ELM VƏ TƏHSİL
BDU-da onlayn seminar: canlı sistemlərdə stres zamanı yaranan maqnit xassələri və onların biotibdə tətbiqi
Bakı, 15 iyul, AZƏRTAC
İyulun 15-də Bakı Dövlət Universitetində (BDU) Biologiya fakültəsinin təşkilatçılığı ilə “Canlı sistemlərdə stres zamanı yaranan maqnit xassələri və onların biotibdə tətbiqi” mövzusunda onlayn elmi seminar keçirilib.
BDU-dan AZƏRTAC-a bildirilib ki, seminarda universitetin Elmi fəaliyyətin təşkili və innovasiyalar mərkəzinin direktoru Məmməd Rəcəbov sürətlə inkişaf edən dünyada informasiya-kommunikasiya texnologiyalarının üstünlükləri sayəsində onlayn platformada yeni bilik, təcrübə və imkanlar qazanmağın əhəmiyyətindən danışıb.
Tədbirin moderatoru, Biologiya fakültəsinin dekan müavini Səbinə Ömərova keçirilən distant seminarların, ustad dərslərinin elmi-tədqiqat işlərinin onlayn formada davam etməsinə mühüm töhfə verdiyini bildirib.
Sonra Biologiya fakültəsinin professoru Rövşən Xəlilov “Canlı sistemlərdə stres zamanı yaranan maqnit xassələri və onların biotibdə tətbiqi” mövzusunda təqdimatla çıxış edib. Təqdimatda canlı və cansız təbiətdə rast gəlinən nanohissəciklər, stres amili və onun yaranma səbəbləri, ekosistem anlayışı, Abşeron yarımadasının bitki növlərində aparılan təcrübələr və əldə olunan nəticələr, fototənəffüs, EPR siqnalları, maqnit nanohissəciklər, dünyada bu istiqamətdə aparılan elmi tədqiqatlar haqqında ətraflı məlumat verilib.
“Microsoft Teams” platforması üzərindən təşkil olunmuş elmi seminar çoxsaylı sualların cavablandırılması ilə yekunlaşıb.