərait yaradılacaq.
İclaslarda bərpa olunan enerji mənbələrindən istifadənin qanunvericilik əsaslarından başlayaraq, dünya təcrübəsi, Azərbaycan reallıqları, bu mənbələrdən istifadə üçün texnika, texnologiya, materiallar, proqram təminatı, ekoloji və iqtisadi aspektlər kimi məsələlər müzakirə olunacaq. Həmçinin müasir enerji qoruyucu texnologiyaların təbliğinə xüsusi diqqət yetiriləcək.
Təşkilatçılar seminarın işində profilli strukturların və ayrı-ayrı mütəxəssislərin geniş iştirakında maraqlıdırlar.
Seminarın iclaslarında məruzəçi və ya dinləyici kimi iştirak etmək istəyənlər özləri haqqında tam məlumatları (soyadı, adı, atasının adı, təhsili, elmi adı, elmi dərəcəsi, işlədiyi təşkilat, tutduğu vəzifə, hansı statusda seminarın işinə qoşulmaq istəyi, seminarın iclaslarının onun üçün məqbul olan vaxtı, elektron poçt ünvanı, iş və mobil telefon nömrələri) [email protected] elektron poçt ünvanına göndərə bilərlər.