ELM VƏ TƏHSİL


BDU: Mexanika-riyaziyyat fakültəsində üç ixtisas üzrə mütəxəssis hazırlanır

Bakı, 17 avqust, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat fakültəsində laboratoriyalar müasir avadanlıqlarla təchiz olunub. Fakültədə 9 kafedra və 6 tədris laboratoriyası fəaliyyət göstərir.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, bakalavriat pilləsində tələbələr II kursdan etibarən elmi-tədqiqat işlərinə cəlb olunurlar.

Fakültədə Riyazi analiz, Cəbr və həndəsə, Diferensial və inteqral tənliklər, Funksiyalar nəzəriyyəsi və funksional analiz, İdarəetmə nəzəriyyəsinin riyazi üsulları, Hesablama riyaziyyatı, Riyaziyyat və onun tədrisi metodikası, Nəzəri mexanika və bütöv mühit mexanikası, Ali riyaziyyat kafedraları fəaliyyət göstərir. Müxtəlif elmi istiqamətlər üzrə həmin kafedralarda elmi-tədqiqat işləri aparılır.

Bakalavriat səviyyəsində 3 ixtisas üzrə - riyaziyyat, riyaziyyat müəllimliyi və mexanika ixtisasları üzrə mütəxəssis hazırlığı həyata keçirilir.

Riyaziyyat ixtisası üzrə məzunlar fundamental bilik və bacarıqlar qazanmaqla riyaziyyat profilli elmi-tədqiqat institutlarında, ali məktəblərdə, bank sektorunda, sənaye və emal müəssisələrində, yüksək dəqiqlik tələb edən laboratoriyalarda, zavod və fabriklərdə proqramçı mütəxəssis və s. kimi işləyə bilərlər.

Riyaziyyat müəllimliyi ixtisası üzrə məzunlar ümumi orta təhsil müəssisələrində (məktəblər, liseylər və gimnaziyalar) yüksək peşəkarlıqla tədris apara bilərlər.

Mexanika ixtisasının məzunları universitetlərdə, elmi-tədqiqat institutları və laboratoriyalarda, texnoparklarda, müdafiə sənayesi müəssisələrində, fabrik və zavodlarda, emal və sənaye müəssisələrində, inşaat sektorunu və telekomnikasiya sistemlərini əhatə edən müəssisələrdə, neft şirkətlərində və s. işləyə bilərlər.

Fakültədə tədris Azərbaycan, rus və ingilis dillərində aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.