ELM VƏ TƏHSİL
BDU-da İslam Dünya Elmi İstinad Mərkəzinin türkdilli ölkələr üzrə filialı açılacaqdır
Bakı, 23 noyabr (AZƏRTAC). Noyabrın 23-də Bakı Dövlət Universitetinin (BDU) rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov İslam Dünya Elmi İstinad Mərkəzinin (İDEİM) prezidenti, İran İslam Respublikasının Elm və Texnologiya Regional İnformasiya Mərkəzinin rəhbəri, Şiraz Universitetinin Sosial elmlər fakültəsinin kitabxana və informasiya elmləri üzrə professoru Cəfər Mehradı ilə görüşmüşdür.
BDU-nun Mətbuat və informasiya şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, görüşdə professor C.Mehradı İslam Dünya Elmi İstinad Mərkəzinin türkdilli ölkələr (Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan) üzrə filialının məhz Bakı Dövlət Universitetində yaradılması təklifini irəli sürmüşdür. O, yaradılacaq filiala İranın Şiraz şəhərində yerləşən İDEİM-in hər cür dəstək göstərəcəyini bildirmişdir.
Akademik A.Məhərrəmov BDU-da qeyd olunan mərkəzin yaradılması üçün universitetin əməkdaşlığa maraqlı olduğunu vurğulamışdır.
Sonra İslam Dünya Elmi İstinad Mərkəzinin türkdilli ölkələr üzrə filialının Bakı Dövlət Universitetində yaradılmasına dair niyyət sazişi imzalanmışdır.
İslam Dünyası Elmi İstinad Mərkəzinin yaradılması təklifi 2008-ci ildə Azərbaycanda keçirilən İslam Konfransı ölkələrinin Elm və təhsil nazirlərinin 4-cü konfransında irəli sürülmüşdür. Bu mərkəzin yaradılmasını İran islam Respublikasının Elm, Tədqiqat və Texnologiya Nazirliyi öz üzərinə götürmüş və mərkəz Şiraz şəhərində nazirliyin büdcəsi hesabına təsis olunmuşdur.