ELM VƏ TƏHSİL
BDU-da “Koronaviruslar: onların genomu, həmçinin əsas zülallarının quruluşu və funksiyası” mövzusunda onlayn ustad dərsi keçirilib
Bakı, 22 may, AZƏRTAC
Mayın 22-də Koreya Respublikasının Pusan Milli Universitetinin tədqiqatçı-professoru, Azərbaycan Milli Elmlər Akademiyasının Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Beynəlxalq Proteomiks laboratoriyasının müdiri İsmayıl Zülfüqarov BDU-nun tələbələri üçün “Koronaviruslar: onların genomu, həmçinin əsas zülallarının quruluşu və funksiyası” mövzusunda onlayn ustad dərsini keçib.
BDU-dan AZƏRTAC-a bildirilib ki, moderator, Biologiya fakültəsinin dekan müavini Səbinə Ömərova onlayn dərsin keçirilmə məqsədi ilə bağlı məlumat verib. Onlayn ustad dərsi verən professor İsmayıl Zülfüqarov COVID-19 infeksiyasının molekulyar diaqnostikası və müalicə üsulları, virusun genomu, quruluşu, mənşəyi, xəstəlik əlamətləri, koronavirusların replikasiyası və molekulyar divergensiyası, DNT-genomlu viruslar, RNT- genomlu viruslar, koronavirusların MERS və SARS növləri barəsində təqdimatla çıxış edib.
Qeyd edilib ki, Microsoft Teams platforması üzərindən təşkil olunmuş dərs iştirakçıların marağına səbəb olub. Ustad dərsi sualların cavablandırılması ilə yekunlaşıb.