ELM VƏ TƏHSİL
BDU-nun Biologiya fakültəsinin tələbələri “AZecolab Company” şirkətində təcrübə keçirlər
Bakı, 29 iyul, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin III kurs tələbələri Sevinc Allahverdiyeva və Elşən Əliyev “AZecolab Company” şirkətində yay təlim-təcrübə proqramında iştirak edirlər.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
BDU ilə “AZecolab Company” şirkəti arasında imzalanmış ikitərəfli sazişlər çərçivəsində tələbələrin mütəmadi olaraq tədqiqat və təcrübi işlərə cəlb edilməsi əsas prioritet istiqamət sayılır. Qeyd olunan istehsalat təcrübəsi zamanı tələbələrə mikrobiologiya və ekotoksikologiya sahəsində təcrübi vərdişlər aşılanır, bu sahələr üzrə tədris təşkil edilir. Təcrübə proqramı dövründə tələbələr yeni avadanlıqlardan istifadə edərək müasir metodların tətbiqi ilə ekspres testlərlə analizlər aparırlar. Müəssisənin mütəxəssisləri tələbələri gündəlik texniki-təhlükəsizlik qaydaları və ekoloji monitorinqlərin aparılması barədə təlimatlandırır.
Təcrübə proqramının 2 ay müddətində davam etdirilməsi nəzərdə tutulur.