ELM VƏ TƏHSİL
BDU-da tələbələrin növbəti elmi seminarı keçirilib
Bakı, 7 dekabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) tələbə həmkarlar ittifaqı komitəsi “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının tələbinə uyğun olaraq növbəti tədbirini reallaşdırıb.
BDU-dan AZƏRTAC-a bildirilib ki, “BMT-nin dayanıqlı inkişaf məqsədlərinə çatmaqda tələbələrin rolu” mövzusunda keçirilən elmi seminar “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət proqramının 2.1.23 ( gənclərin asudə vaxtlarının səmərəli təşkili) 2.1.17 ( gənclərin ekologiya və ətraf mühitlə bağlı biliklərinin artırılması) bəndlərinin icrası ilə bağlı olub. Tədbirdə tələbə həmkarlar ittifaqı komitəsinin sədri, dosent Daşqın Qənbərov BMT-nin dayanıqlı inkişaf məqsədləri haqqında məlumat verərək bu hədəflərə çatmaqda gənc nəslin, xüsusilə tələbələrin rolunun böyük olduğunu vurğulayıb. D.Qənbərov respublikamızda müvafiq dövlət və qeyri hökumət təşkilatlarının “BMT-nin dayanıqlı inkişaf məqsədləri” proqramının təmin olunması istiqamətində gördüyü işlərdən bəhs edib. O, bu istiqamətdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi IDEA təşkilatının rolunu xüsusi qeyd edib.
Tədbirdə tələbələrin “Hər yerdə yoxsulluğun bütün formalarına son qoymaq”, “BMT-nin inklüziv və dayanıqlı iqtisadi artımı, hamı üçün məşğulluğu və layiqli əməyi təşkil etmək”, “Hamının sərfəli, etibarlı, dayanıqlı və müasir enerji mənbələrinə çıxışını təmin etmək”, “Meşələri dayanıqlı şəkildə idarə etmək, səhralaşmaya qarşı mübarizə aparmaq, torpaqların deqradasiyasına son qoyaraq onları bərpa etmək üçün tədbirlər görmək və bioloji müxtəlifliyin itirilməsinin qarşısını almaq”, “Hər kəs üçün inklüziv və keyfiyyətli təhsili təmin etmək və ömürboyu təhsili təşviq etmək” mövzularında məruzələri dinlənilib.