MƏDƏNİYYƏT
BAŞ ROLDA NƏSİBƏ ZEYNALOVA ÇƏKİLMİŞDİR
Martın 29-da Azərbaycan Kinematoqrafçılar İttifaqında “Yuxu” bədii filminə baxış olmuşdur. Filmi “Vahid” və “Azərbaycanfilm” kinostudiyalarında quruluşçu rejissor Fikrət Əliyev çəkmişdir. Filmdə baş rolu görkəmli aktrisa, xalq artisti Nəsibə Zeynalova oynayır. Bakıda toplaşanlar sevimli sənətkarı alqışlarla qarşılamışlar.
Filmdə xalq artistləri Siyavuş Aslan, Yaşar Nuri, Zərnigar Ağakişiyeva, habelə Kübra Dadaşova, Qorxmaz Əlili, Ayan Mirqasımova, Nuriyyə Əhmədova, Gündüz Abbasov, İlham Qasımov və başqaları da çəkilmişlər. Filmin ssenari müəllifi Qasım Səfəroğludur, musiqisini isə bəstəkar Azər Dadaşov yazmışdır.
Filmin rejissoru Fikrət Əliyev AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, filmin çəkilişinə hələ 1992-ci ildə başlanmış, lakin o, 2001-ci ildə başa çatdırılmışdır. Komediya janrında çəkilmiş filmin ilk tamaşası aprelin 6-da Respublika sarayında olacaqdır.