ELM VƏ TƏHSİL
BDU: 14-cü Beynəlxalq Astronomiya və Astrofizika olimpiadasına hazırlıq dərsləri davam edir
Bakı, 27 oktyabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrası noyabr ayında Kolumbiyanın paytaxtı Boqotada keçiriləcək 14-cü Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında ölkəmizi təmsil edəcək iştirakçıların hazırlanması məqsədilə hazırlıq dərsləri keçirir.
BDU-dan AZƏRTAC-a bildiriblər ki, hazırlıq dərslərinin təşkil olunmasında məqsəd istedadlı şagirdlərin aşkar edilməsi, Azərbaycan məktəblilərinin beynəlxalq fənn olimpiadalarında nailiyyətlərinin artırılması, ölkədə olimpiada hərəkatının genişlənməsinə töhfə verməkdir. Məktəblilər öz təhsil müəssisələrində dərslərinə davam etməklə yanaşı, həftədə bir neçə dəfə xüsusi hazırlıq məşğələlərində iştirak edirlər. Olimpiadaya hazırlıq dərslərində şagirdlərin nəzəri biliklərlə yanaşı, praktiki bilik və bacarıqları artırılır.
Hazırlıq dərsləri BDU, Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi, Təhsil İnstitutunun birgə təşkilatçılığı və Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsinin maliyyə dəstəyi ilə keçirilir. Dərslərdə ölkəmizi bu yarışda təmsil edəcək, iki mərhələdən ibarət müsabiqədə seçilmiş 9-11 sinif şagirdləri iştirak edirlər.
Qeyd edək ki, ölkəmiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına 2007-ci ildən sonra ilk dəfə ötən tədris ilində qatılıb və iştirakçılar həvəsləndirici diplom və sertifikatlara layiq görülüb.
Respublika üzrə keçirilən seçim turu fəlsəfə, məntiq, astronomiya, tibb və s. elmlərə dərindən nüfuz etmiş dahi Nizami Gəncəvinin 880 illiyinə həsr olunub.